Fəlsəfə İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin ehtiram sükutu ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli vurğulayıb ki, 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımını 27 ildir faciə günü kimi anırıq. Azərbaycan xalqı iki əsrə yaxındır erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar xarici himayədarlarından güc alan ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin davamıdır.
Sonra s.ü.f.d. Ruşan Ruşanzadə, i.ü.f.d. Əhməd Qəşəmoğlu, f.ü.f.d. Hüseyn İbrahimov, f.e.d. Fizuli Qurbanov, f.e.d. Aydın Əlizadə, f.ü.f.d. İradə Zərqanayeva və digər natiqlər öz çıxışlarında erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər və bunun kulminasiyası olan Xocalı faciəsindən, erməni silahlı birləşmələrinin qəddar əməllərindən və insanlığa sığmayan cinayətlərindən söz açdılar.

