28 May – Müstəqillik Gününə həsr olunmuş elmi konfrans keçirilib
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi konfrans keçirilib. Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli məruzə ilə çıxış edib. Eynulla Mədətli öz məruzəsində Azərbaycan Cümhuriyyətinin yaranmasına diqqət çəkərək, Cümhuriyyətin fəaliyyətini geniş və əhatəli şəkildə təhlil etmişdir.
O, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan, dövlət quruculuğu, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə hər dəfə nəzər salındığını, bu mühüm ictimai-siyasi hadisənin ətraflı təhlil edildiyini, hərtərəfli öyrənildiyini vurğulayıb. Fəaliyyət dövründə həyata keçirilən tədbirlərin dövlətçilik əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi, onun beynəlxalq səviyyədə tanınması, müstəqil dövlət kimi fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyəti qurucularına yüksək önəm verərək, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiq edilməsinə, onun dövlətçilik ənənələrinin yaşadılmasına, bu zəngin irsin qorunub saxlanılmasına və daha çox inkişaf etdirilməsinə böyük səy göstərdiyini vurğulayıb.
Ulu Öndər dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Müstəqillik Günü elan etmişik və bu, bizim milli bayramımızdır” - deyə vurğulayıb.
H.e.d., professor Habil Qurbanov çıxışında 1918-1920-ci illərdə dünyada gedən siyasi proseslərdən, bunun Cümhuriyyətin qurulmasına təsirsiz ötüşmədiyindən bəhs etdi.
28 May – Müstəqillik Gününün Şərqdə ilk demokratik dövlətin yaranması tarixi kimi Azərbaycan xalqının qədim dövlətçilik ənənələri salnaməsinin ən şərəfli səhifələrindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində hazırda respublikamızın regionda qüdrətli dövlətə çevrildiyini qeyd edib.
F.e.d. Füzuli Qurbanov 28 May Müstəqillik Gününü fələsəfi və siyasi baxımdan təhlil edərək bildirib ki, Cümhuriyyətin yerini və rolunu bütövlükdə cəmiyyətimizə və zaman-zaman Türk dünyasına yeritməyimiz olduqca vacibdir. Biz 28 Mayın prinsipial, hüquqi, iqtisadi, fəlsəfi anlamını dərk edə bilməsək, “müstəqillik nə verdi?” sualına axıra qədər cavab tapa bilməyəcəyik. Niyə belə deyirəm, tərif üçünmü, yoxsa konkret faktlar, proseslərin gedişatını 28 Mayı belə müqəddəsləşdirdi. Bu baxımdan 28 Maya statik zaman kimi baxmıram. 28 May Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi, coğrafi geosiyasi və mədəni təsbitidir. Bu keyfiyyəti 28 May uzun bir yol keçmiş xalqın, toplumun öz dövlətini qurmasının nəzəriyyəsi ilə praktikasının qovuşduğu bir zamandır.
Sonda AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, f.ü.f.d., Məhəmməd Cəbrayılov və digər şəxslər 28 May Müstəqilllik Günü münasibəti ilə çıxış edərək fikirlərini bölüşdülər.