31.01.2025, 14:12 - Baxış sayı: 202

“Süni İntellekt və Müasir Şüur: Konstitusiya və Suverenlik İli Kontekstində” adlı Beynəlxalq elmi konfrans keçirilib


 AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “ 2 Fevral Gənclər günü” ilə bağlı “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Süni İntellekt və Müasir Şüur: Konstitusiya və Suverenlik İli Kontekstində” adlı Beynəlxalq elmi konfrans keçirilib. Elmi konfrans dövlət himninin səsləndirilməsi və Şəhidlərin ruhunu anmaqla öz işinə başlayıb.Tədbiri moderatorlar AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli açaraq, çıxış üçün sözü  Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verib.İlham Məmmədzadə öncə Gənclər Günü münasibəti ilə gəncləri təbrik etdi. Gəncliyin cəmiyyətdə aparıcı qüvvə olmasından, ölkə rəhbərliyinin gənclərə olan etimadından, onlara yaradılan şəraitdən danışdı. Professor süni intellektin bir problem kimi bir çox elmi araşdırmaların aktual mövzusu olduğunu qeyd edərək bildirib ki, bu istiqamətdə gənclərimiz aktiv elmi araşdırmalarda fəal iştirak edirlər. Fəlsəfə və Sosiologiya İnstitutunun gənc alimləri də bu sahədə fəaldırlar, onlar elmi məqalələrində bu sahəyə kifayət qədər yer ayrırlar. 

Fəlsəfə bu gün süni intellektdən kənarda qala bilməz, onsuz mümkün deyil. Demək olar, elə sahə yoxdur ki, süni intellektin xidmətlərindən yararlanmasın. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə gənc alimlərimiz də öz işlərini inkişaf etdirmək üçün süni intellektin problemlərini təhlil etməlidirlər - deyə İlham Məmmədzadə vurğulayıb. Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov gənc alimləri bu gün münasibəti ilə təbrik etdi və onlara elmi işlərində uğurlar arzuladı. Həmçinin Azərbaycan gəncliyinin, elmi müəssisə və təşkilatlarda çalışan gənc alimlərin elmi fəaliyyətlərində aktiv rol nümayiş etdirdikləri barədə məsələlərə toxundu.Tədbirdə f.ü.f.d., Şölət Zeynalov “Azərbaycançılıq  ideologiyasında  gənclər  siyasəti”, Ankara Yıldırım Beyazit Universitetinin dosenti Dr. Mehtap Doğan Süni intellekt və dəyər”, Ankara Hacettepe Universitetinin müəllimi Dr. Özlem Pınar “Süni intellekt və STEM-in gücü: ABŞ – Çin böyük güc yarışmasında kəşfiyyat  liderliyi”,  ABŞ Kolumbiya Universitetinin doktorantı Vahab Cəbrayılov “Süni intellekt və akademik dürüstlük: Rəqəmsal dövrdə surət çıxarılması ilə mübarizə”, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.e.ü.f.d., Elmir Babayev “Kiberməkanda suverenlik: imkanlar və çağırışlar”,  Fəlsəfə və Sosiologiya  İnstitutunun doktorantları Günay Rüstəmova “Süni intellektin insan hüquqlarına və psixologiyasına təsiri: yeni dövrün çağırışları”, Arif Əlizadə “ Süni intellektin milli həmrəyliyə və qrup identikliyinə təsiri: çağırışlar və strategiyalar”, Tamerlan Hacıyev “Suverenlik və insan hüquqları kontekstində süni intellektin etikası: Qlobal dəyişiklik dövründə çağırışlar və perspektivlər”, Rəvan Əliyev “Süni intellekt sistemləri texnogen sivilizasiyanın inkişafının müasir mərhələsi kimi”, Xudaverdi Quliyev “Repatriasiya prosesində süni intellektin tətbiqi imkanları: Konstitusiya və Suverenlik ili kontekstində”, Ayxan Mustafayev “Süni intellekt və milli təhlükəsizlik: Suverenlik perspektivindən yanaşma”, Rəşad Qasımzadə “Mədəni suverenliyin gücləndirilməsində rəqəmsal incəsənətin rolu” və İnstitutun dissertantı Əziz Əliyev “Suverenliyə gələn yol: Konstitusion qələbə” mövzusunda məruzə ilə çıxış etdilər. Konfransın sonunda məruzəçilərə Fəlsəfə və Sosiologiya İnstitutunun və AMEA Azad Həmkarlar İttifaqının sertifikatları təqdim olundu.