22.10.2024, 12:23 - Baxış sayı: 25

MƏNİM ELMİ RƏHBƏRİM


İRADƏ ZƏRQANAYEVA
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Fəlsəfə ilə tanışlığım mənə Fərrux Ramazanov, İlham Məmmədzadə, Zakir Məmmədov, Firuz Mustafa, Əli Abasov, Zümrüd Quluzadə, Solmaz Rzaquluzadə, Fuad Qasımzadə, Vasim Məmmədəliyev, Nurqələm Mikayılov, Məmmədəli Zeynalov, Arzu Hacıyeva və başqa mütəxəssislərlə canlı ünsiyyət fürsətləri nəsib etmişdir. Fərrux Ramazanov Ç. İldırım adına Politexnik İnstitutunun metallurgiya fakultəsində oxuyarkən mənə fəlsəfəni sevdirən müəllim, eyni zamanda fəlsəfə ixtisası üzrə “Ekoloji böhran və Azərbaycanda həlli yolları” adlı ilk tədqiqat işimin elmi rəhbəri olmuşdur. Həmin iş keçmiş SSRİ məkanındakı 15 respublika ali məktəb tələbələrinin Ümumittifaq Elmi Müsabiqəsində II yerə layiq görülmüşdü. 15 il sonra yenidən fəlsəfəyə qayıtmağımı tövsiyə edən də Fərrux Ramazanov olmuşdur...
Fuad Qasımzadə isə illər sonra mənə etimad edərək “Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri” adlı fəlsəfə üzrə fəlsəfə doktoru dissertasiyama elmi rəhbərliyə razılıq verən cəsarətli insandır. Bunu xüsusi olaraq ona görə qeyd edirəm ki, ixtisasca metallurq olan, ərəbcəsi zəif, 3 uşaq anasının “Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri” mövzusunda dissertasiya işləmək qərarına o zaman heç də hamı ciddi yanaşmırdı. Lakin hazırda aparıcı elmi işçisi olduğum İnstitutun Elmi Şurası o zaman - 2001-ci ildə məni qəbul etdi.
Mənə elmi rəhbər seçimində məsləhətləri ilə kömək edən Nadir Məmmədliyə, Firuz Mustafaya qərarıma diqqətlə yanaşan Fuad Qasımzadəyə, Əli Abasova, Zümrüd Quluzadəyə, İlham Məmmədzadəyə, eləcə də Fəlsəfə İnstitutunun o zamankı Elmi Şurasının bütün üzvlərinə doktorluq mövzumun təsdiqindəki dəstəkləri üçün qəlbimdə dərin minnətdarlıq hissi yaşayır. Bu elə bir mənəvi mirasdır ki, yalnız varisliyi qorumaq və davam etdirməklə haqqını ödəmək olar.
Təbəssüm çox adama yaraşır... Amma Fuad Qasımzadənin təbəssümü tamam başqa idi, nuru ətrafa yayılardı... Auditoiyanı ələ almaq qabiliyyəti vardı, üzündən müdriklik yağardı, adam tanıyandı, sözünün təpəri vardı. Comərd, səbrli və mərhəmətli, pərdəli insandı, eybi üzə vurmaq əvəzinə nəsihət edərdi. Deyərdi ki, imtahan verib qiymət alanda da, elmi əsər nəşr etdirəndə də hər şeydən əvvəl özünüzü düşünün, çalışın öz adınıza və imzanıza hörmət qoyasınız.
Oktyabrın 22-də görkəmli alim, müəllim və maarifçi ziyalı Fuad Qasımzadənin dünyaya gəldiyi gündən 95 il ötür. Fuad müəllim dünyasını dəyişdikdən sonra da varlığını elmdə, təhsildə, mədəniyyətdə, insanların yaddaşında qoruyub saxlayan, adı hörmətlə anılan nadir şəxsiyyətlərdəndir. Xatirələrdə “müdrik müasirimiz” (Hacıyev T.M. Müdrik müasirim Fuad Qasımzadə: alimlik və vətəndaşlıq portretinin cizgiləri. Bakı: Təfəkkür NPM, 2000, 88 səh.), “elmimizin iftixarı” (Mahmudov H.İ. Elmimizin iftixarı: görkəmli filosof, akademik Fuad Qasımzadə haqqında söz. Bakı: Respublika qəzeti, 21 oktyabr 2009, səh.7), “taleyi tarixə dönən şəxsiyyət” (Qasımov A.M. Azərbaycan əsrlərin qovuşağında: tarix və rellıqlar. Bakı: təhsil, 2004, 240 səh.), “şərəfli nəslin görkəmli nümayəndəsi”, “şərəfli ömür sahibi” (Qasımov H. “Müəllim sözü” qəzeti, Bakı: Yanvar, 2012, səh.3), “xatirəsi əziz insan” (Əhmədov T.Ə. “Respublika” qəzeti. Bakı: 13 oktyabr, 2011, səh.11) kimi iz salan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin öyrənilməsi, inkişafı və təbliğindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” adına, “Əməkdə fərqlənməyə görə” yubiley medalına, “Şərəf” nişanı, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüş Fuad Qasımzadənin həyatına nəzər salarkən, onun özünə, yoxsa başqalarının yaradıcılığının inkişafına daha çox vaxt ayırdığını söyləmək çətindir. 60 il pedaqoji təcrübəsi olan, 48 il Azərbaycan Dövlət Universitetində kafedra müdiri, 40 ilə yaxın fəlsəfə elmləri üzrə ixtisaslaşdırılmış Müdafiə şurasının sədri işləmiş Fuad Qasımzadə 100-dən artıq elmlər doktoru, 300-ə yaxın fəlsəfə doktoru işinin müdafiəsini təşkil etməklə yanaşı, özü şəxsən 12 elmlər doktoru, mən də daxil olmaqla, 120-dən artıq fəlsəfə doktoru yetişdirmiş, habelə onlarla doktorluq işlərinin opponenti və elmi əsərlərin rəyçisi olmuşdur. Onun yetişdirdiyi kadrlar arasında Orta Asiya, Şimali Qafqaz, Ukrayna, Gürcüstan, Rusiya, Bolqarıstan, Polşa və digər ölkələrin nümayəndələri vardır. O, Moskva, Sankt-Peterburq, Kiyev, Daşkənd, Tbilisi, Maxaçqala və başqa şəhərlərdəki elmi şuralarda oppanent qismində çıxışlar etmiş, elmin dərinliklərinə dalan gənclərə yol göstərmiş, xeyir-dua vermişdir. Fuad Qasımzadə nikbinlik mücəssəməsi idi. Onun nurlu təbəssümündən başlayan nikbinlik əsərlərində fəlsəfi məzmun alır, oxucularına, auditoriyalara sirayət edirdi.
Fəlsəfəni səciyyələndirən ən ümdə xüsusiyyətlərdən biri onun sosial funksiyası, cəmiyyətin həyatı ilə bağlı olmasıdır. Fuad Qasımzadənin həyat və fəaliyyəti tamamilə bu funksiyanın təsdiqidir. O yaxşı alim, gözəl müəllim, fəal ictimai xadim kimi yaddaşlarda yaşayır. Fuad müəllimin həyatının çox hissəsi xalqın içində, kütlələr arasında keçmişdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, onu orada tanımasınlar. Fuad Qasımzadə yaşadığı dövrün hadisə və proseslərinə dialektik yanaşan, hər şeydə keçmişin qalıqları, indinin əsası və gələcəyin rüşeymlərini görən filosof idi. Yazısı kimi, cümlələri və nitqi də çox səlis, qısa və aydın idi. O, “İdman, gözəllik və estetika” əsərində əməlin, davranışın, hərəkətin doğurduğu gözəlliyin heç bir yazı ilə ifadə oluna bilmədiyini etiraf edir, adamların fiziki sağlamlığının yalnız əxlaq saflığı və mənəvi gözəlliklə vəhdətdə inkişafa vəsilə olduğunu xüsusi qeyd edirdi. (Qasımzadə Fuad. İdman, gözəllik, estetika. Gənclik, Bakı: 1970, 141 səh. 140-141)
F.Qasımzadə fiziki və mənəvi gözəlliyin bəzən şərə, hərisliyə qurban edilməsinə emosiyasız yanaşa bilmir, “Vəhşilik, müharibə, zorakılıq və qanlı çəkişmələr səhnəsindən “həzz” alan, idmanı və mübarizəni kütləvi qan axıdılmasına çevirən “ağalar və qullar dünyasının estetikasına” ar olsun!” - deyirdi (səh. 134) Təəssüf ki, Makedoniyalı İsgəndərin, Yuli Sezarın dövründəki “vəhşi həzz” manyakları XXI əsrdə də varlıqlarını davam etdirir, müxtəlif ambisiyalarla günahsız insanları məhv edirlər. Müasir müharibə cinayətləri, zorakılıq üsulları və həcmi elmi tərəqqinin insan əxlaqında yaxşılığa doğru bir təsirinin olmadığını göstərir. Tarixi hadisə və proseslər təsdiq edir ki, insan hikmətdən uzaqlaşdıqca, xeyirdən və xeyirxahlıqdan ayrı düşür, azır və başqalarını azdırır... Nəticədə cəmiyyət daha da qəddarlaşır.
Hikmətdən kəsad elmi tərəqqi insanlığın qənimidir. Elm mənəvi sağlamlığa xidmət etməlidir ki, davamlı inkişaf olsun. Fuad Qasımzadənin elmi əsərləri - Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə kimi görkəmli şəxsiyyətlərin irsindən topladığı dəyərlər – onun hikmətə sevgisinin bəhrəsidir. O, “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan ictimai fikrinə təsirini araşdırarkən, eləcə də uzun illər fəlsəfənin aktual problemlərinin tədqiqi ilə məşğul olarkən, xeyirin şər üzərində qələbəsi naminə çalışmışdır. Onun publisistika sahəsindəki fəaliyyəti, radio və televiziya proqramlarındakı milli adət-ənənələrimiz, mədəni-mənəvi dəyərlərimiz mövzusundakı məruzə və çıxışları müasirlərində həmişə xoş ovqat yaradardı.
Fuad Qasımzadə gənc yaşlarından ölkəmizdə, eləcə də xarici konqres və simpoziumlarda, müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş, Azərbaycan fəlsəfəsi və ictimai fikir tarixinin nailiyyətlərini ən mötəbər təşkilat və cəmiyyətlərdə təbliğ etmişdir. O, SSRİ Maarif Nazirliyinin fəlsəfə üzrə elmi-metodiki şurasının, ictimai elmlər üzrə elmi-metodik Şurası Rəyasət heyətinin, Ümumittifaq “Bilik” cəmiyyəti idarə heyətinin, Fəlsəfə cəmiyyəti idarə heyətinin, SSRİ EA-nın Rəyasət Heyəti nəzdində “İctimai fikir tarixi” elmi şurasının, İctimai elmlər kafedraları müdirlərinin Kremldə (1958, 1961, 1966, 1971, 1976, 1981, 1986) keçirilən Ümumittifaq müşavirələrinin iştirakçısı, siyasi büroların üzvü olmuşdur. Fuad Qasımzadə 3 dəfə Bakı Şəhər Sovetinə, bir dəfə isə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir. O, Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya komissiyasının, M.Füzulinin yubileyinin keçirilməsi üzrə komissiyanın, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin və çoxlu sayda qəzet, jurnal, toplu redaksiyalarının fəal üzvü olmuşdur. Fuad Qasımzadə Respublika Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvü kimi də respublikanın ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak etmişdir.
Fuad Qasımzadə şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlər ünsiyyət, müşahidə, güclü hafizə, ariflik və cəsarətdir. O ən mürəkkəb situasiyaları elmi və fəhmi ilə asanlıqla həll edə bilirdi. Nurlu şəxsiyyət, filosof, ictimai xadim, mənim elmi rəhbərim Fuad Qasımzadə 3 avqust 2010-cu ildə dünyasını dəyişmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur. Onun əziz xatirəsi sevənlərinin yaddaşında xeyirxahlıq nümunəsi kimi yaşayır.