10.03.2021, 20:19 - Baxış sayı: 731

RƏNGLƏRİN FƏLSƏFƏSİ: təsviri sənət fəlsəfənin təqdimatında


ADİL ƏSƏDOV,
fəlsəfə elmləri doktoru

Təsviri sənətin ən ilkin tarixi təzahürü olan rəsm olmalı olanın, lakin olmayanın ən ibtidai də olsa, ən ilkin təsviri obrazını yaradır. Bu ibtidai obraz isə sonradan yaradılan bütün digər təsviri obrazların əsasını təşkil edir.
Qobustanda qaya rəsmlərinə nəzər salın. Buranın hər yerində ilk növbədə, necə deyərlər, heyvani üslubun təzahürlərini görəcəksiniz. Ovçu həyatının simvolu, ovçu üçün dünyanın ən öncül hadisəsi, dünyanın bəlkə də, mahiyyəti bir qədər qəribə və sadəlövh görünsə də, ov heyvanıdır. Əgər ov heyvanı tükənibsə, deməli, ovçu həyatının sonu da yaxınlaşmaqdadır, dünya onun üçün öz mənasını itirməkdədir, mənasızlaşmaqdadır. Ovçu bir insan olaraq həyatına əsas ola biləcək mahiyyəti göz önündə görmək istəyir, dünyanı bütöv, mahiyyətinə bürünmüş şəkildə görməyi arzu edir, xüsusən, bu mahiyyətin itrilmə təhlükəsi yaranırsa.
Rəsm hər şeydən öncə, əsasən, qrafika nümunəsidir. Onun ən ilkin ifadəçilərindən biri isə qara rənglə haşiyələnən formadır. Burada sanki işıq azadlığının maddiyyatla məhdudlaşdırılmasına bənzər, ulduzların doğuluşunu xatırladan nəsə vardır.
Maddiyyatın inkişafı, necə deyərlər, kimyəvi təkamül ulduzların səthində ləkələri yaratdığı kimi rəsmin də sonrakı tarixi təkamülündə kontur xətlərinin cizgilərlə və ləkələrlə müşayət olunması baş verir. Burada yalnız açıq, sözün geniş mənasında ağ fon üzərində tünd, yenə də sözün geniş mənasında qara rəng vardır.
Ağ və qara rənglərin hər ikisi qarışıq və axromatik rənglərdir. Bunlar ağ və qara rənglər üçün ümumi olan yeganə cəhətlərdir. Ağ və qara rənglərin bütün digər xarakteristikaları isə əksdir.
Ağ rəng işıq bütövlüyünün, nurun ifadəçisi olduğu halda, gündüzün aydınlığını xatırlatdığı halda, qara rəng nurunu, işığını itirmiş zülməti ifadə edir, gecəni və qaranlığı xatırladır.
Ağ rəng işıqlı qüvvələri, Kainatın işıq başlanğıcını, qara rəng isə şər qüvvələri, Kainatın qaranlıq başlanğıcını ifadə edir.
Ağ rəng idealın simvolu olduğu halda, qara rəng ideala bağlılığını itirən reallığın simvoludur. Hər hansı bir hadisəni işıqlı boyalarla təsvir etmək onu ideal baxımından dəyərləndirmək deməkdir. Hadisənin qara boyalarla təsvir edilməsi isə onun mahiyyətə bağlılığını itirən reallıq baxımından qiymətləndirilməsidir.
Ağ rəng şəxsiyyəti, qara rəng kütləni ifadə edir. Heç də təsadüfi deyildir ki, şəxsiyyət sözünün ən ilkin epiteti işıqlı, kütlə sözünün ən ilkin epiteti isə qaradır. Ən qara gündə olan cəmiyyət odur ki, burada heç kəs öz təbii təyinatını gerçəkləşdirmir. Kütlə yalnız şəx-siyyətdə daşınan işığın, nurun əsasında təşkilatlandıqda, necə deyərlər, ağ günə çıxır. Ağ günə çıxmış cəmiyyət odur ki, burada insanlar öz təbii təyinatlarına uyğun fəaliyyətlə məşğuldurlar. Kütlə nümayəndəsi öz tale yolunu, təbii təyinatını yalnız şəxsiyyətdə daşınan nurun işığında görə bilir.
Ağ rəng işığı, qara rəng kölgəni, ağ rəng himayəçini, qara rəng himayəyə möhtac olanı ifadə edir.
Ağ rəng fərəhin, qara rəng isə qəmin ifadəçisidir.
Ağ ən aktiv rəng olduğu halda, qara ən passiv rəngdir. Ağ rəng kəskinliyi, itiliyi və müəyyən mənada sərtliyi, qara rəng isə yumşaqlığı ifadə edir.
Ağ rəng başlanğıcın simvoludur. Gəlinlik paltarı – ailə həyatının başlanğıcı, ümumiyyətlə, yeni bir həyatın yaranışını ifadə edir. Kəfən – axirətin başlanğıcı, qar – «isti cəhənnəm»dən qurtulan suyun yeni həyatının, kristallaşaraq gözəlləşməsinin başlanğıcıdır.
Başlanğıcı ifadə edən ağ rəngdən fərqli olaraq, qara rəng sonu, matəmi ifadə edir.
Ağ rəng işığı, istiliyi dünyaya səpələməyin simvoludur. Qara rəng işığı, istiliyi özündə yığıb saxlamanın rəmzidir. Ağ rəng elə buna görə də, ən soyuq, qara rəng isə ən isti rəngdir. Ağ rəng ürəyiaçıqlılığı, qara rəng isə xəsisliyi simvollaşdırır.
Ağ rəng aydınlığı ifadə etdiyi halda, qara rəng sirri, müəmmanı ifadə edir.
Ağ rəng saflığı, bakirəliyi, xalisliyi, təmizliyi, yüngüllüyü təqdim etdiyi halda, qara rəng qarışıqlığı, çirkabı, ağırlığı təqdim edir.
Ağ rəng Səmanın sonsuzluqlarını və ənginliklərini yada saldığı halda, qara rəng torpağı yada salır.
Ağ rəng yüksəlişin, qara rəng enmənin ifadəçisidir.
Ağ rəng ruhaniliyin, qara rəng maddiyyatın ifadəçisidir.
Rəsmçi öz təxəyyülündə canlandırdığı ideala tünd, sözün geniş mənasında, qara rənglə sanki maddi məzmun verməyə çalışır.
Lakin, bütün bunlarla yanaşı, ağ və qara rənglərlə təqdim olunan təsviri sənətdə bədiilik azdır, ifadəlilik yox dərəcəsindədir. Burada idealın obrazı vardırsa da, bu obraz ifadəli olmadığından hələ ki, sözün tam mənasında bədii obraz statusunu kəsb etməmişdir. Obrazın bədiiləşdirilməsi, zərifləşdirilməsi, ifadəliləşdirilməsi incəsənətin, daha dəqiq və daha konkret deyilsə, təsviri sənətin sonrakı inkişafında baş verir.
İdeal təqdimatının bədiiliyinə ehtiyac gücləndikcə və daha çox hiss edildikcə rəsmdən rəngkarlığa, rəsmçilikdən rəssamlığa keçid baş verir.
Rənglər rəsmi canlandırır, ona işıq çalarları və bununla, müəyyən mənada, həyat verir, onu bədiiləşdirir. Rəngkarlıq (və ya müasir sənətşünaslıqda daha çox işlədilən termindən istifadə edilsə, boyakarlıq) idealı daha bədii, daha obrazlı və daha aydın bir şəkildə təqdim edir.
Yeri gəlmişkən qeyd edim ki, «hadisəyə rəng vermək» onu elə bədiiləşdirmək deməkdir.
Boyakarlıq təsviri sənəti bir peşəyə, sənətə çevirir.
Rəng sanki materiya tərəfindən ədalətsiz olaraq həbs olunan işıq zərrəciklərini materiyanın əsarətindən xilas edir.
Materiya zülmündən azad olan işığın zəif və kövrək də olsa, ilk parıltısı bənövşəyi rəngdir. Lakin bənövşəyi rəngin simvollaşdırdığı azadlıq fərəh doğuran azadlıqdan daha çox, məyusluq doğuran azadlıqdır, müəyyən mənada, şikəst azadlıqdır, müstəqil olaraq parlaq həyat sürə bilənin azadlığı deyil, himayəyə möhtac olanın zorla azadlığa buraxılmasıdır.
Bənövşəyi, elə buna görə də, yeni həyatın ilk kövrək sevincini ifadə etsə də, boynu bükük bənövşənin simvoludur.
Sənətşünaslıqdan bir fakt. Bənövşəyi qarışıq rəngdir, üç xalis rəngdən ikisinin – qırmızının və göyün qarışığıdır. Üçüncü xalis rəng – sarı rəng – bənövşəyidə təmsil olunmamışdır. Bənövşəyi rəng, görünür, elə bu səbəbdən də, bir-birinə daxili ehtiyac hiss edən əksliklərin vəhdətini deyil, daha çox zahiri zərurətin hökmü ilə əlaqələndirilmiş, zorla yanaşı qoyulmuş əksliklərin yanaşılığını ifadə edir.
Bakı gecələrinin romantikasına nəzər yetirirsinizmi?! Parlaq göy rənglə parlaq qırmızı rəng harada yanaşıdırlarsa, orada füsünkar, gözoxşayan bir gözəllik yaradırlar. Qaranlığa bürünmə ərəfəsində olan Moskvanı xatırlayın. Kremlin təzəcə yandırılmış qırmızı ulduzları hələ ki, maviliyini itirməmiş Səmanın fonunda necə də gözəl görünür. Bənövşəyidə isə göy və qırmızı əkslikləri bir-birini tamamlamır, əksinə bir-birini kölgədə qoyur.
Bənövşəyi, qırmızıdan fərqli olaraq soyuq rəngdir. Lakin bənövşəyidə göy üçün səciyyəvi olan soyuqluq varsa da, bənövşəyi göy rəngin ifadə etdiyi mükəmməl azadlığı, azadlıq əzmini ifadə etmir. Bənövşəyi həmçinin, qırmızı rəng üçün səciyyəvi olan cəhətləri də parlaqlığı ilə biruzə vermir, qırmızı rəngin ifadə etdiyi etiraz hissini, üsyan yaşantısını, inqilabi coşqunluğu da ifadə etmir.
Bənövşəyi öz içərisində yaşatdığı əksliklərin hər birindən fərqli olaraq, hər cür əzmkarlıqdan məhrumdur, yazıqlıq ifadəçisidir, həzin bir musiqiyə bənzəyir. Şən, yüngül musiqinin rəngi qırmızı, ciddi, ağır musiqinin rəngi göy, həzin musiqinin rəngi isə, yəqin ki, bənövşəyidir.
Bənövşəyidə çuğlaşan əksliklərdən hər biri – göy də, qırmızı da fəaldır. Lakin göy və qırmızı ayrı-ayrılıqda bir-biri ilə əkslik təşkil etdiklərindən onlar üçün ümumi görünən fəallıq əlaməti də yalnız kontrast cəhətlərlə səciyyələndirilə bilər. Bu kontrast cəhətlər hansılardır?
Göy rəngin fəallığı iş görmək üçün fəallıqdır, yaradıcı azadlığı ifadə edir, həyatın atası hesab edilən Səmanı xatırladır, maskulin, daha dəqiq deyilsə, patriarxal təbiətlidir. Qırmızı rəngin fəallığı isə inqilabçı fəallığıdır, cəmiyyətin, həyatın, dünyanın onun üçün hazırladığı məşğuliyyət növündən, işdən, roldan və funksiyadan imtina edənin fəallığıdır, dağıdıcı azadlığı ifadə edir, odu xatırladır.
Göy rəng rənglərin ən acısı, qırmızı rəng isə ən şirinidir.
Göy rəng materiya və qaranlıq üzərində işığın üstünlüyünü və nəzarətini ifadə etdiyi halda, qırmızı rəng materiyadan qopub ayrılmaq istəyən işığı simvollaşdırır.
Göy himayəçini, dayağı, güvənc yerini ifadə edir, sakitləşdiricidir. Polis və əsgər gey-imlərinin əksər hallarda göy rəngdə olduğuna diqqət yetirirsinizmi? Polis də, əsgər də müdafiəçidir, himayəçidir. Kənd evləri bir çox hallarda göy rəngdə olur, görünür, kəndli üçün ev hər şeydən öncə müdafiə vasitəsi olduğu üçün. Himayəyə möhtac olan kəs ətrafını göy rəngdə görmək istəyir. Göy rəngdən fərqli olaraq, qırmızı – mübarizəni və rəqabəti ifadə edir, oyadıcıdır və narahatedicidir.
Göy rəng rəng sırasında rənglərin birincisi olan ağdan sonra, qırmızı rəng isə rənglərin sonuncusu olan qaradan əvvəldir. Qırmızı rəng insanın ölümqabağı rəng-ruha gəlməsini xatırladır. Ağ, öz bol işığının bir hissəsini dünyaya bəxş edərək göyərir, qırmızı öz işığını, enerjisini bütövlükdə itirərək qaralır.
Göy və ağ rənglər ən yaxın olduqları üçün bir-birlərinə çox yaraşırlar, qırmızı rənglə qaranın yanaşı durması da, həmçinin, elə bil ki, səsləşir. Əks rənglər (göy və qırmızı) bir-birlərinə yaraşdıqları kimi, rənglərin yanaşı olanları da (ağ və göy, qırmızı və qara) bir-birlərini müəyyən mənada tamamlayırlar. Lakin elə rəng cütləri də göstərilə bilər ki, onlar bir-birlərini mütləq mənada tamamlayırlar. Sənətşünaslığın aşkar etdiyi bir qanunauyğunluq: Hər bir rəngə qarşı əlavə boya adlandırılan elə bir rəng qoyula bilir ki, bu boya onunla qarışdırıldıqda işıq bütövlüyü tamamlanır, ağ rəng alınır. Bu hadisə bir məntiqi qanunauyğunluqla da müqayisə edilə bilər. Məntiq kontrar və kontradiktor anlayış termin-ləri vasitəsi ilə maraqlı bir təfəkkür hadisəsini təsvir edir. Kontrar anlayışlar - əks anlayışlardır. Lakin bu anlayışlar arasında aralıq elementlər də vardır: məsələn, soyuq və isti anlayışları. Kontradiktor anlayışlar isə zidd anlayışlardır, onlar arasında aralıq elementlər yoxdur: məsələn, soyuq və qeyri-soyuq anlayışları. Məntiqin kontrar anlayış termini ilə ifadə olunan hadisəsi boyakarlığın kontrast rənglər termini ilə ifadə olunan hadisəsinə son dərəcə bənzəyir. Məntiqin kontradiktor anlayış termini ilə ifadə olunan hadisəsi isə boyakarlığın əlavə boya termini ilə ifadə olunan hadisəsinə bənzədilə bilər.
Qayıdaq kontrast göy və qırmızı rənglərin müqayisəli təhlilinə. Göy rəng rənglərin ən yüksəyindən – ağdan bir qədər aşağı, qırmızı isə rənglərin ən aşağıda olanından – qaradan bir qədər yuxarıdır. Lakin həm ağ və göy, həm də qara və qırmızı rənglər arasında, əlbəttə ki, keçid rəngləri də vardır. Ağ və göy arasındakı rənglərin göyə ən yaxın olanı mavi, qara və qırmızı arasındakı rənglərin qırmızıya ən yaxın olanı isə çəhrayıdır.
Mavi rəng soyuq, çəhrayı isə isti rəngdir. Mavi rəng maskulin tipli olduğu halda, çəhrayı rəng feminin tiplidir, sədaqəti, məhəbbət duyğusunu, özünütəslimə müntəzir olmanı ifadə edir. Çəhrayıda işıq materiyaya yarınmaq istəyir.
Bəs göy və qırmızı əkslikləri arasında aralıq mövqe tutan hansısa bir rəng varmı? Müəyyən mənada, bəli, vardır. Göy və qırmızı rənglərinin əlaqələndiricisi kimi yaşıl, sarı və narıncı rənglər təqdim edilə bilər.
Yaşıl sarı ilə göy arasında aralıq mövqe tutduğu halda, narıncı sarı ilə qırmızı arasında mövqe tutur. Öncə xatırladılan başqa bir qarışıq rəngdən – bənövşəyidən – fərqli olaraq yaşıl və narıncı rənglərdə kantrastdan daha çox ortabablıq vardır. Çünki onların hər ikisinin substratlarından birini təşkil edən sarı rəng özündə bir ortabablıq daşıyır.
Sarı bir xalis rəng olaraq göy rəng ilə qırmızı rəng arasında mövqe tutur.
Lakin sarı - göy və qırmızı rənglərinin, əlbəttə ki, heç də qarışığından ibarət deyildir. Əgər qırmızı rəng işığın materiyadan coşqunluqla, nümayişkarcasına qopub ayrılmasını ifadə edirsə, sarı işıq başlanğıcını itirməkdə olan və bununla da solğunlaşan materiyanı ifadə edir. Sarı – ayrılıq rəmzidir. Sarının timsalında materiya işıqdan qopub ayrılmağa başlayır. Sarı isti rəng olsa da, xəstəliyi ifadə edir.
Lakin sarı xəstəliyin rəmzi olduğu halda, yaşıl – sağlamlığın rəmzidir. Yaşıl rəng itirdiyi işığı kənardan davamlı olaraq aldığı işıq¬la kompensasiya edən materiyanı, narıncı rəng isə daxilində saxladığı bütün işığını, nurunu itirdiyi işığın ardınca qoşan materiyanı ifadə edir. Yaşılın timsalında işıq materiyanı daxilindən hərəkətə gətirir, ona həyat verir. Yaşıl Göylə Yer arasında, işıq və qaranlıq arasında harmoniyanı ifadə edir. Maskulin və feminin başlanğıclarının tarazlığıdır. Sakitləşdiricidir. Çəməni xatırladır.
Yaşıl materiyanı yüksəldən işığı ifadə etdiyi halda, narıncı materiyadan üz döndərən, materiyadan qopub ayrılmaq istəyən işığı ifadə edir. Daşıdığı işıq miqdarını özü tənzimləyən yaşıl rəngdən fərqli olaraq, narıncı isti rəngdir.
Yaşıl da, narıncı da qarışıq rənglərdir. Lakin, onlar iki xalis rəngin qarışığıdır. Xalis rənglərin hər üçünün – və göyün, sarının və qırmızının - qarışığından isə boz və qəhvəyi rəng alınır.
Boz rəngin göy fonda sarımtıl, qırmızı fonda isə yaşıl kimi görünməsi də yəqin ki, elə bununla, onun aralıq rəng deyil, qarışıq rəng olması, qırmızının, sarının və göyün qarışığı olması ilə əlaqədardır.
Lakin, boz və qəhvəyi rənglərin qarışıq rəng olması daha çox axromatik ağ və qara rənglər vasitəsilə baş verir. Boz – ağ və mavi arasında, qəhvəyi isə – qara və çəhrayı arasında mövqe tutur.
Ağ rəng həyatın başlanğıcını, qara rəng sonunu, aralıq rənglər isə həyatın müxtəlif parlaqlıq səviyyələrini ifadə etdikləri halda, boz rəng ortabab sönük həyatı ifadə edir.
Boz - adiliyin, prozaikliyin, daimiliyin, bulanıqlığın, tutqunluğun, dumanlılığın, mübhəmliyin, ortabablığın ifadəçisidir.
Boz rəng çirklənmiş ağ təəssüratını yaradır, ideala köklənməyən həyatı xatırladır, uğursuzluqla başlayan və elə uğursuzluqla da davam edən sönük həyatı ifadə edir.
Qəhvəyi rəng isə ölümün başlanğıcını, çürüntünü xatırladır, təyinatı üzrə istifadə oluna bilməyən materiyanı, işığın öz nəzarətində olan dünyadan sıxışdırıb çıxardığı materiyanı ifadə edir.
Aralıq rənglər rənglərin ən ətirliləri olduqları halda, qəhvəyi onların ən üfunətlisi, boz isə ən ətirsizidir.
Boz rəng üçüncü bir axromatik rəngdir, parlaqlığını itirən ağdır, ağ və qara rənglərin mexaniki qarışığıdır.
Ağ və qara rənglərin kontrastı ovçu həyatının ilkin ifadəçisi olduğu halda, aralıq rənglər şəhərli həyatının, ağ və qara rənglərin mexaniki qarışığı olan boz rəng isə əkinçi həyatının ilkin ifadəçisidir.
Rəngkarlıq idealın bədiiləşdirərək təqdimatını verir, lakin bunu daha çox ideal formanın proyeksiyası vasitəsilə edir, formanın özünü bütün dolğunluğu ilə vermir. Formanın özünü bütün dolğunluğu ilə təqdim olunması vəzifəsi isə heykəltaraşlığın üzərinə düşür. Gözəl forma şax formadır, burada, necə deyərlər, əziklik, üzüklük, sallanma, sallaqlıq yoxdur, nə ön planda, nə də arxa planda.
Heykəl təkcə səthi deyil, eyni zamanda, həcmi və dərinliyi, hətta bəzən hərəkəti də verir. Dinamiklik heykəli daha həyati, daha canlı, daha qratsiyalı, daha məlahətli edir.
Heykəl, elə insan bədəni də, poetik də ola bilər, prozoik də, faciəvi də ola bilər, komik də, dramatik də.
Heykəl ümumiyyətlə isə bir həyati poeziya ifadəçisi kimi, bir kult vasitəsi olaraq tarix meydanına çıxır. Heykəltaraşlıq, ilk növbədə, bütpərəstliklə bağlıdır.
Lakin, heykəltaraşlıq bir incəsənət olaraq ideal obrazı həyatla deyil, materiya ilə dolduraraq təqdim edir. Heykəldə idealın ən əyani təsviri varsa da, burada işıq, necə deyərlər, materiyanın əsiridir.
İnsan ideal obrazın maddi məzmununu həyati məzmunla əvəzləmək istərkən isə artıq incəsənətin sərhədlərindən kənara çıxır. İnsan, təsvirin canlandırılmasına daha çox ehtiyac hiss etdikcə isə tədricən, ümumiyyətlə, incəsənətin sərhədlərini aşır. Təsviri sənət gələcəkdə yaradılmalı olanın sanki eskizini qurur, layihələndirir.
İncəsənət idealın, yəni olmalı olduğu halda olmayanın əyani təsvirinin yaradılması ilə öz həyatını başa çatdırır. İncəsənət öz tarixi təkamülünü heykəltaraşlıq olaraq, ümumi halda deyilsə, təsviri sənət olaraq tamamlayır.
Təsviri sənət bir incəsənət nümunəsi olaraq ideal dünya ilə real dünya arasındakı fərqin bir hiss olaraq yaşanmasından, ideal dünya üçün həsrət duyğusundan doğulur və bu həsrəti ifadə edir. Lakin təsviri sənət incəsənətin bir çox digər növlərindən fərqli olaraq ideal dünya həsrətini əyani olaraq təqdim edir.
Təsviri sənət, ilkin olaraq, bəlkə də, bədii sözə bir illüstrasiya olaraq meydana gəlmişdir.
Təsviri sənət gerçəklik təsvirinin proza tərəfindən buraxılmış boşluqlarını doldurur, reallığı, mahiyyətdən qopub ayrılmadan doğan çirkabdan özünəməxsus bir şəkildə təmizləyir və bununla da prozanı əslində tamamlayır və üstəlik, bədii obrazı söz, dil və şüur asılılığından da xilas edir, mahiyyətə bürünmüş gerçəkliyin bədii sözdən daha əyani təqdimatını verir. Təsviri sənət, prozadan fərqli olaraq danışmır, göstərir.
Təsviri sənət incəsənət növləri içərisində əyanilik baxımından yalnız rəqslə müqayisə oluna bilər. Əgər rəqs idealın ən görünüşlü hə¬rəki təqdimatıdırsa, təsviri sənət idealın ən görünüşlü sükuti təqdimatıdır. Əgər təxəyyül həqiqi həyata deyil, onun zahiri təzahürü olan hərəkətə başlanğıc verməklə rəqsi törədirsə, həqiqi həyatın donmuş bir anını göstərməklə təsviri sənəti doğurur. Rəqs çox zaman musiqi sədaları altında baş verir. Təsviri sənətin özü də bəzən musiqinin təsiri və təhriki altında formalaşır. Rəssam çox zaman öz əsərini dodağında nəsə zümzümə edə-edə yaradır. İnsan öz hissiyatını ürəyin ritmikası əsasında təqdim edirsə musiqinin, ideal dünya obrazı şəklində təqdim edirsə isə təsviri sənətin başlanğıcını qoyur.
Lakin, rəqs janrının imkanlarını müəyyən qədər ustalıqla mənimsəmiş bir kəs bu imkanlardan sui-istifadə etməklə eybəcər hərəkəti, uğursuzluqla atılmış bir addımı da yamsılayaraq göstərə bildiyi kimi, klounada yaradıcısı ola bildiyi kimi, musiqi janrının im-kanlarına bir qədər yiyələnmiş bir kəs bu imkanlardan sui-istifadə etməklə buffonada qurucusu da ola bildiyi kimi, poeziya janrının resurslarını əxs etmiş bir kəs bu resurslardan sui-istifadə edərək onları satira quruculuğuna tətbiq edə bildiyi kimi, dram janrının imkanlarına müəyyən qədər yiyələnmiş bir kəs bu imkanları komediya yaradıcılığına yönəldə bildiyi kimi, proza janrının imkanlarına bir qədər sahib olan bir kəs bu imkanları lətifədə «gerçəkləşdirə» bildiyi kimi, təsviri sənətin imkanlarını da müəyyən qədər ustalıqla mənimsəmiş bir kəs də bu imkanlardan sui-istifadə edə bilir, onlardan karikatura quruculuğunda faydalanmaqla eybəcərliyi də təqdim edə bilir. Rəssam idealın ən gözəl bədii təsvirini yarada bilir, karikaturasını da. Onu da qeyd edim ki, təsviri sənət vasitələri ilə ifadə olunan karikatura, yalnız sözün dar mənasında, karikaturadır. Sözün geniş mənasında, karikatura qeyri-təsviri sənət vasitələri ilə də yaradılır. Yamsılama, klounada – rəqsin imkanları ilə təqdim olunan karikaturadır, hərəkətlə ifadə olunan karikaturadır, məlahətin karikaturasıdır. Buffonada - musiqinin imkanları ilə ifadə olunan karikaturadır, melodik karikaturadır, bəlkə də melodiyanın karikaturasıdır. Satira - poeziyanın imkanları ilə ifadə olunmuş karikaturadır, lirikanın karikaturasıdır. Komediya - dramın imkanları ilə ifadə olunmuş karikaturadır, faciənin karikaturasıdır. Lətifə - prozanın imkanları ilə ifadə olunmuş karikaturadır, həqiqi həyatın karikaturasıdır. Sözün dar mənasında karikatura isə təsviri sənətin imkanları ilə ifadə olunmuş karikaturadır, portretin və mənzərənin karikaturasıdır. Gerçəkliyin təqlidi, buffonad, komedik, parodik, karikatur təqdimatları onun xoreoqrafik, melodik, poetik, dramatik və təsviri təqdimatlarına bir karikaturadır. Gerçəkliyin prozaik və təqlidi təqdimatı bu əksliklər arasında mövqe tutur. Prozaik və təqlidi təqdimat poetik təqdimatdan fərqli olaraq gerçəkliyi yalnız ideal və mahiyyət baxımından deyil, indi həm də və bəlkə də, daha çox reallıq və təzahür baxımından səciyyələndirir.

Adil Əsədov. Rənglərin fəlsəfəsi: təsviri sənət fəlsəfənin təqdimatında – Məruzələr. // Azərbaycan Milli Elmlər Akademiyası. Cild, 2003, № 5-6. səh. 273-279.