Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib

Dekabrın 29-da AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Kitabın ön sözünün müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.
Tədbirdə akademik Nərgiz Axundova, ictimai elmlər bölməsinin elmi katibi f.ü.f.d., Zümrüd Mənsimova iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək, qarşıdan gələn “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi və Yeni il münasibəti ilə institut əməkdaşlarını və gələn qonaqları təbrik edərək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Monoqrafiya Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları haqqında ilk əsərdir. Müəllif 4 fəsil və 17 yarımfəsildən ibarət olan “Lütfi Zadənin dövrü, dünya görüşü, fəlsəfi baxışları” monoqrafiyada dahi alimin 97 illik geniş dövrünü, keşməkeşli həyatını, rasional və qeyri-səlist məntiqlə sintezdə formalaşmı şözünə məxsus və zəngin dünyagörüşünü, multikultural, tolerant və eyni zamanda identik fəlsəfi baxışlarını ən yeni mənbələr və elmi yanaşmalar kontekstində tədqiq edilib.
Monoqrafiyanın rəyçiləri Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Olqa Kyvlyuk, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, KKTC (Şimali Kipr Türk Cümhuriyyəti) Suprus Elm Universitetinin professoru, ECLSS org. konfrans təşkilatının prezidenti Həsən Karacandır. İnstitutun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin elmi işçisi Sevinc (Nisa) Qulyeva kitabın redaktorudur.
Xatirə Quliyevanın yeni əsəri onun bu istiqamətdəki əvvəlki kitablarının, o cümlədən ölkədə və xaricdə çap olunmuş çoxsaylı məqalələrinin ideyaca davamı kimi təqdirəlayiqdir. Əsas məsələ bu il AMEA 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışındakı dəqiq və konkret olaraq bizə bir neçə mesajını bildirib. Burada süni intellektin inkişafı ilə süni intellektin elmi və idarə etmənin bağlılığı əsas məsələlərdəndir. Süni intellektin hansı istiqamət tutduğu ideyaların prinsipi prezidentin çıxışndan irəli sürülən ideyalardır. Süni intellektin kompyuter elmləri ilə koqnitiv elmlər, psixologiya, sosiologiya və fəlsəfə ilə bağlı olduğu şərh edilir. Süni intellektin məntiqlə bağlıdır və daha bir fundamental monoqrafiyada genişləndirərək irəli sürülüb. Lütfi Zadənin irsi, süni intellektin təsiri elmi, fəlsəfi məsələləri ilə də sıx bağlıdır. Professor İ. Məmmədzadə tədqiqatçının məqalələrinin ABŞ, Türkiyə, İtaliya, Pakistan, Polşa, Macarıstan, Slovakiya və başqa ölkələrin nüfuzlu jurnallarında dərc edildiyini vurğulayıb.
Akademik Nərgiz Axundova kitabın müəllifi Xatirə Quliyevanın dövlətçilik məfkurəsindən başlayaraq, fəlsəfə tarixinədək uzanan bir elmi xətti olduğunu qeyd edib, onun bu əməyinin qiymətləndirilərək “Tərəqqi ” medalına layiq görüldüyünü vurğulayıb və təbrik edib.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli “Dünya –Azərbaycanlılarının həmrəyliyi və Lütfi-Zadə fenomeni”, f.e.d. Füzuli Qurbanov “Xatirə Quliyevanın əsərində Lütfi Zadənin qeyri-səlis məntiqi və fəlsəfi görüşlərinin uzlaşdırılması”, f.e.d., professor Arif Büniyatov “Lütfi Zadənin elmi nəzəriyyələrinə Xatirə Quliyevanın baxışı”, s.e.ü.f.d. Hüseyn İbrahimov “Xatirə Quliyevanın əsərində Lütfi Zadə irsinə sosio-mədəni baxış” mövzularında çıxışlar ediblər. F.e.d., professor Rəna Mirzəzadə, h.e.d., prof. Habil Qurbanov çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, alimə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva çapı və təqdimatına verdiyi dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Xatirə Quliyeva çıxışında qeyd edib ki, Sizə dahi Lütfi Zadənin mənim araşdırma dünyama gəlməsi, başqa cür desəm, mənim dahi Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyəsinin rəngarəng dünyasına düşməyim haqqında qısaca məlumat vermək istəyirəm. Belə ki, fikrimdə “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” mövzusunun doğuluşuna kimi mənim mənəviyyat etatizmim, milli identik təəssübkeşliyim və elmə vətəndaşlıq hissi ilə yanaşmağım Azərbaycan əsilli, dünyaşöhrətli alim Lütfi Zadəni öyrənməyi diktə etdi. Dahimizi “yavaş-yavaş” diqqətlə öyrəndikcə, əslində onu anladıqca təhlil qiymətləndirmələrim beynimdən qələmimə, oradan da süni intellektin mənə (milyardlarla insana) süni intellektin “atası” Alan Turinqin bəxş etdiyi “ağıllı makinenin” - notbookumun səhifələrinə süzüldü və ölkəmizdə, eləcə də dünyanın tanınmış jurnallarında Lütfi Zadə haqqında və o cümlədən alimin tədqiqat sahəsi olan süni intellekt mövzusunda, onun elmi əhəmiyyət kəsb edən irsinin dəyərləndiyi məqalələrim yayınlandı. Məsələn, Pakistanın JASS jurnalında dərc olunmuş “Dünya Süni İntellekt Sisteminin İnkişafında Lütfi Zadə Fenomeni. Lütfi Zadə –100(təbii ingil dilində); İndoneziyada nəşr olunan “Pedaqoqika və Təhsil elmləri” jurnalında “Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan “Dövrü” tarix fəlsəfəsi kontekstində”; Çində çap olunan CİNA-USA İdarəetmə İcmalı jurnalında “Tarix və Müasirlik Lütfi Zadənin Dünyagörüşü Kontekstində”; Amerikada Beynəlxalq Fəlsəfə Tədqiqatları jurnalında “Dünyagörüşü Konsepsiyası Lütfi Zadənin Dünyagörüşü Kontekstində. Tarix və Müasirlik”; öz ölkəmizdə AMEA-nın saytında 9 silsilə məqalələrim.
Beləcə, dahi alim haqqında xaricdə yayımlanan məqalələrim, eləcə də konfrans elektron kitablara daxil olan məruzələrim sürətlə geniş yayıldı və mənə bir çox xarici jurnallardan məqalə çapı dəvəti gəlməyə başladı. Bəzisinə “çatdırıb” məqalə göndərdim, bəzisinə yox. Bu gün də məqalə dəvətləri gəlməkdədir. Əlbəttə, digər məqalələrimdə də Lütfi Zadə mövzusu üfüqü xəttini təşkil edirdi. Məsələn, Lambert nəşriyyatının çap etdiyi “Azərbaycan alimlərinin məqalələri” toplusunda (“Articles of Azerbaijan Scientists. Identity and Global Ethical Problems in the Context of the 4.0 Industrial Revolution. ANAS – 80”- Lambert-2024) “Dünya Sənaye İnqilabları və Süni intellekt Sistemi”; Polşada çap olunmuş kollektiv “Təşkilatların İdarə Olunmasına Fənlərarası Yanaşma" kitabında “Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişafı məsələləri”; AMEA saytında Qəhrəman” Alan Türinqin “Bombası” və süni intellektin fəlsəfəsi” 5 məqalə və s.
Bundan sonra birdən mənim üçün “möcüzə” baş verdi. Adını belə bilmədiyim – Londonda yerləşən Kembridc Skalars Pablisşingdən mənə Lütfi Zadə haqqında kitab çapı təklifi gəldi. Sevindim. Qəbul etdim. 2022-ci ilin noyabr ayının 12-sində nəşriyyatla aramızda Müqavilə bağlandı və 1 il müdətində Kembridc Skalars monoqrafiya təhvil verməyi öz üzərimə götürdüm.
Əsəri Müqavilə müddətində (1-2 ay gecikdim) çatdırmasam da şərtlərinə (əsəri heç bir digər nəşriyyatda, o cümlədən ölkəmdə dərc etdirməmək) əməl etməklə təhvil verdim. Ancaq korrektə edilməli olduğu və buna görə məndən çoxlu “evro” istənildiyi üçün geri çəkildim və əsəri Avropada nüfuzlu akademik nəşriyyat olan Lambertə müraciət etdim. Lambert qısa müddətdə mənə müsbət cavab verdi və 2023-cü ilin sentyabr ayında “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” monoqrafiyam bu nəşriyyatda ingilis dilində çap olundu. Davamda “Amazon”, “More books” dünya kitab satış-yayımlarında təbliğ olunan bu monoqrafiyam qısa müddətdə - 2 ay sonra dünya elmi ictimaiyytinin elə marağına səbəb oldu ki, Lambert akademik nəşriyyatı onu daha 6 dildə - portuqal, alman, ispan, fransız, italyan və rus dillərində, həmçinin həmin dövlətlərin ən nüfuzlu nəşriyyatlarında çap etdi.
Beləcə, Azərbaycan əsilli dünyaşöhrətli alim Lütfi Zadə mövzusu mənim elmi tədqiqat dünyamda qiymətli varlığa çevrildi.
Doğrusu, dahi Lütfi Zadənin riyaziyyat, kibernetika, robototexnika və bir çox başqa texniki elm sahələrinə aid olan elmi kəşflərinin su kimi aydınlıqla dərkini “ağlım kəsməsə” də, mən bütün elmlərin kökündə dayanan dünyagörüşü və fəlsəfi baxışlarnı fəlsəfi biliyimlə anlamağa çalışmışam. Sevinirəm ki, anlamışam və monoqrafik səviyyədə anlatmağa müəvəffəq olmuşam.

Fəxr edirəm ki, Azərbaycan əsilli, dünyaşöhrətli alim Lütfi Zadənin keşməkeşli həyatı və zəngin dünyagörüşünə, fəlsəfi baxışlarına həsr etdiyim artıq Azərbaycan dilində çap olunmuş “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” monoqrafiyamı dünya elminə bəxş etmişəm. İndi də bu əsl zəhmətin nəticəsi əsərimi öz ölkəmin elmi fikrinə təqdim edirəm və qürur duyuram ki, artıq 10-cu monoqrafiyam xalqımın elmi təfəkkür xəzinəsinə daxil olur.
Xüsusi ilə qeyd etmək lazımdır ki, Lütfi Zadə Azərbaycan və azərbaycançılıq amalını bütün şüuru, zəkası, bütün varlığı ilə təsdiq etdi. Bu Azərbaycan əsilli dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan və azərbaycançılıq “dövrünün” riyazi-məntiqi, qeyri-səlist, kosmik və planetar “Infinity”si – sonsuzluğudur”.
Lütfi Zadənin dəyərli sözləri burada yerinə düşür: “XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. Biliyi olan daha güclü olar. Güclü olan həmişə qalibdir”.
Bu da dahi Lütfi Zadənin deyimidir: “Təkcə təhsil yetərli deyil, zəhmət və uğur da çox önəmlidir. Mənim uğur düsturum bacarıq, zəhmət və əzmkarlıqdır. Bunlar uğurun elementləridir".
Həqiqətən də belədir. Xırdalıqlara varmadan, belədir!..
“Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” monoqrafiyamın öz ölkəmdə işıq üzü görməsinin səbəbkarı AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Akademik İsa Həbibbəyli Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və 2023-cü ildə Avropada 7 dildə nəşr edilmiş, “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” əsərimin Azərbaycan dilində çapını təklif etməklə məni çox sevindirdi. Akademikin monoqrafiyanı oxuduqdan sonra Ön söz yazması, öz redaktələri ilə müdrik məsləhətlərini verməsi və nəşrə Elmi məsləhətçi olması mənim üçün ikiqat qürurverici hadisədir. Buna görə İsa Həbibbəyliyə minnətdaram. Çünki mən Lütfi Zadənin fəlsəfi dünyagörüşü haqqında bütün dünyada ilk olan bu mono-qrafiyamı İngiltərənin Cambirdge nəşriyyatının təklifi və müqavilə əsasında yazmışdım və müqavilə şərtlərinə uyğun olaraq həmin ərəfədə ölkəmdə işıq üzü görməsi mümkün olmamışdı. Daha sonra əsəri Lambert akademik nəşriyyatı 7 dildə çap etdi. Kitabın daha bir neçə dildə də nəşri planlaşdırılır. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ulu Öndər Heydər Əliyev irsi sahəsində bir neçə əsərim kimi “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” monoqrafiyamın da çapına dəstəyi onun Azərbaycan əsilli dahi Lütfi Zadəyə vətəndaş münasibətini, Azərbaycan elminin, Azərbaycan aliminin inkişafına diqqətini, qayğısını – əsl elmin, alimin dostu olmasını bir daha təsdiqləyir.
Əsərin müəllifi çıxışının sonunda vurğulayıb ki, “Lütfi Zadə Azərbaycanda uşaqlıq illərində yaşayıb. Daha dəqiq desək, 10 yaşına kimi. Onlar sonra ailəvi olaraq İrana köç ediblər. Lakin dahi alim Azərbaycan və azərbaycançılıq amalını bütün şüuru, zəkası, bütün varlığı və öz əməlləri ilə təsdiq edib. Belə ki dahi alim əbədi uyumaq üçün 72 il yaşadığı ABŞ-ı deyil, Azərbaycanı seçmişdir. Bu isə Azərbaycan əsilli dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan və azərbaycançılıq “dövrünün” riyazi-məntiqi, qeyri-səlist, kosmik və planetar “Infinity”si – sonsuzluğudur”. Lütfi Zadənin ən böyük azərbaycanlı olmasını onun vəsiyyəti – Azərbaycanda, hətta cənazə namazı ilə dəfn olunmaq arzusu da təsdiqləyir. Bu azərbaycançılıq tarixi ənənəsinin bariz nümunəsidir.









