23.10.2026, 14:24 - Baxış sayı: 46

“Müasir praktiki (tətbiqi) fəlsəfə nədir və onun nəzəri fəlsəfəyə təsiri” mövzusunda elmi seminar keçirilib


Oktyabrın 23-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Lev Qumilyov adına Avrasiya Universiteti və X. Dulati adına Taraz Universitetinin birgə təşkilatçılığı ilə “Müasir praktiki (tətbiqi) fəlsəfə nədir və onun nəzəri fəlsəfəyə təsiri” mövzusunda elmi seminar keçirilib.

Seminarın moderatoru, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və elmi seminarın əhəmiyyətini vurğulayıb. O, fəlsəfənin müasir elmi və ictimai düşüncənin inkişafındakı roluna toxunaraq nəzəri biliklərlə praktiki fəaliyyət arasında qarşılıqlı əlaqənin öyrənilməsinin vacibliyini qeyd edib.

Professor epistemoloji fəlsəfə, nəzəri və praktiki fəlsəfənin mahiyyəti, həqiqət anlayışı, dünya fəlsəfəsinin əsas nəzəriyyələri, eləcə də Qazaxıstan fəlsəfəsinin tarixi inkişafı və konseptual xüsusiyyətləri haqqında ətraflı məlumat verib. O, tətbiqi fəlsəfənin müasir cəmiyyətdəki əhəmiyyətini şərh edərək fəlsəfi biliklərin real həyat problemlərinin həllində, etik qərarların qəbulunda və sosial münasibətlərin tənzimlənməsində rolunu diqqətə çatdırıb. Eyni zamanda, fəlsəfi düşüncənin dünyagörüşünün formalaşmasına, tənqidi təfəkkürün inkişafına və nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsinə verdiyi töhfəni vurğulayıb.

Daha sonra Qazaxıstan Respublikasının Lev Qumilyov adına Avrasiya Universitetinin və X. Dulati adına Taraz Universitetinin professoru Kuralay Ermaqambetova “Praktiki fəlsəfə: sosial-humanitar fənlərin tədrisində inteqral təhsilin və dizayn təfəkkürünün konseptual metammodeli” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə praktiki fəlsəfənin sosial-humanitar fənlərin tədrisində nəzəri biliklərin real həyat situasiyaları ilə əlaqələndirilməsində, tənqidi və yaradıcı təfəkkürün inkişafında metodoloji əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, inteqral təhsil və dizayn təfəkkürünün konseptual metammodeli müxtəlif elmi bilik sahələri arasında qarşılıqlı əlaqənin qurulmasını, fənlərarası inteqrasiyanın gücləndirilməsini və mürəkkəb problemlərə kompleks yanaşmanı nəzərdə tutur. Bu modelin əsas məqsədi təhsilalanlarda analitik təhlil, müstəqil qərarvermə, innovativ düşüncə və sosial məsuliyyət bacarıqlarını inkişaf etdirmək, fəlsəfi refleksiya ilə praktiki fəaliyyəti uzlaşdırmaqdır. Qeyd olunub ki, belə yanaşma sosial-humanitar təhsilin məzmununun zənginləşdirilməsinə və müasir cəmiyyətin dəyişən intellektual və sosial tələblərinə uyğunlaşdırılmasına şərait yaradır.

Seminarda X. Dulati adına Taraz Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Dina Kulbayeva, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Gulhan Nuraddin, Lev Qumilyov adına Avrasiya Universitetinin Fəlsəfə kafedrasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kuralay Yermagambetova və magistrant Anel Sabi iştirak ediblər .

Seminar zamanı fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev və fəlsəfə elmləri doktoru, professor Qorxmaz Vəliyev müzakirələrdə  iştirak edərək qonaqlara mövzu ilə bağlı suallar ünvanlayıb, fikir mübadiləsi aparıblar. 

Tədbirin davamında qonaqlar İnstitutun əməkdaşları ilə test sorğusu keçiriblər. Sorğuda f.ü.f.d. Samirə Dadaşova, f.ü.f.d. Zaur Rəşidov  fəal iştirak edib.Seminar elmi fikir mübadiləsi və beynəlxalq akademik əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyıb.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.