“Antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi: A.O.Makovelskinin əsərləri əsasında” monoqrafiya dərc olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Rəşidovun “Antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi: A.O.Makovelskinin əsərləri əsasında” monoqrafiyası dərc olunub (Bakı: “Bəxtiyar-4" nəşriyyatı, 2026, - 480 s.).
Monoqrafiyada Antik yunan fəlsəfəsinin ilk mərhələsi kimi qəbul olunan Sokrataqədərki dövrün fəlsəfi irsi tədqiq olunur. Xronoloji ardıcıllıq əsasında Sokrataqədərki fəlsəfənin doğuluşu, bu qədim tarixi mərhələnin səciyyəvi xüsusiyyətləri, “Sokrataqədərkilər termininin mənşəyi, Antik yunan filosoflarının ilk pleyadasında Eleatlara qədərkı nümayəndələr, Kleatlar dövrünün filosofları, Sokrataqədərki dövr fəlsəfəsində ilk sofistlər və Antik fəlsəfənin Klassik mərhələsinədək fəaliyyət göstərmiş Qədim yunan atomistlərinin təlimləri təhlil edilir. Mövzunun araşdırılması zamanı, XX əsrin tanınmış Azərbaycan fəlsəfə tarixçisi Aleksandr Osıpovıç Makovelskinin (1884-1969) ilkin mənbələr əsasında yunan dilindən rus dilinə etdiyi silsiləvi “Sokrataqədərkilər” tərcümələrindən istifadə olunmuşdur. Monoqrafiyada Sokrataqədərki fəlsəfənin yeganə qaynağı hesab edilən Herman Dilsin fraqmentlərindən tərcümələrlə yanaşı, A O.Makovelskinin bu dövrə aid müəyyən tədqiqatları və şərhlərinə də müraciət edilmişdir. Sokrataqədərkiləri düşündürən fəlsəfi problemlərin daha əhatəli təhlili məqsədilə, bilavasitə Sokrataqədərki dövrü tədqiq edən çoxsaylı Qərb fəlsəfə tarixçilərinin tədqiqatlarına da istinadlar verilmişdir. Sokrataqədərki dönəm filosoflarının görüşlərindəki əsas fəlsəfi məqamların tədqiqi zamanı, A O Makovelskidən edilən konkret tərcümələr və bu dövrə aid mühüm Qərb ədəbiyyatlarına istinadən gostərilən fikirlər, müəllifin mühakimələrilə məntiqi şəkildə əlaqələndirilmişdir. Monoqrafiya bilavasitə Qədim yunan mədəniyyəti, Antik dövr fəlsəfəsi, Sokrataqədərki dönəm filosoflarının irsi və Qərb fəlsəfə tarixinin başlanğıcı kimi mövzuların tədqiqi va tədrisilə məşğul olan mütəxəssislər, eləcə ümumilikdə fəlsəfə tarixi va mədəniyyətşunaslıqla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyanın elmi redaktorları professor, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, rəyçiləri professor, fəlsəfə elmləri doktoru Əli Abasov, professor, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasovdur.

