16.03.2026, 14:54 - Baxış sayı: 26

“Müasir fəlsəfə və məntiqdə dil problemi” mövzusunda dəyirmi masa keçirilib


Martın 16-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda "Elm" gününə və  Jürgen Habermasın xatirəsinə həsr olunmuş “Müasir fəlsəfə və məntiqdə dil problemi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., prof. İlham Məmmədzadə açaraq sözü tədbirin moderatoru f.ü.f.d., dosent Məhəmməd Cəbrayılova verib.

Moderator bu günkü keçirilən “Müasir fəlsəfə və məntiqdə dil problemi” mövzusundakı Dəyirmi masanın əhəmiyyətindən danışaraq, ilk sözü Fəlsəfə və Sosiologiya İnstitutunu şöbə müdiri f.e.d., professor Əli Abasova verib. Professor məruzəsində “Dilin fəlsəfədə və məntiqdə ən yeni problemləri” mövzusunda çıxış edərək bildirmişdir ki, fəlsəfə, dil, məntiq anlayışı bir-biri ilə sıx bağlıdır.

Dil düzgün düşünmə və nəticə çıxarma qaydalarını öyrənən elmdir. Məntiqdə dil xüsusi rol oynayır, çünki bütün mühakimələr və nəticələr dil vasitəsilə ifadə edilir. Müasir məntiqdə əsas problemlərdən biri gündəlik dil ilə formal məntiq dili arasındakı fərqdir.

Məntiq isə bu anlayışların düzgün şəkildə əlaqələndirilməsini və nəticə çıxarılmasını təmin edir. Fəlsəfə isə bütün bu prosesləri ümumi şəkildə araşdıraraq insanın düşüncə sistemini anlamağa çalışır. Professor fenomenal və noumenal dünya anlayışları insanın reallığı necə dərk etdiyini izah edən mühüm fəlsəfi ideyalardan olduğunu, bu anlayışlar xüsusilə Immanuel Kant fəlsəfəsində mühüm yer tutduğunu vurğulayaraq bildirmişdir ki, fenomenal dünya insanın hiss və təcrübəsi vasitəsilə qavradığı aləmdir. Noumenal dünya isə əşyaların insan şüurundan və qavrayışından kənarda olan həqiqi mahiyyətini ifadə edir. İnsan yalnız fenomenal dünyanı tam şəkildə dərk edə bilir, noumenal dünya isə insan idrakı üçün tam əlçatan hesab olunmur. Beləliklə, bu iki anlayış insanın bilik imkanlarını və reallığı dərk etmə sərhədlərini izah etmək baxımından fəlsəfədə böyük əhəmiyyətə malikdir-deyə vurğulayıb.

Daha sonra f.e.d. Füzuli Qurbanov “Müasir Azərbaycan fəlsəfəsində terminologiya məsələsi: Azərbaycanşünaslıq konteksti” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan fəlsəfi təfəkkürünə, Azərbaycan fəlsəfəsinə və onun indi bizim üçün çox mühüm olan azərbaycanşünaslıq kontekstində necə tətbiq olunduğundan danışaraq, şüur, dil və məntiq kimi anlayışların, Azərbaycan müasir fəlsəfəsində ümumiyyətlə, beynəlxalq fəlsəfi sistemlərdə, dünyada işlənən fəlsəfi terminologiya terminlərin anlayış və kateqoriyaların biz tərəfdən necə dərk edilməsi və ya onun dəyişdirilməsi məsələsi lazım və lazım deyilmi? Və bu məsələyə linqvistik fəlsəfə səhısindən baxaraq təhlil edib. 

Sonra f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov “Postinsan dövründə Süni intellektin kommunikativ rolu və dil-məna ontologiyasının yenidən qurulması” mövzusunda çıxış edərək, postinsan dövrü insan mərkəzli ontologiyanın zəifləməsi və insan–texnologiya hibridliyinin artması ilə xarakterizə olunduğunu, kommunikasiya artıq yalnız insanın sahəsi deyil; alqoritmik sistemlər də bu prosesin iştirakçısına çevildiyini, dil–məna münasibətində niyyətlə yanaşı statistik və simulyativ məna formalarının da meydana çıxdığını qeyd edib.

Süni intellekt müəlliflik, məsuliyyət, həqiqət və normativ kommunikasiya problemlərini yenidən gündəmə gətirir,semantik məkan üzərində nəzarət mədəni, siyasi və geosiyasi güc formasına çevrilir- deyə vurğulayıb.

Sonda AMEA Fəlsəfə fə Sosiologiya İnstitutunun direktoru, f.e.d.,prof. İlham Məmmədzadə mövzular haqqında onu düşündürən suallara öz fikrini dolğun fəlsəfi baxımdan bildirib.

Tədbirdə f.e.d., professor Arif Büniyatov, f.ü.f.d., dosent Zeynəddin Şabanov mövzu ətrafında öz fikirlərini bildiriblər.

Tədbirin sonunda  moderator çıxış və məruzələrin fəlsəfə elmi üçün faydalı olduğunu və sualların növbəti elmi müzakirələr üçün əsas yaratdığını qeyd edib.