Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə tədbiri açaraq şanlı qələbənin əldə olunmasında xalq, lider, ordu birliyinin sarsılmazlığını diqqətə çatdırdı. Vətən uğrunda canından keçən övladlarımızın qəhrəmanlığının hər bir vətəndaş üçün and yeri və örnək olduğunu vurğuladı. Qələbədən keçən bir il ərzində işğaldan azad olunmuş torpaqlarımızıda aparılan quruculuq və bərpa işlərinin, o cümlədən şəhidlərimizə və qazilərimizə göstərilən diqqət və qayğıya dair dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin geniş vüsət almasını təhlil etdi. Qələbənin və Zəfər səlnaməsinin mahiyyətində dayanan siyasi liderin iradəsi və müdrik siyasətin fəlsəfəsini şərh etdi.
Sonra YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Azərbaycanı addım- addım qələbələrə yaxınlaşdıran güclü ideologiyanın, müdrik siyasətin və sülh uğrunda mübarizəyə dair konsepsyanın vəhdətindən danışdı. Müzəffər ordumuzun illərlə bu amillərdən güc-qüvvət aldığını diqqətə çatdırdı.
Sonra institut əməkdaşları tərəfindən şəhidlərimizin məzarları ziyarət olundu.

