20 Yanvar faciəsində dahi lider Heydər Əliyevin tarixi xidməti - qətiyyətli mövqeyi
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında sovet qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq Bakı şəhərinə daxil oldular.
Azərbaycan xalqının müstəqil inkişaf yolunu seçməsi müqabilində SSRİ rəhbərliyi imperiyanın gücünü göstərmək qərarına gəlmişdi. 20 Yanvar hadisələri Bakıda – mərkəzdə baş vermişdi. Görəsən respublikanın digər yerlərində, xüsusən Qarabağda vəziyyət necə idi?
Yanvar ayında erməni terrorçuları tərəfindən Əsgəran-Ağdam yolunda körpü, Şuşa şəhərini su ilə təmin edən boru kəməri, Ağdam şəhərində avtovağzal binası partladılmışdı. Todan kəndinə silahlı hücum nəticəsində 4 nəfər, Xanlar rayonunun Şəfəq kəndində bir nəfər, Laçın rayonunun Hacılar kəndində bir nəfər öldürülmüşdü.
19 yanvar tarixində Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul edir, lakin Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Naxçıvanın Şada, Yuxarı Yaycı, Havuş, Günnüt və Batabat rayonu hucuma məruz qalır, Sədərək rayonunda 10 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürülür. Naxcıvan MSSR‑in Kərki kəndi Ermənistan SSR‑də yerləşən 7‑ci sovet ordusunun hərbciləri tərəfindən işğal edilərək ermənilərə təhvil verildi.
Bakı və Gəncə şəhərlərində, digər yaşayış məntəqələrində ictimai‑siyasi vəziyyət daha da ağırlaşır, hakimiyyətsizlik hökm sürən respublikaya Ermənistan SSR tərəfdən silahlı hücum güclənir. 1990‑cı il yanvarın 19‑da SSRİ Ali Soveti yanvarın 20‑də saat 00‑dan “Bakı şəhərində fovqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman versə də, fövqəladə vəziyyət rejiminin qüvvəyə mindiyi vaxt xalqa bildirilmədi. Axşam saatlarında ölkənin yeganə televiziyasının enerji bloku partladıldığından hücum barədə ictimaiyyətə məlumat çatdırılmadı. Təcavüzkarlıq aksiyası nəticəsində Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmış, xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakı zəbt edilmiş, dinc əhaliyə divan tutulmuşdu.
M.Qorbaçovla kəskin telefon danışığından sonra Ümummilli Lider Heydər Əliyev eşitdi ki, Moskvada Azərbaycanın daimi nümayəndəliyinin binası qarşısında adamlar yığışıb. Həmin gün bütün xarici radiosəslər Heydər Əliyevdən sitatlar gətirirdi, daimi nümayəndəliyin qarşısına yığılmış xarici müxbirlər isə müsahibə almaq üçün onun ətrafına yığışmışdılar.
Heydər Əliyev doğma xalqı ilə həmrəy olaraq, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirmişdi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. ...Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.
Ümummilli Lider Heydər Əliyevin tərəfindən Milli Məclisdə 20 faciəsinə qiymət verilməsi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə yaradılması qərarı qəbul olunmuş, “Əbədi Məşəl” abidə kompleksinin yaradılması 1994-cü ildə irəli sürülmüşdür. Həmin ilin martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilmişdi. Milli Məclisin həmin qərarından: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Ümummilli Liderin 1996-ci il 20 yanvar günü respublika sarayında qanlı yanvar faciəsi şəhidlərinin xatirə gecəsində çıxışı: “Xalqımız öz müstəqilliyini qoruyub saxlayacaqdır. Buna əmin ola bilərsiniz. Müstəqil Azərbaycan günü-gündən inkişaf edəcək, ancaq bu günlər heç vaxt unudulmayacaqdır. Heç vaxt unudulmayacaqdır. Gələcək nəsillər bu günləri daim yad edəcəklər. Mən buna əminəm. Bizim borcumuz şəhidlərin ruhuna sadiq olmaqdır. Bizim borcumuz əcdadlarımızın vəsiyyətinə sadiq olmaqdır – milli azadlığımızı qorumaq, dövlət müstəqilliyimizi qoruyub saxlamaqdır. Xalqımız heç vaxt sınmayacaqdır. Əmin olun ki, respublikanın prezidenti kimi, bu gün bir daha bəyan edirəm, xalqımızın milli azadlığını qoruyub saxlamaq, dövlət müstəqilliyini qorumaq və inkişaf etdirmək mənim müqəddəs vəzifəmdir.”
Prezident İlham Əliyev vurğulayıb ki, bu qanlı faciə, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi: “O vaxtadək Sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi”.
Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

