Elmi işçi Hafizə İmanova təlim keçib
Gender Hub Azərbaycanın təşkilatçılığı ilə 29-31 avqust 2025-ci il tarixlərində keçirilən "İqlim dəyişikliyi kontekstində gender bərabərliyi: qadınların hüquq və imkanlarının gücləndirilməsi" treyninq-layihənin davamı olaraq həmin mövzuda 14 noyabr 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində təlim-seminar keçirilmişdir. Təlimin təşkilatçısı və təlimçilərindən biri Azərbaycan Dillər Universitetinin Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova, digər təlimçi isə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanovadır. Qeyd edək ki, hər iki təlimçi treyninq-layihənin davamı olaraq öz layihələrini elmi müəssisələrdə gender bərabərliyi: qadınların hüquq və imkanlarının gücləndirilməsi ilə bağlı maarifləndirilmənin genişləndirilməsi istiqamətində icra etməkdədirlər.
Tədbiri giriş sözü ilə açan Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva ölkəmizin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ilə əlaqədar olaraq universitetimizdə iqlim dəyişikliyi istiqamətində müxtəlif və çoxsaylı tədbirlərin keçirildiyini vurğulamış, mövzunun son dərəcə aktual olduğunu xüsusilə qeyd edib.
Hafizə İmanova təlimin birinci hissəsində Azərbaycanda və qlobal müstəvidə dayanıqlı inkişaf kontekstində iqlim dəyişmələrinin sosial təsirləri mövzusunda çıxış etmişdir. O, iqlim dəyişikliyinin təbii amillər daxil olmaqla antropogen təsirlərindən danışaraq dünyamızın ekoloji böhranlarının daha da dərinləşdiyini qeyd etmişdir. Hafizə İmanova Azərbaycanın qlobal iqlim dəyişmələrinə verdiyi töhfələri COP29 kontekstində xüsusilə qeyd edərək, ənənəvi neft sektoru ölkəsinin yaşıl iqtisadiyyata keçidinin təzahürlərini də vurğulamışdır. O, eyni zamanda Cənubi Qafqaz regionunda gələcəkdə su problemi yaşama ehtimalı həssas ölkələrdən biri kimi Azərbaycanın Qarabağ reginunda böyük su anbarlarını yenidən qaytarması və eləcə də çay sularının təmizlənməsi məsələsinə də toxunaraq dövlət strategiyasının əsas inkişaf etdirdiyi sahələrdən biri olduğunu qeyd etmişdir. Azərbaycan gəncliyinin iqlim dəyişikliyinin sosial təsirləri üzrə biliklərinin artırılması və maarifləndirilməsinin gələcək dayanıqlı cəmiyyətin inkişafına təkan verəcəyini də vurğulayan Hafizə İmanova ekoloji təfəkkürün və tərbiyənin erkən yaşlardan ailədə aşılanmağa başlanılmalı olduğunu da qeyd etmişdir. Çıxışında xarici təcrübələrdə əldə etdiyi mənbələri də paylaşan Hafizə İmanova müqayisə təhlillər apararaq tələbələrin yaşıl gələcək naminə öz hüquq və imkanlarının öyrənilməsinin zəruriliyini vurğulamışdır.




