09.04.2026, 12:32 - Baxış sayı: 33

Səməd Vurğunun 120 illiyinə həsr olunmuş kitab nəşr olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Aypara Abbasovanın Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Fəlsəfi nəfəs və bədii ahəng - Vurğun dünyasına səyahət” (Bakı “OPTİMİST” MMC-2026, 160 s.) adlı kitabı nəşr olunub. 

Kitabın yazılmasında əsas məqsəd Səməd Vurğun poetik irsində təcəssüm olunan fəlsəfi təfəkkürü mövcud elmi yanaşmalar və mətnlər əsasında mümkün qədər sistemli şəkildə üzə çıxarmaq, eyni zamanda onu bədii duyğular kontekstində təhlil etməkdir. Tədqiqat boyunca göstərməyə çalışılıb ki, fikir və hissin vəhdəti Vurğun yaradıcılığında yalnız estetik bir prinsip deyil, həm də dərin mənəvi-fəlsəfi mahiyyət daşıyır. Şairin sözündə yaşayan "ruh" zamana tabe olmayan, insanın özünü dərk prosesinə işıq salan universal bir həqiqət kimi çıxış edir. Məhz bu səbəbdən təqdim olunan mətn sırf elmi araşdırma çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda oxucunu fəlsəfi düşüncəyə, mənəvi özünütəhlilə çağıran bir düşüncə mətninə çevrilir. Kitabda Səməd Vurğunun yaradıcılığı estetik, fəlsəfi və mənəvi qatların qarşılıqlı vəhdətində araşdırılır, onun poeziyasında insan, zaman, varlıq və milli-mənəvi dəyərlər probleminin necə formalaşdığı ardıcıl şəkildə təhlil olunur. Həmçinin kitabda müəllifin qələmə aldığı kiçikhəcimli bir dastan və bir sıra şeirlər də yer almışdır.