Bu gün Azərbaycanımızın paytaxtı Bakıya təşrif buyuran Daşkənd İqtisadiyyat ve Pedaqojika Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru, professor Marufjon Yuldashev, Dillər fakültəsinin dekanı Zubayda Şarapova, Pedagoji fakültəsinin əməkdaşı, professor Şoira Abdujalilova Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda olublar.
Özbəkistanlı alimlərlə görüşdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdirləri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı və başqaları iştirak ediblər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva bildirib ki, bu kimi qarşılıqlı elmi səfərlər, görüşlər Azərbaycan-Özbəkistan münasibətləri ilə yanaşı, Türk dünyası üçün də çox əhəmiyyətlidir.
Professor Marufjon Yuldashev da Azərbaycan- Özbəkistan arasında elm-təhsil sahəsində münasibətlərin inkişafının önəmliiyindən bəhs edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli də Türk xalqlarının elm-təhsil sahəsində xeyli uğurlar əldə etdiyini və müasir dövrdə bunun davamlılığının vacibliyini qeyd edib.
Görüşün sonunda Faiq Ələkbərli Özbəkistanlı qonaqlara müəllifi olduğu kitabları hədiyyə edib.