“Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” beynəlxalq elmi konfransı keçirilib
Beynəlxalq elmi konfransın əsas məqsədi müsəlman Şərqi və xristian Qərbindən olan iki böyük orta əsr ədibinin - Nizami (1141-1209) və Dante (1265-1321) yaradıcılığının nümunəsində iki fərqli qütbün mədəniyyətləri arasında oxşar və fərqli cəhətləri müqayisəli formada təhlil etməkdir.
Konfransın rəsmi açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyasının prezidenti Massimo Fusillo, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri professor Rəhilə Qeybullayeva, Turin Universitetinin professoru və İtaliya Elmlər Akademiyasının üzvü Mariya Tereza Ciyaveri, Suor Orsola Beninkasa Universitetinin professoru Nunzio Rucciero, Arizona Universitetinin professoru Kamran Talattof və Bolonya Universitetinin professoru Karlo Sakkone çıxış ediblər.
Qeyd edək ki, konfransda azərbaycanlı alimlərlə yanaşı, 12 ölkədən (Əlcəzair, ABŞ, Braziliya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, İtaliya, Böyük Britaniya, Rusiya, Hollandiya, Finlandiya) 40-a yaxın əcnəbi alim iştirak edib.

