Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub
AMEA Fəlsəfə və Sosiologiya institutunda siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məmmədağa Sərdarovun 85 illik yubileyinə həsr olunan tədbir keçirilmişdir.
Tədbirdə institutun rəhbərliyi, elmi əməkdaşlar, tədqiqatçılar, alimin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açaraq Məmmədağa Sərdarovu yubiley münasibətilə təbrik edib. Sonra Məmmədağa Sərdarovun Azərbaycan fəlsəfə və sosiologiya institutundakı işindən,elmi-pedaqoji fəaliyyətindən və zəngin elmi irsindən bəhs edərək bildirib ki, alimin uzun illər ərzində apardığı tədqiqatlar onun zəhməti və əməyinin bəhrəsidir deyə- qeyd edib.
Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli bildirmişdir ki, Məmmədağa Sərdarov haqqında bizim “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi ” şöbəsinin əməkdaşlarının əksəriyyəti ürək sözləri yazıblar və həmin fikirlər, həmin duyğular, hissiyatlar keçən ilin əvvəlində M.Sərdərovun çap etdirdiyi “Dogma kəndim Gədəzeyxur” adlı kitabında yer alır. Onun dogma yurduna, kəndinə bağlılığı onun böyük Azərbaycan sevgisindən irəli gəlir. Onun “Azərbaycan” şerindəki
Anama can demişəm,
Balama can deyirəm
Sənə də dogma torpaq,
Canım qurban deyirəm!
Belə misralarla Məmmədağa müəllim Vətən sevgisini öz elmi və bədii yaradıcılığında hər zaman çox səmimi şəkildə nümayiş etdirib. Məmmədağa Sərdarov çox şərəfli bir həyat yolu keçib. Əvvəl müəllim işləmiş, uzun müddət dövlət qulluğunda məsul vəzifələrdə çalışıb. Məmmədağa müəllim 1999-cu ildən həyatını elmə bağlayıb. Elmlər Akademiyasına gəlib və orda elmi tədqiqatla məşğul olub. Daha sonra “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi ” şöbəsində aparıcı elmi işçi kimi bir neçə kitabın bir neçə elmi əsərini hazırlayıb dərc etdirib. Bu kitablar içərisində ən dəyərlilərindən biri məhz Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Mahir siyasətçi müdrik rəhbər” kitabıdır ki, Məmmədağa Sərdarovun orada olduqca maraqlı xatirələri, müxtəlif tədbirlərdə Ulu Öndərin rəhbərlik və iştirak etdiyi zaman yadında qalan ümumiyyətlə, Heydər Əliyevin siyasi irsinə dair araşdırmaları vardır. M.Sərdarovun çox maraqlı yazılarından biri isə “Gələcək keçmişdən başlayır”adlı yazıdır. Məmmədağa Sərdarın sonsuz Azərbaycan eşqində heç vaxt təravətini itirməyən ilk məhəbbətinin - Qusar sevgisinin ayrıca yeri var. Oğlanları və nəvələri ilə ölkəmizin bu Şahdağlı bölgəsinə hər gedişi ona qol-qanad verir, pərvazlandırır. Şeirlərindən biri görkəmli bəstəkarımız Eldar Mansurovun musiqi bəstələdiyi "Mən Qusara gələndə” mahnısına çevrilib.
“Daha sonra E. Mədətli yubilyarı şərəfli ömür yolu münasibətilə təbrik edərək bildirdi:”Hörmətli Məmmədağa müəllim Siz əməyinizlə, qələminizlə, əsl vətəndaş mövqeyinizlə, yetişdirdiyiniz vətənpərvər övladlarınız və nəvələrinizlə xalqımıza daim xidmət etmisiniz və bu xidmətinizi bundan sonra da davam etdirməyi arzulayırıq.”
Tədbirdə f.e.d., s.e.ü.f.d., dos. Sənan Həsənov, professor Rəna Mirzəzadə, f.e.d. Ziba Ağayeva, f.e.d.Füzuli Qurbanov, Abid Tahirov , BDU-nun dosenti Anar Məmmədov, f.ü.f.d., dos. Əli İbrahimov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, s.e.ü.f.d. Ruşan Ruşanzadə, f.e.d., professor Sakit Hüseynov, f.ü.f.d. Şölət Zeynalov, elmi işçi Telman Quliyev, İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, f.ü.f.d., dos. İradə Zərqanayeva, Musa Nəsirov (Nazirlər Kabineti bir yerdə işləyib) Məmmədağa Sərdərovun həyat və yaradıcılığından çıxış ediblər .
Sonra AMEA Azad Həmkarlar Təşkilatının sədri Sənan Həsənov yubilyarı Fəxri fərmanla təltif edib.
Sonda Məmmədağa Sərdarov çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, elmi fəaliyyət yoluna dair fikirlərini iştirakçılarla bölüşüb, öz şeirlərindən bəzilərini dinləyicilərə təqdim edib.
Məmmədağa Sərdarov bu maraqlı tədbir üçün şərait yaratdığına və göstərdiyi diqqətə görə institut rəhbərliyinə təşəkkürünü bildirib.



















