Görkəmli alim Zakir Məmmədovun anadan olmasının 85 illiyi ilə əlaqədar elmi konfrans keçirilib
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli görkəmli alimin həyat və fəaliyyəti, zəngin elmi irsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan fəlsəfi fikir tarixinin görkəmli nümayəndəsi Z.Məmmədovun Azərbaycan elmin inkişafında və zənginləşməsində göstərdiyi xidmətləri onun xatirəsini yaddaşlarda əbədi həkk edib. Onun kitabları Azərbaycan fəlsəfi fikrin möhkəmlənmsəinə böyük töhfələr verib deyə, akademik vurğulayıb.
İctimai Elmlər bölməsinin Elmi Şurasının sədrinin müavini, AMEA-nın müxbir üzvü Nərgiz Axundova çıxışında tədqiqatçılar tərəfindən Z.Məmmədovun elmi fəaliyyətinin araşdırıldığını, alim haqqında məqalələrin yazıldığını, onun elmi irsindən geniş istifadə olunduğunu diqqətlərə çatdırıb.
Elmi konfransda f.e.d., pofessor Azər Mustafayev “Görkəmli Azərbaycan filosofu Zakir Məmmədov”, f.e.d., professor Rəfiqə Əzimova “Taleyini fəlsəfəyə bağlayan alim”, f.e.d., professor Sakit Hüseynov “Zakir Məmmədov xatirələrdə”, f.e.d. Füzuli Qurbanov “Zakir Məmmədovun yaradıcılığı XX əsr Azərbaycan fəlsəfi təfəkkürünün transformasiyası kontekstində”, f.ü.f.d., dosent Faiq Ələkbərli “Azərbaycan fəlsəfəsi tarixi” əsərinin milli fəlsəfə tarixində yeri”, f.ü.f.d., dosent Müstəqil Ağayev “Azərbaycan fəlsəfəsi tarixinin fədakar tədqiqatçısı”, araşdrımaçı-yazar Elmin Nuri “Zakir Məmmədovun elm və fəlsəfə tarixindəki orijinal xətti” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbirdə çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, f.e.d., professor Əlikram Tağıyev, f.ü.f.d., dosent Mətanət Şəkixanova, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, f.ü.f.d., dosent Radif Mustafayev və digər çıxışçılar görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən, həyat və yaradıcılığından, yüksək insani keyfiyyətlərindən bəhs ediblər.
Sonda Zakir Məmmədovun qızı Aytək Zakirqızı-Məmmədova atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

