DOSENT GÜNEL MƏLİKLİ ÖLKƏ BAŞÇISINA MƏKTUB ÜNVANLAYIB
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli ölkə başçısına məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Milləti, dövləti dirçəlişə aparmaq ağır zəhmət tələb edir. Liderin hədəfə yetməyinin mühüm şərti görüləcək işləri, məqsədə çatmağın vasitələrini müəyyən etmək bacarığı və uzaqgörənliyindən asılıdır.
Cənab Prezident İlham Əliyev, məhz Siz belə Lidersiniz. Siz yaradan, quran, birləşdirən, həmçinin, dünyada baş verən proseslərə milli maraqlara xidmət edən siyasətlə təsir göstərən, beynəlxalq aləmdə dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik Lidersiniz.
Müzəffər Ali Baş Komandanım, Qafqazın birmənalı siyasi, iqtisadi, hərbi qüdrətini təmin edərək, milli dövlətçilik, milli təhlükəsizlik, milli inkişaf kimi istiqamətlərdə dünyanın ən yaxşı modellərindən birini yaradırsınız. Məhz Sizin dahiliyiniz sayəsində işğala Zəfərlə son qoyuldu
Avqustun 7-8-də ABŞ-yə etdiyiniz işgüzar səfəriniz Azərbaycanın diplomatiya tarixinin mühüm hadisələrindən biri oldu. ABŞ görüşlərində əldə edilən qələbələr Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərimizin, suverenliyimizin tam bərpasının məntiqi nəticəsidir.
ABŞ Prezidenti Donald Trampın Ağ Evin rəmzi qızıl açarını Sizə bağışlayaraq dediyi: “Siz böyük lidersiniz”, “Siz gözəl danışıq aparırsınız” - sözləri biz gəncləri dərindən fərəhləndirir. 
“Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” sərəncamınız “Azərbaycan Milli Elmlər Akademiyasının Şərəfli tarix yolu” kitabının müəllifi olaraq mənim də böyük sevincimə səbəb oldu. Bu sərəncam Sizin Azərbaycan elminə və xüsusi ilə Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yoluna verdiyiniz böyük dəyərin ifadəsidir.
Ali Baş Komandanımız, bu gün beynəlxalq aləmdə baş verən siyasi və iqtisadi proseslərdə böyük liderlik məharəti ilə ölkəmizin milli maraqlarından çıxış etdiyiniz üçün Sizə minnətdarıq. Sizi əmin edirəm ki, Prezident kimi fəaliyyətinizdə biz gənc alimlər hər zaman ətrafınızda bir yumruq kimi birləşəcəyik.

