“20 Yanvar: tarixi yaddaş və müstəqillik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib
17 yanvar tarixində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. İlk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, “20 Yanvar xalqımızın milli oyanış və azadlıq hərəkatının yeni mərhələsidir. Biz keçmişi unutmadan tarixə yenidən baxış sərgiləməklə yanaşı, həm də güclü Azərbaycan prizmasından baxmalıyıq. Çünki ölkəmiz keçmiş postsovet respublikaları içərisində ən inkişaf etmiş və öz müstəqil siyasi dəsti-xətti olan güclü bir dövlətdir.” Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş mərhələsidir.20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu deyən İlham Məmmədzadə bildirib ki, bizlər bu günü ən çox hüzn günü kimi yox, bir qəhrəmanlıq, nümunəsi kimi dəyərləndirməliyik. 20 Yanvar faciəsindən 35 il keçsə də, biz o günü heç unutmadıq. 20 Yanvar Azərbaycan xalqının tarixinə, tarixi yaddaşımıza, milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə Azərbaycan xalqının milli birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisədir. Bu, xalqımızın qəhrəmanlıq salnaməsidir. Onun fikrincə, tariximizdə baş verən hadisələrin fəlsəfi mahiyyətini yetişməkdə olan gənc nəslə aşılamaq baxımından alimlərimiz bu yöndə tədqiqatlarını daha da genişləndirməlidirlər.Tədbirdə f.e.d. Füzuli Qurbanov, f.e.d. Adil Mirabdullayev, elmi işçi Xanımağa İsmayılova, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d., dosent İradə Zərqanayeva, İnstitutun Azad Həmkarlar Şurasının sədri Asya Əhmədova, Kamran Məmmədov, digər çıxışçılar 20 Yanvar hadisəsi ilə bağlı çıxış ediblər.