Azərbaycan alimi Qazaxıstanda müəllifi olduğu ensiklopedik lüğəti təqdim edib
“İslam. Ensiklopedik lüğət” adlı iri həcmli elmi əsər 2025-ci ildə Almatıda, AMEA Fəlsəfə və Sosiologiya institutunun baş elmi işçisi Aydın Əlizadənin Qazaxıstanlı həmkarlarla (f.e.d. Esenjol Aliyarov, f.e.d. Baxıtjan Saterşinov və f.e.n. Marxabbat Nurov) birgə müəlliflik əsasında hazırlanmış və Qazax Milli Pedaqoji Universitetinin Elmi-Məsləhət Şurası tərəfindən tövsiyə olunmuşdur (ISBN 978-601-08-4823-8). Nəşr Qazaxıstan Elmlər Akademiyasının akademiki N.P. Seytaxmetovanın və f.e.d., prof. Ş.M. Jandosovanın baş redaktorluğu ilə, Qazaxstanın Elm və Təhsil Nazirliyinin elmi qrantı (BR 21882428) çərçivəsində hazırlanmışdır.
Ensiklopedik lüğət 2007-ci ildə Moskvada Aydın Əlizadənin “İslam Ensiklopedik Lüğəti” əsərinin (Ansar Nəşriyyatı, 400 s.) davamıdır. Həmin əsər beynəlxalq platforma olan Zenodo-da açıq şəkildə yerləşdirilmişdir (https://zenodo.org/records/15722012) və sonrakı illərdə MDB ölkələrində geniş yayılmışdır. Qazaxstanlı həmkarlar onu genişləndirmiş, daha da təkmil etmiş və qazax dilinə tərcümə etmişdirlər.
Lüğət İslamla bağlı anlayışları, terminləri, tarixi hadisələri, şəxsiyyətləri və cərəyanları sistemli şəkildə təqdim edir və islam sivilizasiyasının fəlsəfi, hüquqi və mədəni kontekstini dərindən izah edir. Onun tədris və araşdırma sahəsində istifadəsi artıq Qazaxıstanda rəsmi şəkildə tövsiyə olunmuşdur.
“İslam. Ensiklopedik lüğəti” Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və onun nəzdində fəaliyyət göstərən Bakı İlahiyyat İnstitutunun (Bİİ) rəhbərliyinə təqdim edilmişdir. Həmin İnstitutun kafedra müdiri Anar Qafarovun imzası ilə bu əsərə rəsmi rəy vermişdir.

