Azərbaycan alimi Qazaxıstanda elmi seminar keçirib və həmmüəllifi olduğu ensiklopedik lüğəti təqdim edib
Fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti Aydın Əlizadə Qazaxıstana onların dəvəti ilə elmi ezamiyyət üzrə səfər edib. 29 aprel 2025-ci il tarixində Qazaxıstanın Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunda "Qədim fəlsəfədən süni intellektə qədər" mövzusunda seminar təşkil edib. Seminarda fəlsəfi düşüncənin inkişafı və rəqəmsal dövrün çağırışları müzakirə edilib.Növbəti gün, 30 apreldə isə Abay adına Qazax Milli Pedaqoji Universitetində Aydın Əli-zadənin də müəlliflərindən olduğu İslam haqqında ensiklopedik lüğəti təqdim olunub. Lüğətin digər müəllifləri Əsənjol Əliyarov, Baxıtcan Saterşinov və Mərhəbbət Nurov, ümumi redaktoru isə akademik Natalya Seytaxmetova olub.Lüğət Qazax Milli Pedaqoji Universitetinin Elmi-Məsləhət Şurası tərəfindən tövsiyə edilib və İslam mədəniyyəti, tarixi və fəlsəfəsinə dair əsas anlayışları əhatə edir.Tədbirlər Qazaxıstan alimlərinin, tələbələrin və akademik ictimaiyyət nümayəndələrinin aktiv iştirakı ilə keçib. Bu da Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.