25.12.2025, 16:46 - Baxış sayı: 52

AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2025-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağı keçirilib



İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları, eləcə də AR ETN İqtisadiyyat İnstitutunun elmi katibi iqtisad elmləri doktoru Leyli Allahverdiyeva, institutun Post-konflik ərazilərin bərpası Elmi mərkəzin rəhbəri iqtisad üzrə fəlsəfə doktoru Azər Səfərov, AR Mədəniyyət Nazirliyin Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Raminə Hüseynli və başqa məsul şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin Ümumi yığıncağının sədri akademik Gövhər Baxşəliyeva açıb.

Akademik Gövhər Baxşəliyeva növbəti ildə institutların qarşısında duran əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, süsusən, 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyi ilə münasibətilə ölkə Prezidentinin Azərbaycan tarixinin inkişafı ilə bağlı müəyyənləşdirdiyi prioritetlər bütün alimlər üçün əsas istiqamət olmalıdır və bu yöndə fəaliyyət daha da genişləndirilməlidir.

Ümumi yığıncağın sədri cari ildə bölmənin elmi tədqiqat müəssisələrinin fəaliyyətinin məhsuldar olduğunu, bir çox uğurların əldə edildiyini qeyd edib.

Akademik Gövhər Baxşəliyeva bölməyə daxil olan elmi tədqiqat müəssisələrinin 2025-ci ildəki ümumi statistik məlumatlarını diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə 32 problem, 87 mövzu, 491 iş üzərində elmi tədqiqat aparılıb. Bunlardan il ərzində 72 mövzu, 425 iş tamamlanıb.

Akademik Gövhər Baxşəliyeva hesabat ilində 1588 əsərin nəşr olunduğunu bildirib. Bunlardan 98 kitab və monoqrafiya (18-i xaricdə), 1368 məqalə və tezis (182-si xaricdə), 30 dərs vəsaiti (5-i dərslik), 39 məqalənin isə impakt faktorlu jurnalda dərc olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, bölmə əməkdaşlarının əsərlərinə 2962 istinadın qeydə alındığını vurğulayıb.

Bölmə üzrə 16 beynəlxalq, 1 beynəlxalq elmi seminar, 1 beynəlxalq dəyirmi masa, 17 respublika, 52 dəyirmi masa, 28 elmi seminar, 9 kitab təqdimatı, 20-dən çox görüş, elmi tədqiqat müəsisələrinin Elmi şuralarının 39 iclası keçirilib.

Cari ildə bölmə üzrə 3 qarşılıqlı fəaliyyətlə bağlı memorandum, 3 saziş imzalanıb. 3 xaricdə təcrübəkeçmə, 10 beynəlxalq ekspedisiya, xarici tədqiqat qrupları ilə 4 beynəlxalq qrantda iştirak olunmuşdur (Arxeologiya və Antropologiya İnstitutunun payına düşür). Bundan başqa, bölmənin elmi tədqiqat müəssisələrində 13 mühüm nəticə əldə edildiyini, 18 kənar təşkilatlardan mühüm nəticə daxil olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən müəssisənin direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vurğulayıb ki, hesabat ilində institutda çap olunan fundamental elmi əsərlər, eləcə də tədqiqatlar ölkə rəhbərliyinin çağırışına, tapşırıq və tövsiyələrinə əsaslanıb. O, bundan sonrakı fəaliyyətlərində ölkə Prezidentinin AMEA-nın 80 illik yubileyindəki tarixi çıxışında Azərbaycan tarix elminin qarşısına qoyduğu vəzifələrə xüsusi diqqət yetirəcəyini bildirib. Onun sözlərinə görə, 2025-ci il həm də Tarix və Etnologiya İnstitutunun 90 illik yubiley ili olmuşdur.

Professor Kərim Şükürov “Bizi birləşdirən Novruz”, “Türk xalqlarının tarixi və etnologiyası”, “Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol”, “XIX-XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər”, “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzularında beynəlxalq, “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət quruculuğunun 30 illik təcrübəsi” adlı respublika səviyyəli elmi konfransların və müxtəlif tədbirlərin keçirildiyini, bir sıra kitabların nəşr olunduğunu bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Tarix və Etnologiya İnstitutunda elmi-tədqiqat işləri əsas 5 istiqamət, 17 problem, 40 mövzu, 179 iş üzrə aparılıb və 3 mühüm nəticə əldə olunub. O, “Atropatena Azərbaycan tarixçilərinin tədqiqatlarında (məqalələr toplusu)”, “Böyük terror Azərbaycan və Rusiya tarixşünaslığında”, “Üzeyir Hacıbəyli: musiqi dahisi Stalin epoxası fonunda” kimi mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

Tarix elmləri doktoru Kərim Şükurov onu da bildirib ki, institutda ötən ildə olduğu kimi, cari ildə də kitabların elektron nəşrləri həyata keçirilib və həmin kitablar müəssisənin rəsmi saytında yerləşdirilib.

Daha sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova cari ildə aparılmış elmi-tədqiqat işləri, arxeoloji qazıntı işləri haqqında məlumat verib. İnstitutun hesabatını təqdim edən Ellada Bəkirova qeyd edib ki, il ərzində elmi müəssisə əməkdaşları tərəfindən geniş çöl tədqiqatları, eləcə də antropoloji tədqiqatlar aparılıb. Alim cari ildə institutun elmi fəliyyətini Azərbaycanda arxeoloji, antropoloji tədqiqatlar istiqamətində davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, cari ildə arxeoloq alimlərin apardıqları əsas arxeoloji tədqiqatlar ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən aparılıb.

O qeyd edib ki, cari ildə ölkəmizin müxtəlif ərazilərində 10 beynəlxalq ekspedisiya (Azərbaycan – Almaniya (Xocavənd rayonu Azıx mağarası, Ağcabədi rayonu Canavartəpə abidəsi, Ağstafa rayonu Ağalıqtəpə abidəsi), Azərbaycan - Danimarka beynəlxalq ekspediyası (Xocavənd rayonu Azıx mağarası), Azərbaycan – İtaliya (Ağstafa rayonu Tavatəpə abidəsi), Azərbaycan-Koreya-İsveçrə (Füzuli rayonu Yedditəpə abidəsi), Azərbaycan-Koreya (Qəbələ şəhəri Səlbir ərazisi), Azərbaycan – Yaponiya (Xocavənd rayonu Tağlar mağarası), Azərbaycan – Qazaxıstan – Türkiyə (İmişli rayonu Yedditəpə abidəsi), Azərbaycan - ABŞ (Yardımlı rayonu Bilgə antik nekropolu) fəaliyyət göstərib.

Həmçinin alim Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə I Qarabağ savaşında əsir və girov götürülmüş vətəndaşlarla bağlı aparılan araşdırmalarda antropoloqların yaxından iştirak etdiyini qeyd edib.

Arxeoloji qazıntılarda AMEA-nın prezidentinin də yaxından tanış olduğunu vurğulayıb.

Hesabat ilində institut əməkdaşları tərəfindən 254 əsərin çap olunduğunu qeyd edən Ellada Bəkirova bunlardan 18 kitab və monoqrafiyanın (1-i xaricdə), 236 məqalə və tezisin (81-i xaricdə), 26 məqalənin “Web of Science”, “Scopus” bazalarında çap olunduğunu bildirib. Alim, həmçinin cari ildə Türkiyənin İğdır vilayətində aparılan arxeoloji qazıntı işlərinə beynəlxalq ekspedisiyalarda yer alan arxeoloq alimlərin rəhbərlik etməsini mühüm elmi nailiyyət kimi qiymətləndirib. Alim cari ildə Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntı işləri aparıldığını həmçinin Dövlət Turizm Agentliyinin xətti ilə Ağdam şəhərində yerləşən Şahbulaq tarixi arxeoloji konplekstində geniş miqyaslı qazıntılar aparıldığını vurğulıayıb.

Tədbirdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun hesabatını təqdim edən elmi müəssisənin direktor müavini filolgiya üzrə fəlsəfə doktoru Rühangiz Cümşüdlü bildirib ki, cari ildə müəssisənin əməkdaşları çox məhsuldar və səmərəli fəaliyyət göstəriblər. Ruhangiz Cümşüdlü ötən illərdə olduğu kimi, cari ildə də institutut əməkdaşlarının ölkə Prezidentinin Fərman və sərəncamlarının icrasına xüsusi diqqət ayırdığını vurğulayıb.

Hesabat ilində plan üzrə 5 problem çərçivəsində 14 mövzu, 111 elmi-tədqiqatın başa çatdığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Akademik Gövhər Baxşəliyeva cari ildə institutda aktual məsələlərə həsr olunmuş konfransların keçirildiyini bildirib. Ölkə Prezidentinin sərəncamlarına uyğun olaraq, institutda səmərəli tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Bunlardan “Azərbaycan elminin bayraqdarı”, “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik”, “Müasir cəmiyyətdə və elmdə qadının rolu”, “Azərbaycan elminin bayraqdarı” mövzularında elmi konfransların, “Ulu Öndər Heydər Əliyevdən Müzəffər Ali Baş Komandan İlham Əliyevədək: konstitusiya və suverenlik” mövzusunda tədbirin adlarını xüsusilə qeyd edib.

Bundan əlavə, cari ildə institutda 401 əsərin çap olunduğunu söyləyib. Bunlardan 20 kitab və monoqrafiya (3-ü xaricdə), 282-i məqalə və tezis (70-i xaricdə), 3-ü impakt faktorlu məqalədir. Onun sözlərinə görə, institut əməkdaşlarının əsərlərinə 779 istinad edilib. Ruhangiz Cümşüdlü hesabat ilində 4 mühüm elmi nəticənin əldə edildiyini qeyd edib. Alim “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)”, “İraq-türkman dilinin qrammatikası (Bakıda və Bağdadda) (Azərbaycan və ərəb dili əsasında)”, “Hacı Zeynalabdin Şirvani. Səyahət bağları (Riyaz əs-siyahət)” (II hissə, III cild), “Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII-XIV əsrlər)” adlı elmi tədqiqat əsərlərinin institutun ən mühüm nəticələri sırasında olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Hesabat yığıncağında Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə bildirib ki, cari ildə ölkə Prezidentinin “Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində Sərəncamına uyğun olaraq, 4 beynəlxalq konfrans keçirib. “Süni intellekt və müasir şüur: “Konstitusiya və Suverenlik İli” kontekstində”, “Suverenlik, süni intellekt və müasir şüur problemi”, “Heydər Əliyevin ideya irsi: suverenitet və konstitusionalizmin fəlsəfi problemləri”, “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzularında beynəlxalq elmi konfransların keçirildiyini qeyd edib. Həmçinin “Azərbaycan Respublikasında Müasir Konstitusionalizm və Suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfransın materiallarının çap olunduğunu vurğulayıb. Alim eləcə də süni intellektin fəlsəfi problemləri ilə bağlı institutda mühüm işlərin həyata keçirildiyini bildirib.

Alim hesabat ilində 6 problem, 18 mövzu, 145 iş (140 iş tamamlanıb) üzərində elmi tədqiqat aparıldığını vurğulayıb. Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə cari ildə institut əməkdaşlarının nəşriyyat fəaliyyətinin də qənaətbəxş olduğunu vurğulayıb. Cari ildə 694 elmi əsərin, 37 kitab və monoqrafiyanın (13-ü xaricdə), 640 məqalə və tezisin (182-i xaricdə), 8 məqalənin impakt faktorlu jurnallarda dərc olunduğunu diqqətə çatdırıb. Alim cari ildə institutda 2 mühüm nəticənin - “Zakir Məmmədov. Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” və “Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” əldə edildiyini bildirib.

Hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm uğurlar qazanıldığını deyən alim xarici ölkələrin bir çox elmi mərkəzi ilə bağlanılan müqavilə və memorandumlara əsasən, öz işlərini davam etdirdiklərini söyləyib. Elmimetrik bazalarda institut əməkdaşlarının fəaliyyətinin daha da gücləndirildiyini vurğulayıb.

Kənar təşkilatlardan AR Təhsil Nazirlinin İqtisadiyyat İnstitutunun elmi katibi iqtisad elmləri doktoru Leyli Allahverdiyeva İqtisadiyyat İnstitutunun cari ildəki nailiyyətlərindən söz açıb. Bildirib ki, il ərzində institutda “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın milli prioritetlərinin reallaşdırılması istiqamətləri” üzrə 5 problem, 14 mövzu, 14 iş üzərində elmi tədqiqat aparılıb. İl ərzində institutun əməkdaşları tərəfindən 10 monoqrafiya, 2 dərs vəsaiti, 231 məqalə, o cümlədən xaricdə 95 məqalə (impakt faktorlu jurnallarda 43) nəşr olunub. Müxtəlif aktual elmi mövzuların müzakirəsinə həsr olunmuş 15 elmi seminar təşkil edilib. İl ərzində institutda 15 daimi elmi seminar keçirilib.

Alim İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə bir sıra mühüm konfransların keçirildiyini bildirib. Bunlardan Mədəniyyət Nazirliyi və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşada “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları”, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AR Dövlət Gömrük Komitəsi və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Zəngilan və Bakıda “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” beynəlxalq elmi konfransların, həmçinin AR İqtisadiyyat Nazirliyi, ADA Universiteti və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” elmi-praktik konfrans keçirildiyini bildirib.

Daha sonra AMEA-nın müxbir üzvləri Şahbaz Muradov və Könül Bünyadzadə hesabat haqqında çıxış edərək rəy və təkliflərini bildiriblər.

Daha sonra AMEA-nın Rəyasət Heyətinin 12 noyabr 2025-ci il tarixli qərarına əsasən, bölmənin institutlarında fəaliyyət göstərən elektron xidmətlər şöbələrinin bazasında yeni şöbələrin yaradılması, həmçinin Elşən Abdurahmanovun AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənovun AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbələrinin müdiri vəzifəsinə təsdiq edilməsi haqqında məsələ müzakirə edilib, AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda tarix elmləri doktoru Güntəkin Nəcəflinin AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin baş elmi işçi vəzifəsinə təsdiq edilməsi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin, fəlsəfə üzrə fəlsəfə doktoru Əllədin Sultanovun AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin böyük elmi işçi vəzifələrinə təsdiq edilməsi məsələlərinə də baxılıb.

Sonda çıxış edən akademik Gövhər Baxşəliyeva Ümumi yığıncağın iştirakçılarını qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.