"8 Noyabr Zəfər Günü" münasibətilə Zəfər Parkı ziyarət edilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının Yeni Azərbaycan Partiyası və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə qadın alimlər “8 Noyabr – Zəfər Günü” münasibətilə Zəfər Parkını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, Zəfər Gününə həsr olunmuş barelyefin önünə gül dəstələri qoyulub.
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər milli həmrəyliyin, dövlət iradəsinin və vətənpərvərlik ruhunun parlaq təcəssümü kimi ölkənin tarixi yaddaşında mühüm yer tutur. Bu qələbə Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi daxil olmaqla yanaşı, milli dövlətçilik ənənələrinin möhkəmlənməsində və xalqın tarixi özünüdərkinin inkişafında da xüsusi əhəmiyyət kəsb edir.
Zəfər Parkına təşkil olunan ziyarət şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, tarixi Zəfərin mənəvi və ictimai əhəmiyyətinin yaşadılması, milli yaddaşın qorunması və vətənpərvərlik dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyini, mübarizə əzmini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən əlamətdar tarix kimi daim ehtiramla yad edilir.







