06.11.2026, 11:03 - Baxış sayı: 13

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Avstriyada beynəlxalq konqresdə çıxış edib



29–30 oktyabr 2026-cı il tarixlərində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyev siyasi irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı Avstriyanın Linz şəhərində keçirilən “Elmi diplomatiya: Avstriya, Balkanlar, Anadolu, Qafqaz, Türküstan” VI Beynəlxalq sənət, mədəniyyət, folklor, coğrafiya və tarix konqresində iştirak edib.

Günel Aslanlı konqresin “Kimlik, yaddaş və sosial transformasiyalar” bölməsində “Sports Diplomacy of Azerbaijan during the Period of Independence” (“Müstəqillik dövründə Azərbaycanın idman diplomatiyası”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın dünyaya inteqrasiyasında idmanın rolu, beynəlxalq idman əlaqələrinin inkişafı və ölkənin beynəlxalq imicinin formalaşmasında idman diplomatiyasının əhəmiyyəti təhlil olunub.

Çıxışda idmanın dövlətlər və xalqlar arasında ünsiyyəti gücləndirən, qarşılıqlı etimadı və mədəniyyətlərarası dialoqu təşviq edən mühüm vasitə olduğu vurğulanıb. Azərbaycanın müstəqillik illərində həyata keçirdiyi idman siyasəti beynəlxalq əməkdaşlıq, milli dəyərlərin tanıdılması və “yumşaq güc” imkanlarının genişləndirilməsi kontekstində nəzərdən keçirilib.

Məruzədə Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi idman siyasətinin Azərbaycanın beynəlxalq idman məkanında mövqeyinin möhkəmlənməsində rolu diqqətə çatdırılıb. İdmançıların beynəlxalq arenalarda qazandığı nailiyyətlər, ölkəmizdə keçirilən mötəbər yarışlar və beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq Azərbaycanın dünyaya açılmasının və qlobal əlaqələrinin genişlənməsinin mühüm istiamətləri kimi dəyərləndirilib.

Bildirilib ki, idman tədbirləri Azərbaycanın təşkilatçılıq imkanları ilə yanaşı, zəngin mədəni irsinin, qonaqpərvərlik ənənələrinin və multikultural dəyərlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün də əlverişli platforma yaradır. Bu baxımdan idman diplomatiyası Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə, xalqlar arasında əlaqələrin dərinləşməsinə və ölkənin dünyaya inteqrasiyasına xidmət edən mühüm fəaliyyət sahəsi kimi səciyyələndirilib.