04.11.2026, 12:36 - Baxış sayı: 0

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH


Hər bir xalqın tarixində elə məqamlar olur ki, onun keçdiyi yol, qazandığı uğurlar və gələcək taleyi bir həqiqətin ətrafında birləşir. Bu həqiqət çox vaxt xalqın öz liderinə olan inamı və liderin siyasi iradəsi ilə bir başa bağlı olur. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda söylədiyi “Biz öz taleyimizi özümüz həll etməyə başladıq” fikri, əslində Azərbaycanın 35 illik müstəqillik tarixinin siyasi-fəlsəfi mahiyyətini ifadə edir. Dövlət başçısının həmin çıxışında vurğuladığı “ideoloji risklər isə fiziki risklər qədər təhlükəlidir” fikri müstəqilliyin qorunmasında mənəvi və ideoloji təhlükəsizliyin nə qədər mühüm yer tutduğunu göstərir.

Bu fikrin arxasında böyük tarixi təcrübə və ciddi siyasi məntiq dayanır. Çünki müasir dünyada bir dövlətin taleyini dəyişmək üçün onun sərhədlərini fiziki güclə keçmək heç də həmişə ən təsirli yol olmur. Bəzən cəmiyyətin düşüncəsinə, dəyərlərinə, tarixi yaddaşına və milli özünüdərkinə təsir göstərmək daha böyük nəticələr doğura bilir. Sərhədləri ordular qoruyur, bəs milli şüuru, dövlətçilik düşüncəsini və mənəvi bütövlüyü nə qoruyur? Müstəqilliyin taleyi həm də bu sualın cavabından asılıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun süni intellekt və rəqəmsal inkişaf üzrə direktor müavini fəlsəfə elmləri doktoru, dosent Məhəmməd Cəbrayılovun “Taleyimizin sahibi kimdir?” sərlövhəli məqaləsində yer alıb. Məqalədə bildirilir ki, XX əsrin siyasi tarixi bizə ideologiyaların böyük təsir gücünə malik olduğunu göstərir. Bu baxımdan İkinci Dünya müharibəsi ərəfəsində Uinston Çörçilin 1938-ci ildə etdiyi çıxışında “Avropada ideologiyalar toplardan da bərk guruldayır” ifadəsi əslində ideologiyaların hansı təsirə malik olduğunu göstərir.

Bu gün həmin mübarizənin üsulları dəyişib. İdeoloji təsir artıq ənənəvi siyasi təbliğat vasitələri ilə məhdudlaşmır. Rəqəmsal platformalar, sosial şəbəkələr, alqoritmlər və süni intellekt ictimai rəyin formalaşmasında çox ciddi təsirli alətlərdir. İnformasiya sərhəd tanımır və onun cəmiyyətə təsirinin hər zaman zərərsiz olduğunu düşünmək ən azı siyasi sadəlövhlükdür. Xüsusilə məqsədli dezinformasiya, tarixi həqiqətlərin təhrif edilməsi, milli dəyərlərin gözdən salınması və cəmiyyət daxilində etimadsızlığın dərinləşdirilməsi ideoloji təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Bəzən informasiya məkanında baş verənlər dövlətin siyasi və mənəvi bütövlüyünə fiziki təhdidlər qədər təsir göstərə bilir.

Prezident İlham Əliyevin “Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir” fikri məhz bu dəyişən beynəlxalq mühit kontekstində xüsusi məna kəsb edir. Bu baxımdan dövlət başçısının siyasi mesajında milli birliyin qorunması və xarici ideoloji təsirlərə qarşı ayıq-sayıqlıq bir-birini tamamlayan strateji vəzifələr kimi Azərbaycan toplumu qarşısında məsuliyyət qoyur. Burada əsas məqam dünya ilə münasibətlərdə öz milli mövqeyimizi və mənəvi bütövlüyümüzü qorumaqla bağlıdır.

Müəllif qeyd edir ki, mənəvi bütövlüyümüzü və ideoloji immunitetimizi formalaşdıran azərbaycançılıq milli mənsubiyyət duyğusu ilə yanaşı, müxtəlif etnik və dini icmaları vahid vətəndaşlıq, ümumi Vətən və dövlətçilik ideyası ətrafında birləşdirən mənəvi-siyasi dəyərdir. Ancaq ideologiya keçmişin dəyərlərini qorumaqla yaşaya bilməz. O, zamanın çağırışlarına cavab verməli, tarixi təcrübədən yeni mənalar yaratmalıdır. Azərbaycanın son illərdə keçdiyi yol bu baxımdan azərbaycançılığın inkişafında yeni mərhələnin başlandığını düşünməyə əsas verir. Zəfərdən sonra Azərbaycan cəmiyyəti yeni məzmunda yeni milli kimliyə sahib oldu. Bu, əvvəlki milli kimlikdən imtina mənasına gəlmir. Əksinə, onun yeni tarixi təcrübə əsasında zənginləşməsini ifadə edir. Uzun illər işğalın doğurduğu ağrıları və itkiləri yaşayan xalq indi özünü həm də Zəfərin, bərpanın və gələcəyin qurucusu kimi dərk edir. Milli yaddaşda itirilmiş torpaqların həsrəti ilə yanaşı, azad edilmiş torpaqların dirçəldilməsi məsuliyyəti də mühüm yer tutur. Bu mənada yeni Azərbaycan mərhələsinin ideoloji təməlləri bir tərəfdən keçmişə münasibətlə, digər tərəfdən gələcəyə baxışla müəyyənləşir. Zəfər milli özünüdərkə yeni güc veribsə, həmin gücün davamlı mənəvi və intellektual kapitala çevrilməsi qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycançılığın yeni tarixi məzmunu milli qürurun yaradıcı düşüncə, vətəndaş məsuliyyəti, elm, təhsil və dövlətçilik şüuru ilə zənginləşməsində ifadə olunur.

Onun fikrincə, ideoloji immunitet güclü milli yaddaşla yanaşı, güclü düşüncə mədəniyyəti tələb edir. Öz tarixini, mədəniyyətini bilməyən cəmiyyət başqalarının yazdığı tarixin və mədəniyyətin təsiri ilə yaşamaq təhlükəsi ilə üzləşir. Öz dəyərlərini dərk etməyən insan qarşılaşdığı yad təsirləri qiymətləndirməkdə çətinlik çəkir. Bu baxımdan ideoloji təhlükəsizliyin ən etibarlı qaynağı gənc nəslin tənqidi düşüncəsinin, tarixi biliklərinin və milli mənsubiyyət şüurunun inkişafıdır.

“Öz mədəniyyətinə, tolerantlıq ənənələrinə və dünyəvi dövlətçilik prinsiplərinə zidd ideologiyaların cazibəsində özü üçün həyat qaydaları tətbiq edən insan milli dövlətçilik və cəmiyyət üçün dəyər yarada bilərmi? Milli kimliyə, milli düşüncəyə qarşı olan ideologiyaları sorğulayan, onu məntiq süzgəcindən keçirən və müstəqil qiymətləndirən cəmiyyət daha dayanıqlı deyimi? Axı, düşüncə müstəqilliyi olmadan siyasi müstəqilliyin mənəvi dayaqları nə qədər möhkəm ola bilər?

Prezident İlham Əliyevin Forumdakı çıxışının siyasi-fəlsəfi mahiyyəti bu bütövlükdə daha aydın görünür. Azərbaycanın dövlət suverenliyinin bərpası tarixi nailiyyətdirsə, onun mənəvi və ideoloji əsaslarının gələcək nəsillərə ötürülməsi milli məsuliyyət məsələsidir. Çünki sərhədləri qorumaqla dövlətin ərazisini müdafiə edirik, milli şüuru qorumaqla isə onun gələcəyini. Taleyimizin sahibi olmaq bir tərəfdən öz torpağımızda suveren yaşamaq, qurub-yaratmaqdırsa, digər tərəfdən də öz düşüncəmizin, milli kimliyimizin və gələcək seçimlərimizin sahibi olmaqdır”, - deyə yazıda vurğulanır.

azertag.az