Faiq Ələkbərli: Uşaqlar üçün nəzərdə tutulan nəşrlərin məzmununa xüsusi diqqət yetirilməlidir
Müxtəlif dünyagörüşlərini əks etdirən kitablarla tanış olmaq insana fərqli fikirləri müqayisə etmək və öz mövqeyini formalaşdırmaq imkanı verir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli deyib.
O bildirib ki, insanlar bəzən mahiyyətini dərindən öyrənmədikləri ideyaları zərərli hesab edirlər. Halbuki müxtəlif fikirlərlə tanışlıq onların mahiyyətini anlamağa və düzgün qiymətləndirməyə imkan yaradır.
“Bəzən hesab edirik ki, hansısa ideyaları oxumaq zərərlidir. Mən düşünürəm ki, insanlar müxtəlif kitablarla tanış olsalar, doğru ilə yanlışı daha yaxşı ayırd edə bilərlər”, – deyə F.Ələkbərli vurğulayıb.
Özünün də razılaşmadığı bir sıra mütəfəkkirlərin əsərlərini oxuduğunu qeyd edən alim fərqli fikirləri müqayisə etməyin əhəmiyyətini diqqətə çatdırıb. Onun sözlərinə görə, insan yalnız öz dünyagörüşünə uyğun fikir və yanaşmaları öyrənməklə kifayətlənməməli, digər mövqeləri də araşdıraraq müstəqil nəticə çıxarmalıdır.
F.Ələkbərli kitab sərgilərində müxtəlif mövzuları əhatə edən nəşrlərin təqdim olunmasını müsbət qiymətləndirib. O, eyni zamanda, uşaqlar üçün nəzərdə tutulan kitabların seçilməsində diqqətli olmağın vacibliyini vurğulayıb. Alim hesab edir ki, yetkin oxucular fərqli ideyalarla sərbəst tanış olub onları müqayisə edə bilsələr də, uşaqlara təqdim olunan nəşrlərin məzmununa xüsusi diqqət yetirilməlidir.
İnstitutun şöbə müdiri Türk dünyasının fəlsəfi irsinin öyrənilməsi və təbliğini də prioritet istiqamətlərdən biri hesab etdiyini bildirib. O diqqətə çatdırıb ki, türk xalqlarının fəlsəfi fikir tarixinin və müasir fəlsəfəsinin araşdırılması milli-mədəni irsin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

