28.04.2025, 13:21 - Baxış sayı: 29

Professor İlham Məmmədzadə “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatında iştirak edib



Aprelin 24-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid giriş sözü ilə tədbiri açıq elan edib. Qeyd olunub ki, kitabın müəllifləri dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə baş vuraraq, bu nəzəriyyəni humanitar elm sahələrinə uğurla tətbiq etməyi bacarıblar.

Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır. Kitablar müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlərlə qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini ön plana çıxarır. Kitabların Azərbaycanın elm tarixində bir çox intellektual başlanğıcların mənbəyi ola biləcəyi diqqətə çatdırılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayıb, onları görməkdən məmnun olduğunu bildirib. Qeyd edilib ki, Xalq yazıçısı Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitabları təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, həmçinin məntiq elmi üçün də unikal hadisədir.

Xalq yazıçısı Anar çıxışında vurğulayıb ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin ədəbiyyatda, dilçilikdə, folklorda və nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışıblar. Hər iki kitabın elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini işıqlandırır, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır.

Tədbirdə filosof-alim, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə kitablar haqqında fikrini bölüşüb. Hər iki kitab həm dilçilik elminin, həm də fəlsəfə elminin qarşısında yeni üfüqlər açır. Bu da öz növbəsində yeni tədqiqat işlərinin aparılması üçün mühüm amillərdən biri hesab olunur. Bu fundamental tədqiqat L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə dilçilik və digər sosial elmlərdə daha geniş tətbiq olunacağına işarədir.

İlham Məmmədzadə müəlliflərin ərsəyə gətirdikləri kitabların sosial elmlərdəki potensialını daha dərindən anlamaq üçün mükəmməl platforma təqdim etməsi önə çəkilib.