25.06.2026, 16:38 - Baxış sayı: 24

Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli bildirib ki, Azərbaycan Respublikasının Dövlət Himni dövlət müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin rəmzidir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biridir. Bu gün yalnız milli ordumuzun keçdiyi şərəfli inkişaf yolunu deyil, həm də dövlətçiliyimizin əsas sütunlarını təşkil edən milli-mənəvi dəyərləri bir daha xatırlatmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

E.Mədətli vurğulayaraq bildirib ki, Himnimizdə ifadə olunan azadlıq, vətənpərvərlik və dövlətə sədaqət ideyaları Azərbaycan Ordusunun fəaliyyətinin də mənəvi əsaslarını təşkil edir. Dövlət himni xalqın tarixi yaddaşını və milli ruhunu yaşatdığı kimi, Silahlı Qüvvələr də həmin dəyərlərin qorunmasının və müdafiəsinin təminatçısıdır.

Müstəqil Azərbaycan dövlətinin ordu quruculuğu siyasəti Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xətt əsasında formalaşmış, bu siyasət İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilmişdir. Nəticədə Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilmiş, ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olmuşdur.

Daha sonra siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov Azərbaycan Ordusunun dövlətçiliyimizin qorunmasında, milli təhlükəsizliyin təmin edilməsində və ölkəmizin ərazi bütövlüyünün müdafiəsində mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixini, hərbi təhlükəsizlik məsələlərinin siyasi-fəlsəfi aspektlərini, milli dövlətçilik və vətənpərvərlik ideologiyasının formalaşmasında ordunun rolunu elmi müstəvidə təhlil edib. Bildirilib ki, güclü ordu müstəqil dövlətçiliyin əsas dayaqlarından biri olmaqla yanaşı, milli birliyin və vətəndaş həmrəyliyinin möhkəmlənməsində də mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsi veteranı, Prezident təqaüdçüsü, ehtiyatda olan baş leytenant, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev öz keçdiyi döyüş yolundan söz açaraq bildirib ki, bu gün Azərbaycan Ordusunun döyüş yolu hərbi tariximizin ən şərəfli səhifələrindən biridir. Diviziya quruculuğundan başlayaraq Lələtəpə, Hadrut, Tuğ və Böyük Tağlar uğrunda gedən döyüşlərə qədər keçilən yol Azərbaycan əsgərinin və zabitinin peşəkarlığının, vətənpərvərliyinin və sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu qəhrəmanlıq salnaməsi gələcək nəsillər üçün vətənə sədaqət və dövlətçiliyə xidmət örnəyi olaraq qalacaqdır-deyə qeyd edib.

Sonda f.ü.f.d., dos. Əli İbrahimov, elmi işçi Telman Quliyev, f.ü.f.d.,dosent Hüseyn İbrahimov çıxış edərək öz fikirlərini bölüşüblər.