“İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” adlı monoqrafiya çap olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” adlı monoqrafiya çap olunub. Monoqrafiyanın həmmüəllifləri f.e.d., professor İlham Məmmədzadə, t.e.d Eynulla Mədətli, f.e.d. Füzuli Qurbanov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, tenika elmləri doktoru Hüseyn Hüseynov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarovdur.
Monaqrafiyada (Bakı - “Bəxtiyar-54”, 2024, 234 səh.) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi fəaliyyəti, onun idarəetmə fəlsəfəsi, yeni dövrün çağırışları və milli ideya haqqında fikirləri, qarşıya qoyduğu vəzifələr müxtəlif fəlsəfi və politoloji aspektlərdə tədqiq edilir. Milli ideya yeniləşmə proseslərinin stimulverici və motivəedici faktoru kimi fəlsəfi baxımdan araşdırılır, tarixi yaddaş ilə bağlılıqda müstəqil dövlət quruculuğu gedişində təhlil edilir, onun milli şüur və milli özünüdərk prosesi ilə üzvi bağlılığı açılır, elmi-fəlsəfi nəticələr çıxarılır. Prezident İlham Əliyevin yeni milli ideya ilə əlaqədar fikirləri, irəli sürdüyü ümumi müddəalar və tövsiyələr postmüharibə dövrünün reallıqları və çağırışları işığında fəlsəfi təhlilə cəlb edilir, milli ideya ilə Vətən Müharibəsinin, milli təhlükəsizliyin qarşılıqlı əlaqəsinə fəlsəfi-politoloji və tarixi nəzər salınır, milli ideya qələbənin əsas təminedici və stimulverici faktorlarından biri kimi təqdim edilir, onun məzmununda Türk Dövlətləri Təşkilatı faktorunun ciddi surətdə nəzərə alınmasının əhəmiyyəti vurğulanır.