“Heydər Əliyev ideyalarının zəfər yürüşü və tarixi qələbənin fəlsəfi dərki” adlı Respublika konfransı keçirilib
Konfransda AMEA-nın vitse-prezidenti v.i.e, akademik Gövhər Baxşəliyeva çıxış edərək 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq Ümummilli Liderin zəngin irsinin hərtərəfli öyrənilməsi məqsədilə elmi konfrans, dəyirmi masa, seminarların keçirildiyini, belə tədbirlərin ilin sonuna qədər davam edəcəyini bildirdi. Sonra akademik, Heydər Əliyevin rəhbərliyi dövründə siyasi-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlardan, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da güclənməsi naminə gördüyü işlərdən söz açdı. Heydər Əliyevin tarixi torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində apardığı mübarizənin onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırıldığını qeyd edərək, qazanılan tarixi zəfərin məhz Heydər Əliyev ideyalarının nəticəsi kimi qiymətləndirdiyini diqqətə çatdırdı.
Akademik bəzi dövlət xadimlərinin Heydər Əliyev barədə söylədikləri fikirlərdən sitatlar gətirərək bildirdi ki, təsadüfi deyil ki, dünya siyasətində həlledici rol oynamış liderlər Ulu Öndərin idarəçilik bacarığını, liderlik xüsusiyyətlərini təqdir etmişlər.
İlham Məmmədzadə qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, həm də təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıları və Azərbaycana bağlı insanları bir məqsəd - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirə bildi.
“Heydər Əliyev məhz xalqın istəklərini doğruldan lider oldu. Azərbaycan xalqı zəruri keyfiyyətlərə və idarəçilik səriştəsinə, bilik və təcrübəyə malik olan, ən başlıcası isə xalqı tərəqqiyə doğru aparmaq üçün onun etimadını qazanmış lideri seçərək, taleyini öz əlinə ala bildi” – deyə professor vurğulayıb.
Sonda AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Heydər Əliyev siyasətinin xüsusiyyətləri”, f.e.d., prof. Sakit Hüseynov “Heydər Əliyevin dövlət-din siyasəti”, f.e.d. Füzuli Qurbanov “Heydər Əliyevin ideyalarında vətənsevərliklə daxili intizamın dövlətçilik şüuru kontekstində vəhdəti”, f.ü.f.d., dos. Şölət Zeynalov “Ümummilli Lider Heydər Əliyev: regional sülhün təminatında şəxsiyyət amili”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Heydər Əliyev fenomeni prezident İlham Əliyevin qələbə siyasəti” mövzularında məruzə ilə ətraflı çıxış etdilər.

