Fəlsəfə İnstitutunda görkəmli alim Zakir Məmmədovun 80 illik yubileyi qeyd edilib
Tədbiri giriş sözü ilə açan İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova görkəmli alimin həyat və fəaliyyəti, zəngin elmi irsi barədə məlumat verib. Bildirib ki, Z.Məmmədovun fəlsəfə tarixi elminin inkişafında və zənginləşməsində göstərdiyi xidmətlər onun xatirəsini yaddaşlarda əbədi həkk edib. N.Axundova tədqiqatçılar tərəfindən Z.Məmmədovun elmi fəaliyyətinin araşdırıldığını, alim haqqında məqalələrin yazıldığını, onun elmi irsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Görkəmli filosof - Zakir Məmmədov” adlı məruzəsində alimin elmi əsərlərinin orta əsr fəlsəfəsi və tarixini araşdıran tədqiqatçılar üçün dəyərli mənbə olduğunu söyləyib. O, mərhum alimlə bağlı xatirələrini bölüşərək, institutda Zakir Məmmədovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. İ.Məmmədzadə AMEA Rəyasət Heyətinin qərarı ilə Zakir Məmmədovun nəşr olunmamış əsərlərinin çap olunacağını qeyd edib.
Tədbirdə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Orta əsrlərdə fəlsəfə tariximizin ilk salnaməsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, alimin bütün tədqiqatları ilk mənbələr əsasında aparılıb. O, araşdırma və tədqiqatlar aparmaq üçün görkəmli alimin üzləşdiyi çətinliklərdən bəhs edib. Bildirib ki, onun tədqiqatlarına qədər Bəhmənyarın “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” adlı kiçik həcmli iki əsəri məlum idi. Zakir Məmmədovun araşdırmaları nəticəsində filosofun genişhəcmli “Təhsil” əsəri aşkar edilib. Alim “Təhsil” əsərini ilk dəfə tam halda tədqiqata cəlb edib. Görkəmli alimin tərcüməçilik fəaliyyəti haqqında məlumat verən akademik R.Hüseynov qeyd edib ki, Bəhmənyarın “Metafizikanın mövzusu”, “Mövcudatın mərtəbələri” əsərləri ilə yanaşı, “Təhsil” kitabı da Zakir Məmmədov tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilib.Sonda Z.Məmmədovun qızı Aytək Məmmədova atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

