“Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri müsəlman tarix konsepsiyasının təzahürü kimi ” mövzusunda ümuminstitut seminarı keçirilib
Dekabrın 25-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri müsəlman tarix konsepsiyasının təzahürü kimi (sakrallıqla profanlığın dialektikası)” mövzusunda ümuminstitut seminarı keçirilib. Tədbiri moderator f.ü.f.d. Məhəmməd Cəbrayılov açaraq, gələn qonaqları salamlayıb, sözü məruzəçi f.ü.f.d., dosent Radif Mustafayevə verib. Məruzəçi öz çıxışında “Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin təhlil edərək onun bədii nəsrin ən klassik örnəyi sayılan, ömrünün sonuna yaxın qələmə aldığı, ən böyük şəxsiyyətlərin ölümü və ya şəhid olması haqqında olan “Hədiqətüs-süəda” əsəri” müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından səciyyələndirilən əsər olduğunu vurğulayıb. Əsərdə şəhidlik eşqi məslək və etiqad yolunda mübarizə motivi öz əksini tapmışdır. Insanın mənəvi və cismani köləliyə üsyanı, etirazı bu yolda öz həyatını qurban verməsi ən böyük və şərəfli insanlıq amili kimi göstərilir. Əsasən insanların faciəvi ölümü mövzusunda yazılmış bu əsər xüsusilə, şəhid olmuş insanlaın həyatını əks etdirib. Həqiqətən də dini baxışların tam əks olunduğu bu əsər Füzuli irsinin daha doğru anlaşılmasında mühüm metodoloji rola malikdir. Daha sonra institutun direktoru, f.e.d., prof. İlham Məmmədzadə öz çıxışında Məhəmməd Füzuli dövrünün bir sıra ictimai- fəlsəfi məsələləri ilə əhatəli şəkildə tanış edib, bədii idrakın XVI əsr ədəbiyyatının mükəmməl nümunələrini yaradan şairin həyat və yaradıcılığının, poeziyasının fəlsəfi kontekstdə təhlilini apararaq geniş məlumat verib. Professor qeyd edib ki, Füzuli ədəbi-bədii fikrinin əsas yer tutmaqla onun yaratdığı əsərlər Azərbaycan bədii və fəlsəfi dilini daha da zənginləşdirərək yeni zirvələrə yüksəltmiş, onun orta əsrlər Azərbaycan fəlsəfəsini müasir kontekstdə yenidən tədqiqinə geniş yol açmış oldu. Sonda tədbir iştirakçıları və gələn qonaqlar öz suallarını məruzəçiyə ünvanlayaraq, fikir və mülahzələrini bildirdilər.