Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə “MİLLİ İDEOLOGİYA PROBLEMİNƏ TARİXİ-FƏLSƏFİ BAXIŞ”

İsdedadlı tədqiqatçı filosofumuz, zəhmətkeş alim, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin üç cilddən ibarət oxuculara təqdim edilmiş çox sanballı əsərindən söhbət gedir.
Faiq Ələkbərliyə magistraturada dərs demişəm. “XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda dissertasiyası üzrə elmi rəhbərlərindən biri olmuşam (akademik Firudin Köçərli ilə yanaşı). Faiq müəllimin elmi yaradıcılığını daim səmimiyyətlə izləmişəm, xeyli sayda əsərlərinin müzakirəsində şəxsən iştirak etmişəm. Onun “Türküstan” qəzetinin (demək olar ki, hər nömrəsində) səhifələrində dərc olunmuş çoxsaylı məqalələrini diqqətlə oxumuşam. Əslində Faiqdən həmişə müsbət mənada çox şey gözləmişəm. O, çılğın, cəsarətli, öz elmi mövqeyini qətiyyətlə qoruyan, fikrindən dönməyən alimdir. Etiraf edirəm ki, onun mənə hədiyyə olaraq göndərdiyi bu üç çildlik “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” əsərini sevinclə qarşıladım. Xatırlayıram ki, 50-60-cı illərdə elmi tədqiqatla məşğul olarkən bizi maraqlandıran mövzu ilə bağlı hər hansı bir informasiyanın əks olunduğu saralmış kitab səhifəsinə rast gələndə çox sevinirdik. İndi isə hazırkı və gələcək elmi tədqiqatlar üçün çox qiymətli, zəngin elmi informasiya və məlumatların yer aldığı bir əsər oxuculara təqdim olunmuşdur.
Əlbəttə, həm də etiraf etməliyəm ki, ömrümün xeyli hissəsini digər elmi problemlərlə yanaşı Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikir tarixinin tədqiqinə həsr etmişəm. İndi isə 95 yaşımın içindəyəm. Buna görə də Faiq Ələkbərlinin bu dəyərli üç cildiyini həm də vaxt baxımından ətraflı oxuyub, təhlil etmək mənim üçün imkansızdır. Lakin bununla belə bu qiymətli əsərlə ümumi şəkildə tanış oldum və onun nəfis şəkildə oxuculara təqdim olunmasına sevindim. Bu yerdə görkəmli türk şairi Ziya Paşanın aşağıdakı sözləri yadıma düşdü:
Ayinəsi işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli əsərində.
“Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” əsərinin məzmunu haqqında da icmal şəklində bir neçə söz demək istərdim. Əsərin I cildində müəllif çox maraqlı, zəngin məlumatlar, faktlar, elmi şərhlər əsasında etnos, millət, milli ideya, milli ideologiya və digər anlayışların ətraflı təhlilini verir. Əsərin II cildində XX yüzilliyin əvvəllərində Azərbaycanın fəlsəfi fikrində milli ideya axarışları, Sovet dönəmində Azərbaycanda milli ideologiya ilə bağlı yanaşmalar, baxışlar, XX yüzilliyin sonu və XXI yüzilliyin başlanğıcında milli ideologiyanın dirçəlişi, bununla bağlı ortaya çıxan problemlər, bir sıra müxtəlif aspektli baxışlar müəllifin şərhində oxucuların nəzərinə çatdırılır.
Əsərin III cildi də çox maraqla oxunur. Belə düşünürük ki, müəllifin buradakı elmi şərhlərinin və təhlillərinin fəlsəfi, xüsusilə də idraki əhəmiyyəti diqqət çəkir. Müəllif XXI əsrin əvvəllərində milli ideologiya axtarışlarının şərhi üzərində ayrıca dayanır, Azərbaycançılığın postklassik dövrünə keçidindən və milli konsepsiyadan bəhs edir. Əsərdə çağdaş dövrdə Güney Azərbaycan problemi və Bütöv Azərbaycan ideyasının şərhi də müəllifin diqqətindən kənarda qalmır. “Türk birliyindən Türk Dövlətləri Təşkilatınadək və Türkçülük təlimi” - III cildin sonuncu fəsli belə adlanır. Bu sonuncu məsələ ilə əlaqədar materiallar dərindən araşdırılır, onların ictimai-siyasi, fəlsəfi-sosioloji mənası-qiyməti müəllifin tədqimatında oxucunu razı salır. Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!”, “XXI əsr Türk dünyasının əsri olacaqdır!” fikirlərini nəzəri əsas kimi götürür.
Əsərdə müəllif iş yoldaşlarının, həmkarlarının kitabın müzakirəsi zamanı söylədikləri ciddi tənqidi qeydləri nəzərə alır.
Əsərin daha məzmunlu, oxunaqlı çıxmasında Azərbaycanın dəyərli filosofları Əli Abasovun (elmi redaktor), Əbülhəsən Abbasovun (rəyçi), Füzuli Qurbanovun (rəyçi), Rafail Əhmədlinin (rəyçi) və digərlərinin müsbət əməyini yüksək qiymətləndirirəm. Professor İlham Məmmədzadənin tövsiyələrinin və tənqidi iradlarının nəzərə alınması da müsbət mənada diqqəti cəlb edir.
“Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” çoxcilidliyi ilə əlaqədar bəzi tövsiyələrimi də bildirmək istərdim. Əvvala, əsərdə ara-sıra rastlaşdığım adi şərhçiliyin müəllifin gələcək elmi yaradıcılığında aradan qaldırılması, bunun əvəzində elmi-məntiqi təhlilin gücləndirilməsi ürəyimdən olardı. Əgər müəllif öz fikirlərini, konsepsiyasını, postulatını qətiyyətlə söyləyirsə və bu halda çoxlu dəlillər göstərməsini, daha dəqiq desək, sadalamasını uyğun saymıram. Şərhdə lakoniklik, fikir yığcamlığı daha üstün yer tutmalıdır. Həmçinin çox arzulayardım ki, Cəmaləddin Əfqani (əslində Əsədabadi), İsmayıl bəy Qaspıralı ilə bağlı mövzular Faiq müəllimin rəhbərlik etdiyi Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsində elmi tədqiqat mövzuları sırasına daxil edilsin.
Görkəmli filosofumuz Faiq Ələkbərliyə daha böyük elmi yaradıcılıq istəyi ilə.
İzzət Rüstəmov,
Fəlsəfə elmləri doktoru, professor



