19.01.2026, 10:34 - Baxış sayı: 12

AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ YENİ SƏVİYYƏDƏ


2020-ci ildə ABŞ-da prezident olan Donald Tramp 44 günlük Vətən müharibəsində Azər­bay­ca­nın daxili işinə müdaxilə etmədi. ABŞ-ın “Fox News” televiziya ka­nalına müsahibəsində jurnalistin “Siz Prezident Trampın və onun administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məm­nunsunuzmu?” sualına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə cavab verdi: “Dü­şü­nürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gör­dü­yü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz gö­rü­rük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də ol­ma­lıdır. Çünki ABŞ vasitəçidir... ABŞ tərəf tutmur. Eləcə də digər həm­sədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni ic­ma­sı­nın təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili si­ya­sətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul ol­duğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət gös­tərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa dü­şürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti bu­rada – Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tə­rəfindən də dəstəklənir”.

Co Bayden 2021-ci il yanvarın 20-dən prezident se­çil­dik­dən sonra Türkiyə ilə ABŞ arasında gərgin vəziyyət Azər­bay­ca­nın da ABŞ ilə münasibətlərinə təsir etdi. Digər tərəfdən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, o vaxtkı keçmiş senator, ondan sonra vitse-prezident, ondan sonra Prezident olan Co Bayden “907-ci Əlavə”nin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. Ona görə də Co Bayden hökumətinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyini, Ermənistan üzərində qələbəsinə sevinəcəyini düşünmək olmazdı. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın əraziləri işğaldan azad edildi, ərazi bütövlüyü bərpa edildi. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 43 dəqiqə ərzində yekunlaşdırdığı anti-terror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Bununla belə, Co Bayden hökuməti Azərbaycanın qələbəsini, ərazi bütövlüyünü hüquqi cəhətdən tanımır, problemin yenidən ATƏT-in Minsk Qrupunda müzakirəyə gətirilməsini bildirirdi.

2025-ci ildən yenidən prezident olan Donald Tramp dünyada olan müharibələrə son qoyacağını bildirdi. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması Cənubi Qafqazda sülh və təhlükəzliyə təminat verir. Həmin görüşdə ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi Azadlığı Müdafiə Aktına “907-ci Əlavə”nin ləğv edilməsi haqqında qərar çox böyük siyasi əhəmiyyətə malikdir.

Hər kəsə məlumdur ki, “Azad­lı­ğı Müdafiə Aktı” və ona “907-ci Əlavə”nin dəstəklənməsi, hər il Er­mənistana göstərilən humanitar yardımın çoxaldılması və uy­dur­ma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə zorla ta­nı­dıl­ması istiqamətlərində fəaliyyət ABŞ-da yaşayan ermənilərin əsas fəaliyyət istiqamətləri olmuşdur. “907-ci Əlavə”də yazılırdı ki, Azər­baycan hökuməti Ermənistan və “Dağlıq Qarabağ”a qarşı zor gü­cündən istifadəni dayandırdıqdan sonra ABŞ Azərbaycana yardım edəcəkdir. Konqresin bu cür qərar qəbul etməsi üçün formal əsas bu olmuşdur ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. Ümummilli lider Heydər Əliyev “Azadlığı Müdafiə Aktı” və ona “907-ci Əlavə” ilə əlaqədar 1993-cü il sentyabrın 2-də ABŞ-ın Prezidenti Bill Klintona, vitse prezidenti Albert Qora, Kon­qresin spikeri Tomas Foliyə müraciətində bildirdi ki, “...Azərbaycan xalqı, habelə erməni-azərbaycanlı münaqişəsi haqqında hə­qi­qə­ti bilənlərin hamısı bunu çox böyük ədalətsizlik və ya yolv­e­ril­məz anlaşılmazlıq kimi qarşılamışlar. Mənə məlum olduğuna görə, Azərbaycan barəsində bu ayrı-seçkilik tədbiri Azərbaycan tərəfindən ­Ermənistanın uydurma "blokadası" ilə əlaqədar nə­zər­də tutulmuşdur. Həmin tədbir Qərbin kütləvi informasiya va­si­tələrində Ermənistan tərəfindən aparılan yaxşı təşkil olunmuş təb­liğat kampaniyasının bəhrəsidir və onun gerçəkliklə heç bir əla­qəsi yoxdur. Əvvəla, Ermənistan Respublikasının digər dö­v­lət­lər (Türkiyə, İran, Gürcüstan) ilə sərhədləri var və bu sər­həd­lə­ri Azərbaycan blokadaya almaq iqtidarında deyildir. İkincisi, söhbət Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kom­mu­ni­ka­siyalarından gedir ki, onlar da beş ildən çoxdur Ermənistanın Azə­r­baycana qarşı apardığı müharibə nəticəsində dağılmışdır. Bundan nəinki Ermənistan, həm də Naxçıvan Muxtar Res­pub­li­ka­sında yaşayan azərbaycanlılar böyük əziyyət çəkirlər...”

2001-ci il 11 sentyabr terror hadisələrindən sonra Azərbaycan bey­nəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ı dəstəkləyən ilk dö­vlətlərdən biri oldu, oktyabr ayının sonlarında ABŞ Senatı “907-ci Əlavə”­nin müvəqqəti dayandırılması barədə Prezidentə səl­ahiyyət verdi. Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu, 2024-cü ilə qədər davam etdi. Çünki Əfqanıstandakı əməliyyatlarda həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar Azərbaycan Amerikaya lazım idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionda sülh və təhlükəsizliyi yaradılması istiqamətində fəaliyyətinin nəticəsi olaraq “907-ci Əlavə”nin ləğv edilməsi haqqında maddənin qəbul edilməsi bütün dünya dövlətlərinə bir daha göstərdi ki, bu sənəd qərəzli olaraq Azərbaycana qarşı qəbul edilmişdir, Azərbaycan dövləti Ermənistana qarşı haqlı mübarizə aparmışdır. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasından sonra sülh şəraiti yaranmışdır. Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiyadan taxıl gətirilib, Azərbaycandan neft məhsulları göndərilib. “907-ci Əlavə”nin ləğv edilməsi haqqında ABŞ Prezidenti qərar verdi, Konqresin də bu qərarı təsdiq etməsi üçün bütün əsaslar var.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri

https://www.baki-xeber.com/siyaset/242248.html