Fəlsəfə və Sosiologiya İnstitutunun illik hesabatı keçirilib
Dekabrın 12-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının növbəti iclasında elm müəssisənin illik hesabatı dinlənilib.Hesabat məruzəsi ilə çıxış edən institutun direktoru, f.e.d., professor İlham Məmmədzadə ilk öncə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra İ.R.Məmmədzadə qonaqları və Elmi Şura üzvlərini salamlayaraq, iclası açıq elan etdi və AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva və AMEA Rəyasət Heyəti Aparatının “Sənədlərlə iş və protokol” şöbəsinin müdüri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın da iclasda iştirak etdiklərini bildirdi.Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi katibi, f.ü.f.d, dosent S.Həsənova 2024-cü il ərzində institutda və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar görülmüş işlər haqqında məlumat verib:
2024-cü ildə İnstitutda 2 elmi istiqamət, 4 problem, 14 mövzu üzrə 126 elmi tədqiqat işi yerinə yetirilmişdir və onların nəticəsi olaraq İnstitut əməkdaşları tərəfindən 474 əsər nəşr olunmuşdur. Bunlardan 21 monoqrafiya (o cümlədən 3-ü xaricdə, 16-ıölkədə, 2-si kollektiv monoqrafiya olmaqla), 8 toplu (onlardan 1-i xaricdə olmaqla), 3 tədris proqramı, 3 dərs vəsaiti çap olunmuşdur. Eləcə də 312 məqalə elmi jurnallarda (onlardan 95-i xaricdə, o cümlədən 16 məqalə impakt faktorlu jurnallarda, Web of Science və scopus bazalarında), 37 konfrans tezisləri (onlardan 9-u xaricdə), 90 məqalə saytlarda və kütləvi informasiya vasitələrində dərc edilmişdir.İnstitutun 35 əməkdaşının 29 xarici ölkədə oflayn və onlayn keçirilən konfranslarda 69 məruzələri dinlənilmişdir. 2024-cü ildə 8 Beynəlxalq konfrans, 6 respublika elmi-nəzəri konfrans, 33 dəyirmi masa, görüş və kitab təqdimatları, 16 ümuminstitut seminarı keçirilmişdir.Hesabat şura üzvləri tərəfindən institutun 2024-cü ildəki fəaliyyəti müsbət qiymətləndirilib. Təqdim olunmuş məruzələr ətrafında müzakirələrdən sonra hesabatlar qəbul edilib.

