Professor Şahin Fazilin 85 illik yubileyinə həsr edilmiş “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda Respublika elmi konfransı keçirilmişdir
28 aprel 2025-ci il tarixində Quba şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Quba filialı və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi əməkdaşlarınının yaxından iştirakı ilə görkəmli tarixçi alim və şair, professor Şahin Fazilin 85 illik yubileyinə həsr edilmiş “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransda ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev giriş sözü söyləmiş, Quba Rayan İcra Hakimiyyəti başçısısnın müavini Tariel İbrahimov başçı İlqar Mahmudovun adından çıxış edərək konfransın işinə uğurlar arzulamışdır.
Konfransda tarix elmlər doktorları Eynulla Mədətlinin, Tofiq Nəcəflinin, professor Tofiq Mustafazadənin, Xeyirbəy Qasımovun, Ramil Ağayevin, Güntəkin Nəcəflinin, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, fəlsəfə doktorları Mübariz Ağalarlının, Məhəmməd Çəbrayılovun, Fərəh Hüseynin, Aysel Şeydayevanın, Elnur Nəsirovun, Sahibə Budaqovanın, Bəxtiyar Həsənovun, Mürvət Əliyevin, elmi işçilər Kəmalə Bayramovanın, Aynur Orucovanın, Nübar Bayramovanın, Nəhayət Şirinovanın professor Şahin Fazilin mənbəşünaslıq və tarixşünaslıqla əlaqədar tədqiqatları barəsində elmi məruzələri maraqla dinlənildi.
Görkəmli şair Ramiz Qusarçaylının “Şahin Fazilin poeziyasının özəllikləri və gözəllikləri” mövzusundakı çıxışı, qubalı şairlərin, yerli ziyalıların nümayəndələrinin çıxışları maraq doğurdu.
Filialın tələbələri Şahin Fazilin şeirlərindən nümunələr səsləndirdilər. Filialın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Şahtaxtlı çıxış edərək bu tədris ocağının tədris fəaliyyəti ilə yanaşı, elmi irsimizin öyrənilməsi və təbliği sahəsindəki fəaliyyətindən söz açdı. Konfrans materiallarının yaxın vaxtlarda nəşr ediləcəyi barəsində məlumat verildi və məruzəçilərə Fəxri diplomlar təqdim edildi. Şahin Fazilin qızı, Azərbaycan İqtisad Universitetinin dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Ülviyyə Şahinqızı konfransın təşkilatçılarına və məruzəçilərinə minnətdarlıq etdi. Konfransın yekun iclasında Quba filialının direktoru, professor Yusif Alıyev elmi əməkdaslıq sahəsində hər cür köməkliyi əsirgəməyən AMEA Prezidenti akademik İsa Həbibbəyliyə, Fəlsəfə və Sosiologiya İnstitutunun, Tarix və Enologiya İnstitutunun rəhbərlərinə və əməkdaşlarına təşəkkürünü bildirdi.