06.07.2021, 12:24 - Baxış sayı: 667

Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabı nəşr olunub


Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabı nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsinin müdiri, gənc alim, s.e.ü.f.d. Günel Qurbanəli qızı Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabı nəşr olunmuşdur.
Kitabda elmin təşəkkül tarixi, bilik uğrunda mücadilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sisteminin formalaşması, Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun açılması, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin yaradılması, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi və Azərbaycan Elmlər Akademiyasının ümumrespublika elm mərkəzinə çevrilməsi elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunur.
Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının prezidentlərinin həyat və yaradıcılığı, institutları haqqında geniş məlumat verilir. Hal-hazırda akademiyanın institut və təşkilatlarında aparılan elmi araşdırmalar və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycanda elmin inkişafı istiqamətində gördüyü işlər öz əksini tapmışdır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyinin hər iki tarixi mərhələsində Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı, mühüm məqamları araşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, Azərbaycan Milli Elmlər Akademiyasına diqqət və qayğısından geniş şəkildə bəhs olunur. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı fikirləri, çıxışları diqqətə çatdırılır.
Kitabın baş elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir, rəyçiləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru İzzət Rüstəmovdur.
Qeyd edək ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyyə olunmuşdur (protokol №4).
Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabı nəşr olunub