19.01.2026, 10:33 - Baxış sayı: 26

“20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi” mövzusunda elmi-nəzəri seminar keçirilmişdir


Yanvarın 16-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin “20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi” mövzusunda elmi-nəzəri seminar keçirilmişdir.

Seminarda “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin əməkdaşları baş.e.i f.e.d.,dos., L.Mövsümova, , a.e.i., s.e.ü.f.d., dos. Ş. Bağırov, , a.e.i. s.e.ü.f.d.,dos., D.Həşimov, a.e.i., s.e.ü.f.d., dos. E.Əsədov, a.e.i., s.e.ü.f.d.,dos. Z.Əliyev, a.e.i. f.ü.f.d.,dos. T.Qasımova, e.i. S.Quliyeva, e.i. N.Əlicanova, b.lab. G.Cabarova iştirak etmişlər.

Tədbirdə qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məruzəçi “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Sevinc Quliyeva çıxış edərək bildirdi ki, 20 yanvar faciəsinə ilk siyasi qiymət Heydər Əliyev tərəfindən verilmişdir. Onun 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı bütün dünya dinlədi. Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 7 mart tarixli sessiyasında çıxışı zamanı da Heydər Əliyev bu haqda bəyanat verdi. Bəyanatda deyilirdi: 1990-cı il 20 yanvar tarixində Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz törədilmişdir. Ulu öndər Azərbaycan Respublikasının rəhbəri seçildikdən sonra 1994-cü il 5 yanvar tarixində bu haqda imzaladığı fərmanda Milli Məclisə tövsiyə edilirdi ki, faciəyə siyasi-hüquqi qiymət verilsin.

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu.

Son olaraq vurğuladı ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qanla yazılmış səhifəsi olmaqla yanaşı, milli iradənin və birliyinin simvoludur. Məhz həmin mübarizə ruhu illər sonra tarixi Zəfərə gedən yolu açdı və Azərbaycan xalqının sarsılmaz iradəsini bir daha bütün dünyaya nümayiş etdirdi.