07.11.2025, 11:06 - Baxış sayı: 17

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Beynəlxalq Konfransda iştirak ediblər


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və həmin şöbənin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev 2025-ci il 30 oktyabr – 02 noyabr tarixində Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində “Beynəlxalq Cinayət Hüququnun Tətbiqi Problemləri” Beynəlxalq Konfransda iştirak ediblər.

Keçirilən tədbirdə dünyanın 30-dan artıq ölkəsinin tanınmış alimləri iştirak edirdi.

Beynəlxalq Konfransda professor H. Qurbanov “Beynəlxalq cinayət hüququ və milli qanunvericilik: uyğunluq, ziddiyyətlər və tətbiq problemləri (Azərbaycan Respublikasının timsalında) mövzusunda çıxış edərək – Ermənistanın Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi silahlı təcavüzu beynəlxalq hüquq normalarını, o cümlədən BMT Nizamnaməsini, Cenevrə Konvensiyalarını, Roma Statutunu və Azərbaycan Respublikasının Cinayət Məcəlləsini birbaşa pozan hərəkətlər kimi geniş təhlil edib. Ermənistanın məqsədli şəkildə Azərbaycan əhalisini doğma torpaqlardan çıxarma siyasətinin, mülki infrastrukturun dağıdılması və etnik təmizləmə əməllərinin Roma Statutunun 7-ci maddəsi və Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə eyni hüquqi mahiyyət daşıması vurğulanıb. Çıxışda Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Beynəlxalq Cinayət Məhkəməsinin normaları arasında hüquqi və konseptual paralellər, Ermənistanın təcavüz aktlarının həm milli, həm də beynəlxalq cinayət hüququ baxımından məsuliyyət doğurduğu sübut edilib.

Konfransda həmçinin hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev “Beynəlxalq terrorizm anlayışının etik aspektləri” mövzusunda çıxış edib və beynəlxalq terrorizmə qarşı mübarizə yalnız hüquqi və siyasi deyil, həm də etik (əxlaqi) baxımdan çoxsaylı mürəkkəb məsələləri gündəmə gətirilməsindən bəhs edib. Bu mübarizənin gedişində insan hüquqları, dövlət suverenliyi, ədalət, təhlükəsizlik və azadlıq kimi fundamental dəyərlər arasında balansın qorunmasının daim müzakirə mövzusu olması vurğulanıb.

 İngilis, serb və rus dillərinə tərcümə olunan hər iki çıxış Konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.