Tarix elmləri doktoru Eynulla Mədətlinin “Pakistan: Qısa tarix və siyasət” kitabı ingilis dilində nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin “Pakistan: Qısa tarix və siyasət” kitabı ingilis dilində nəşr olunub (“Ocaq” MMC, 2025, -448 səh.). Kitabda qardaş Pakistan xalqının və onun dövlətçilik tarixinin ən vacib məsələləri müzakirə olunur. Müəllif 2002-2010-cu illərdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışarkən yazdığı gündəliklərdən, şəxsi müşahidələrindən, keçirdiyi görüşlərdən, eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatdan istifadə edərək qardaş ölkənin qısa tarixi və siyasi mənzərəsini yaratmağa çalışıb. Kitab tarixçilər, filoloqlar, politoloqlar, beynəlxalq münasibətlər sahəsində mütəxəssislər və tələbələr də daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın elmi redaktoru Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı, rəyçisi isə Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru professor Namiq Əliyevdir. Kitabı tərcümə edən Ədilə Ağabəylidir.

