Professor Zümrüd Quluzadənin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirildi
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş nitqi ilə çıxış etmişdir. Professor öz çıxışında Zümrüd Quluzadənin elmi fəaliyyətinə, geniş yaradıcılığına toxunub və onunla bağlı xatirələrini bölüşüb: “Zümrüd xanım Quluzadə 60 ildən artıq bizim institutda çalışıb, bura çox bağlı idi, özünü bir an da olsa institutudan kənarda görmürdü. Biz Zümrüd xanımla istər görüşümüz zamanı, istərsə də telefonla danışarkən süni intellekt, Lütfi Zadənin məntiqi, fəlsəfə tarixində hansı işlərin görülməsi barədə davamlı və maraqlı fikir mübadiləsi aparardıq.
İlham Məmmədzadə Zümrüd Quluzadənin Azərbaycan fəlsəfəsini tənqid etməyə cəhd edənlərə qarşı sərt mövqedə dayandığını və əsaslı faktlarla onları susdurduğunu deyib: “Fəlsəfəmizi, fəlsəfə tariximizi, keçmişimizi tənqid etməyə cəsarət edənlərə qarşı onun reaksiyasının cəldliyinə də heyran olurdum. O, Rusiyada nəşr olunan 4 cildlik “Yeni Fəlsəfə Ensiklopediyası”nın müəlliflərinə yazdığı məktubunda Azərbaycan fəlsəfəsinin orada yetərincə əks olunmamasından narazılığını bildirmişdi”.
Prinsipcə, Zümrüd Quluzadə fəlsəfə tarixi ilə məşğul olsa da, fəlsəfənin başqa sahələri ilə də maraqlanır, fənlərarası tədqiqatların zəruriliyinə, fəlsəfə və metodologiya tarixi üçün məntiqin, fəlsəfənin əhəmiyyətindən söhbət açardıq. Son vaxtlar biz nevrologiya, süni intellektin gələcəyi, insan şüuru və beyni haqqında çox danışar, müzakirə aparardıq. Qeyd edim ki, dəfələrlə institutumuzda bu problemlərə həsr olunmuş seminarlar, konfranslar təşkil etmişik və Zümrüd xanım da bu seminarlarda iştirak edərək, dərin məzmunlu çıxışlar edib – deyə İlham Məmmədzadə bildirib.

