“I Türkoloji qurultayın iştirakçıları olan rus şərqşünasları və onların yaradıcılığında İslama münasibət” mövzusuna həsr olunmuş ümuminstitut seminarı keçirilib

Aprelin 17-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “I Türkoloji qurultayın iştirakçıları olan rus şərqşünasları və onların yaradıcılığında İslama münasibət” mövzusuna həsr olunmuş ümuminstitut seminarı keçirilib.
Seminarı f.ü.f.d. Məhəmməd Cəbrayılov açaraq tədbir iştirakçılarını salamladıqdan sonra mövzuyla bağlı sözü f.ü.f.d., dosent Mətanət Şəkixanovaya verdi. Məruzəçi, ümumən rusiya şərqşünaslarının islama münasibətləri haqqında məlumat verdikdən sonra 1926-cı ildə Bakıda keçirilən türkoloji qurultayında iştirak edən alimlər və onların fikirləri haqqında ətraflı danışıb.
Qeyd etdi ki, rus şərqşünaslığı XIX–XX əsrlərdə formalaşmış və Şərq xalqlarının, xüsusilə müsəlman dünyasının öyrənilməsində mühüm rol oynamışdır. Bu sahənin nümayəndələri İslam dinini yalnız dini sistem kimi deyil, həm də tarixi, mədəni və sosial hadisə kimi tədqiq etmişlər.
Məruzəçi XX əsr rus şərqşünaslığının ən parlaq nümayəndəsi bu gün də İslama verdiyi xidmətinə müraciət edilən, artıq iki əsrdir ki, həm ardıcıllarının, həm elm adamlarının, həm də Quranla maraqlananların müzakirələrinə səbəb olmuş tərcüməsi ilə şərqşünaslıq elmində məşhur olan Kraçkovskidən bəhs edib.
M. Şəkixanova demiçdir ki, yaradıcılığına toxunmaq istədiyimiz heyranedici şəxsiyyəti və erudisiyası ilə fərqli bir şərqşünas olan Bartoldur. O, "Monqol istilalarına qədər Orta Asiyada Xristianlıq” adlı əsərində İslama yalnız tarixi-mədəni prosesin tərkib hissəsi kimi deyil, bir sıra xalqların tarixi taleyini müəyyənləşdirən sivilizasiya yaradan amil kimi baxmışdır.
Məruzəsində M. Şəkixanova İslamla tanışlığı klassik Şərq ədəbiyyat, kontekstində, xüsusi ilə sufizmlə dərinləşdirən E.E. Bertelsin haqqında danışıb, islam mədəniyyətinin tədqiqində onun böyük xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, o, islamı həm də mənəvi-irfani trəcrübə kimi dərk edib, bu aspektdən araşdıran bir şərqşünasdır. Ona görə islamı simvolik və metafizik düşüncə formalarını özündə birləşdirən bütöv bir svilizasiya hadisəsidir.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., prof. İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, AMEA-nın müxbir üzvü, f.e.d., professor Könül Bünyadzadə, f.ü.f.d., Şölət Zeynalov, f.ü.f.d., dosent İradə Zərqanayeva, elmi işçi Həsənağa Məmmədli, dosent Samirə Mirbağırzadə müəlliflərə suallar ünvanlayaraq, mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Dosent M. Şəkixanovanın məruzəsi ətrafında müzakirələr də maraqlı keçib və çıxış edənlər zəngin elmi araşdırmasına və təqdiminə görə ona təşəkkürlərini bildiriblər.






