“Karl Yaspersin irsi və ünsiyyət problemi” kitabı nəşr olunub
Fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun “Karl Yaspersin irsi və ünsiyyət problemi” (Bakı, “OPTİMİST”MMC-2025. 204 s) adlı kitabı (ikinci, yenidən işlənmiş nəşri) nəşr olunub.
Nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Rəfail Əhmədli, rəyçisi fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent Rəşad Əsgərovdur.
Kitab müasir fəlsəfənin ən aktual mövzularından biri olan ünsiyyətə həsr edilmişdir. XX əsr fəlsəfəsində, ümumən ən yeni fəlsəfədə fəlsəfi təfəkkürün dilə doğru dönüşü ilə əlaqədar ünsiyyət fundamental fəlsəfi problemə çevrilmişdir. Bu da təsadüfi deyildir, çünki dil, məna problemi sözün həqiqi mənasında epoxanın “yeni günəş sistemi”nə çevrilmişdir. Problemin aktuallığı ekzisten-sializmdə xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdəndir ki, ekzistensializmin banilərindən biri K.Yaspers bu problemi öz fəlsəfəsinin əsas probleminə çevirmişdir. Təqdim olunan kitabda da ünsiyyət problemi Yaspersin kommunikasiya fəlsəfəsi timsalında araşdırılır.
Kitab filosoflar, psixoloqlar, magistrlər və ən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitab Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya institutunun Elmi Şurasının qərarı ilə (05 mart 2025, Protokol N° 2) çapa tövsiyə olunub.