“Azərbaycan Konstitusiyası və insan hüquqları” mövzusunda ümuminstitut seminarı keçirilib
İyunun 20-də Fəlsəfə və Sosiologiya İnstitutunda Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun “Azərbaycan Konstitusiyası və insan hüquqları” mövzusunda ümuminstitut seminarı keçirilib. Seminarın moderatoru f.ü.f.d. Məhəmməd Cəbrayılov seminarı açaraq tədbir iştirakçılarını salamladıqdan sonra sözü məruzəçi professor Habil Qurbanova verib.
O, öz çıxışında Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsilə müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyamız Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsas olduğunu qeyd edib.
Professor “Konstitusiyanın ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olmasının, eləcə də Azərbaycan Respublikası qanunvericilik sisteminin əsasını təşkil etməsinin Konstitusiyanın 147-ci maddəsində bəyan edilməsi Azərbaycan Respublikasının qanunvericilik sisteminin hüquqi əsasını qoymuş, onun inkişafının əsas istiqamətlərini, eləcə də qanunlar və digər normativ aktlar sırasında yerini müəyyən etmişdir. Bunun nəticəsi olaraq Azərbaycan Respublikasının qanunvericilik sistemində Konstitusiya başda olmaqla normativ hüquqi aktların dəqiq iyerarxiyası müəyyən edilmiş, ictimai münasibətlərin tənzimlənməsində Konstitusiyanın sahəvi qanunlar və normativ aktlarla qarşılıqlı əlaqəsinin əsas istiqamətləri formalaşdırılmış, konstitusiya normalarının həyata keçirilmə mexanizmi müəyyən edilmişdir”-deyə vurğulayıb.
Şübhəsizdir ki, Azərbaycan Respublikasının Konstitusiyası bütün qanunvericilik aktları sırasında xüsusi yer tutur. Konstitusiya dövlətimizin və cəmiyyətimizin müasir inkişaf mərhələsində onun hüquqi konsepsiyasını əks etdirən ən mühüm, başlanğıc nöqtələri ehtiva edir. Buna görə də o, bütün hüquq sahələrinin inkişafı üçün hüquqi baza, bütün hüquq sisteminin əsası, özəyi kimi çıxış edir. Beləliklə, Konstitusiyanın normaları Azərbaycan Respublikasının bütün hüquq sisteminin qurulmasına və inkişafına təsir göstərir. Normativ aktlar sırasında ən yüksək pilləni tutan Konstitusiya bütün qanunvericilik aktlarının hüquqi əsası rolunu oynayır. Daha dəqiq desək, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi qüvvəsinə görə dövlətin bütün digər normativ hüquqi aktlarının uyğun gəldiyi, yaxud uyğun gəlməli olduğu ən yüksək normativ hüquqi aktdır. Başqa sözlə, “Konstitusiya Azərbaycan Respublikasının hüquq sisteminin əsasıdır”.Bu o deməkdir ki, hüquq sisteminə daxil olan ayrı-ayrı hüquq sahələrinin mənbələri sırasında Konstitusiya aparıcı yer tutur.
Konstitusiya normaları ictimai münasibətləri tənzimləməklə yanaşı, həm də dövlətin və cəmiyyətin əsaslarını möhkəmləndirir. Belə əsaslardan biri də məhz insan və vətədaş hüquq və azadlıqları, onların təminatı və müdafiəsi, eləcə də pozulmuş hüquqların bərpasıdır.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d.prof. İlham Məmmədzadə, h.ü.f.d., dosent Aydın Əliyev, f.e.d.,prof. Rəna Mirzəzadə, f.e.d. Füzuli Qurbanov, f.e.d. dosent Aydın Əlizadə, f.ü.f.d., dosent Mətləb Mahmudov, f.ü.f.d. Məhəmməd Cəbrayılov mövzu ətrafında çıxış etdikdən sonra seminar sual-cavab formatında davam etmişdir.