15.10.2024, 09:03 - Baxış sayı: 209

Azərbaycan elm tarixində Aida xanım İmanquliyevanın misilsiz xidməti


Azərbaycan elm tarixində Aida xanım İmanquliyevanın misilsiz xidməti

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli

"Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir".

Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti


Vaxtlı, vaxtsız, fərqi yoxdur, ömür anidir, keçicidir, fanidir. Ömrü ölçə bilən saatlar, günlər, aylar, illər var. Ömür aydındır, ömrün əvvəli və sonu var. Lakin ölümsüzlüyü öləndən sonra da yaşayanlar qazanır - unudulmaz şərqşünas alim Aida xanım İmanquliyeva kimi...
Platonun fəlsəfəsinə görə, "Ədaləti anlamaq, gözəlliyi duymaq, yaxşını arzu etmək - şüurlu həyatın mənasıdır". Həyatda insanın elə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır. M.F.Axundzadənin bir ifadəsi diqqəti cəlb edir: "Yüksək əxlaqlı, xeyirxah insan yalnız o adam hesab olunur ki, özünün bütün hərəkət və davranışlarını əsl vətənpərvərliklə əhatələndirsin".
Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev mətbuatımızın, xüsusən, Bakı Dövlət Universitetinin inkişaf tarixində əvəzsiz xidmətlər göstərmişdir. Şəxsiyyəti zaman yetirir, tarix qiymətləndirir. Xalqının tarixini qələmi ilə yazan Nəsir İmanquliyev kimi böyük insanın həyatı böyük yola bənzəyir.
Nəsir İmanquliyevlə Gövhər xanımın yeganə övladı olan, bu günlərdə 85 yaşını qeyd edəcəyimiz Aida xanım İmanquliyeva dünyaya gəlişiylə bu xoşbəxtlik çırağını yandırmış oldu.
Ölməzliyi ölümündən sonra qoyub getdiyi əsərləri ilə qazanan bu gözəl xanımı, şərqşünas alimi unutmaq olmur... Bundan da böyük xoşbəxtlik olarmı? Gözəl ziyalı ailəsində tərbiyə alması da bir çox şeyləri şərtləndirmişdir. Aida xanımın görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev, əsilzadə ailəsindən olan Gövhər xanım kimi müdrik, mehriban, duyğulu, cəfakeş, tələbkar valideynləri olmuşdur.
Ötən əsrin əvvəllərinin zülmətdə işıq olan müəllimlərinə bənzəyən bu ziyalı ocağının - iki əzəmətli çinarın pöhrəsi olan gənc Aida xanımı çox-çox sonralar dünyanın hər yerindən görəcəkdilər. Ana təbiət ona hər şeyi bəxş etmişdi.
Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almış, Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. Elm sahəsində yeniliklərə imza atan professor, həm də yüksək idarəçilik keyfiyyətləri, ictimai-siyasi fəallığı, böyük vətəndaşlığı ilə seçilirdi.
Akademik Ziya Bünyadov "Aida xanım böyük zəhmətkeş və özünə qarşı həddindən ziyadə tələbkar bir alim olmuşdur", deyə xüsusi vurğulamışdır. Sankt-Peterburq Universitetinin professoru Olqa Frolova Aida xanımla bağlı söyləmişdir: "Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar".
SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdi. Azərbaycanda ilk qadın - ərəbşünas elmlər doktorudur. Azərbaycan şərqşünaslıq elmini xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda təmsil etmişdir. Dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanınmış tədqiqatçısı olan Aida xanım bu problemə "Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyalarını və 70-dən artıq elmi məqalə həsr etmişdir.
Keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. O, Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konfranslarda, simpoziumlarda, sessiyalarda məruzələr edib.
XX əsr Azərbaycan ictimai elmində sosio-mədəni və ədəbi istiqamətdə qadın hüquqları problemini ilk dəfə Aida xanım İmanquliyeva elmi təhlilə gətirmişdir. Aida İmanquliyeva C.Cübranın "Qırılmış qanadlar" povestini təhlil edərkən də, gender stereotiplərini açır: "Cahanda hər şey qeyri adi gözəllik, yüksək əsl-nəcabət, cəmiyyətdə tam müstəqil mövqe, çox yaxşı təhsil, böyük iradə güvvəsi, qətiyyət və cəsarət onu qalan insanlardan kəskin şəkildə fərqləndirir". Aida xanımın irəli sürdüyü müddəalar, həm də fəlsəfi mətnli baxışlardır, böyük fəlsəfi bir məktəbdir.
Aida İmanquliyeva 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlamış və həmin ilin dekabrında isə direktor vəzifəsində çalışmışdır.
Dahi Sokratdan soruşurlar: "İnsanda ən çox nəyi qiymətləndirirsən? - "İnsaniyyəti", - deyə Sokrat cavab verir. - "Bəs insaniyyət deyəndə nəyi başa düşürsən?" - sualına isə - "İnsana layiq olan keyfiyyətləri", - deyə cavab verir.
Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgiz və Mehriban xanımın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı.
Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi. Həmin İnstitutun direktoru işləyərkən Aida xanım əməkdaşlarına qayğı ilə yanaşaraq onların elmi biliklərinin aşkar edilməsinə yardım göstərirdi.
İstedadı, xeyirxahlığı, nəcibliyi, mərdliyi, sadəliyi, vətənə sədaqəti, insanlara sevgisi ilə hər zaman seçilirdi. Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi", "Yaxın və Orta Şərqdə milli-azadlıq hərəkatı məsələləri", "Şərq filologiyası məsələləri", "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə", "Xarici Şərqin problemləri: tarix və müasirlik", "Şərq ədəbiyyatında ənənə və novatorluq" məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur.
Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub-saxlanılması, inkişafı idealına sadiq qalıb. "Ərəb filologiyası" şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət kiçik bir antologiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapmışdır.
Professor Nərgiz Paşayevanın qeyd etdiyi kimi: "Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da, həyatı davam edir. Biz onları görmürük, səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda, qanımızda, ürəyimizdədir və o surət bizi heç vaxt tərk etmir. Adətən, insan həyatdan köçdükdə yerdə qalanlar onun gözlərini bağlayırlar. Ancaq sirr ondadır ki, qalanların, dirilərin gözünü çox vaxt həyata həyatdan köçənlər açır. O, sözün əsl mənasında, nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da, mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi".
Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Yüzlərlə, minlərlə tələbələrin, elm adamlarının, müəllimlərin, sadə insanların ömürlərində yaşayan ömrü əbədi sönməyən işıq ömrünə bənzəyir. Aydın məntiqi, fitrətən xəlqiliyi, həssaslığı, dəqiqliyi və ən başlıcası, xeyirxahlığı onu hamının gözündə ucaltmışdı.
Aida xanım yenilik duyğusuyla hər gələn sabahı gözləyən və tələbələrində də bunu görmək arzusuyla yaşayan unikal bir insan, cəsarətli elm, təhsil fədaisi, Azərbaycan elminin, təhsilinin, maarif və mədəniyyətinin əsl cəfakeşi idi.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Aida xanım haqqında belə yazır: "Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan elminin, düşüncələrinin, fəlsəfəsinin islam aləmində yayılmasına nail olmuşdur. Bütün bu sahələrdə Aida xanımın elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir".
Gəlimli-gedimli, son ucu ölümlü bu dünyada Aida xanım özündən sonra çox gözəl, unudulmaz xatirələr qoymuşdur. Elə insanlar var ki, bu dünyada qazandıqları hər şeyi son damlasınadək vətənə, ana yurda, insanlara qaytarırlar. Görkəmli alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.

edebiyyatqazeti.az