06.11.2026, 14:04 - Baxış sayı: 17

İnstitutun əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.ü.f.d. Elmira Təhməzova və f.ü.f.d., dos. Zeynəddin Şabanov AMEA Gəncə bölməsinin təşkil etdiyi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfransda “Nizami Gəncəvinin dünyagörüşündə insan bütöv sistem kimi” mövzusunda çıxış etmişlər. Məruzədə dahi Azərbaycan şair-filosofu Nizami Gəncəvinin yaradıcılığında mühüm yer tutan insan fenomeni haqqında danışılmış, şairin insanı öz yaradıcılığının mərkəzinə gətirməsi və onu bütöv bir sistem kimi təsvir etməsi qeyd olunmuşdur. Bildirilmişdir ki, N.Gəncəvinin fikrincə, insan ədalətli, əqidəli, Allahını tanıyan, humanist olmalı, öz vətənini, xalqını sevməli, başqalarına qayğıkeş münasibət göstərməli, təbiətin bir hissəsi kimi ona hörmət etməli, varlığını qorumalı, ölümdən qorxmamalı,əbədiyyəti bu dünyada qazanmaq üçün səxavətli olmalı, özü ilə dialoqa girərək özünü dərk etməli, mənəvi dünyasının zəngin olması üçün mənəvi təkamül yolu ilə addımlamalı, xeyirxah fikir və əməl sahibi olmalıdır. Nizami Gəncəvinin kamil insan obrazları əbədiyyətə qovuşmaq eşqi ilə ucalan insanlardır. Onlar öz nəfslərinə qarşı mübarizə apararaq, özündə mövcud olan fitri başlanğıcı kəşf etməli, Mütləq İradəni duymalı, bəsirətlə təbiətin mahiyyətinə varmalı və hər yerdə Yaradanın varlığını görməli, Mütləq Ədalətə və kamilliyə qovuşmağa can atmalıdırlar.  Çıxışlardan sonra müzakirələr olmuş və məruzəçilərə sertifikatlar təqdim edilmişdir.