08.04.2026, 12:13 - Baxış sayı: 36

Xaqani Şirvani Azərbaycanın ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır


“Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Yaradıcılığında vətənpərvərlik motivləri xüsusi yer tutan Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə Prezident İlham Əliyevin Sərəncamı onun irsinə dövlət səviyyəsində yüksək qiymət verildiyini və Ulu Öndər Heydər Əliyev irsi kontekstində klassik mədəniyyətimizin həmişə olduğu kimi, yenə də təbliğ edildiyini göstərir. Dahi lider Heydər Əliyev Əfzələddin Xaqani Şirvanini xalqın bədii-fəlsəfi təfəkkürünü formalaşdıran şairlərdən biri kimi yüksək qiymətləndirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası böyük Azərbaycan şairi Xaqani Şirvaninin yaradıcılığına xüsusi önəm verərək silsilə tədbirlər keçirməkdədir. Xaqaninin (“Töhfətül-İraqeyn”) əsəri Azərbaycan elminə böyük töhfə vermişdir. Müasir elmi-nəzəri fikrin tələbləri baxımından Azərbaycan ədəbiyyatı klassiklərinin irsinin tədqiqini genişləndirmək üçün onların müasir Azərbaycan dilinə filoloji tərcüməsini yerinə yetirmək mühüm yer tutur. Əsərləri humanist və fəlsəfi-didaktik fikirlər aşılayan dünya şöhrətli klassik­lə­rimiz Xaqani Şirvani və başqalarının həyatı, yaradı­cılığı, tədqiqi haqqında ensiklopediyaların hazırlanması vacibdir və burada, xüsusilə Xaqani Şirvaninin əsərləri nəzərdə tutulur.

Prezident İlham Əliyev Sərəncamında qeyd etmişdir: Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür.

Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən Xaqani Şirvaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, “Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Şairin ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” poeması daxildir. Xaqani Şirvani “Gənclərə nəsihət” şeiri və digər əsərləri ilə gəncləri elmli, əxlaqlı, dürüst olmağa, zəhmətlə yaşamağa çağırıb. O, gəncləri mənfi təsirlərdən qorunmağa və həyatın çətinliklərinə hazır olmağa səsləmişdir.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

science.gov.az