07.01.2026, 14:15 - Baxış sayı: 28

Azərbaycanın multikulturalizm modeli ölkədə etnik və dini həmrəyliyi gücləndirir ŞƏRH


2014-cü ildə Azərbaycanda multikulturalizm siyasətinin rəsmi dövlət siyasəti elan edilməsi ölkəmizdə etnik və dini dözümlülüyün qorunmasına və təşviqinə mühüm töhfə verib.

Bunu AZƏRTAC-a açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın 20 faiz torpaqları işğal altında idi və müstəqillikdən sonra qarşıya qoyulan ən böyük çağırışlardan biri etnik və dini dözümsüzlük olub: “Separatizmi qızışdıran qüvvələr məhz bu amillərə əsaslanaraq müxtəlif planlar qurmuşdular. 2014-cü ildən etibarən Azərbaycan multikulturalizm modelini tədqiq edib, onun əsaslarını işləyib hazırlayıb, həm daxildə, həm də xaricdə tədrisini həyata keçirib. Bu siyasət həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini nümayiş etdirib”.

Ekspert vurğulayıb ki, Azərbaycanın müxtəlif xalqlar və konfessiyaların nümayəndələri tarixən bir-birilə yaxın münasibətlər quraraq qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirib, Vətən müharibəsi dövründə bu birlik bir daha sübut olunub: “İnsanlar etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətən-dövlət prinsiplərini rəhbər tutub, müharibədə xristian icmasının üzvləri də, eləcə də digər konfessiyalardan olan vətəndaşlarımız şəhidlik, qazilik və müharibə iştirakçılığı nümunələri göstəriblər”.

Radif Mustafayev Azərbaycanın alban xristianlığının tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, Alban xristianlığı bu torpaqlarda həvarilər tərəfindən inşa olunmuş kilsələrdə kök salmış, sonrakı dövrlərdə müxtəlif istiqamətlər və təriqətlər burada inkişaf edib. Tarixi proseslər, eləcə də müasir dövrdə müxtəlif xristian cərəyanlarının Azərbaycanda mövcudluğu ölkəmizin multikulturalizm və dini tolerantlıq ənənələrinin zənginliyini göstərir”.

Ekspert əlavə edib ki, multikulturalizm siyasəti yalnız daxili stabilliyi təmin etmir, həm də Azərbaycanın regionda və dünyada nüfuzunun artmasına xidmət edir: “Bu siyasət sayəsində Azərbaycan həm daxili həmrəylik və sabitliyi qoruyur, həm də multikulturalizm modeli ilə beynəlxalq səviyyədə örnək olur”.

https://azertag.az/xeber/azerbaycanin_multikulturalizm_modeli_olkede_etnik_ve_dini_hemreyliyi_guclendirir__serh-3954835