Qurban Səid kimdir? - Tom Reissin "The orientalist" əsərinə baxış
Eynulla Mədətli
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru
Məlumdur ki, bu salğın dövründə (türk qardaşlarımız pandemiyaya yaxşı ad qoyublar) kitab oxuyanlar daha çox oxumaq imkanı qazandılar. Bu ilin mart-avqust aylarında beynəlxalq uçuşların kəsilməsi ucbatından Vətəndən uzaqda qalmalı olduğum zamanda tarix, siyasət, bədii ədəbiyyat sahəsində oxuduğum kitablardan biri haqqında düşüncələrimi hörmətli oxucularla bölüşmək istədim. Bu, Məhəmməd Əsəd bəyin (Qurban Səid) kimliyinə dair Nyu-Yorkda yaşayan tanınmış tarixçi, jurnalist-tədqiqatçı Tom Reissin (Tom Reiss) "The Orientalist" - solving the mystery of a ctrance and dangerous life" (Şərqli. Cazibədar və təhlükəli həyatın sirrinin açılması) əsəridir. "Nyu-York", "Times", "The Wall Street Journal", "The New Yorker"də siyasət və mədəniyyətə dair məqalələr yazan T. Reissin "The Orientalist" ("Şərqli") kitabı dünyada çox oxunan əsərlər sırasında yer alır. Əsər 2006-cı ildə Nyu-Yorkda "Random House Trade Paperbacks" nəşriyyatında çıxıb.
Ölkəmizdə və xaricdə bir sıra Azərbaycan tədqiqatçılarının M.Əsəd bəy haqqında məqalələri, keçən əsrin 90-cı illərindən başlanan müxtəlif diskussiyalar, əlbəttə, mənə də məlumdur. Burada hansı tərəfin haqlı olduğu məsələsinə dair fikir bildirmək niyyətim yoxdur, məqsədim adı və mövqeyi bizim tədqiqatçılara məlum olan T.Reissin yanaşmasını, onun dilimizə tərcümə olunmamış bu kitabındakı bir sıra təfərrüatları təqdim etməkdir. Professor Bədirxan Əhmədli Məhəmməd Əsəd bəy haqqında ölkəmizdə və xaricdə dərc edilən əsər və məqalələrin ətraflı təhlil edildiyi yazısında T.Reissin israrla M.Əsəd bəyin yəhudi mənşəli olduğunu sübut etməyə çalışdığını xüsusi vurğulamışdı (bax: 525-ci qəzet, 21 noyabr 2016-cı il). Bəri başdan demək istərdim ki, hansı etnik mənsubiyyətə mənsub olmasından asılı olmayaraq M.Əsəd bəy (iki əsərində Qurban Səid) azərbaycanlıdır, müsəlmandır və son nəfəsinədək də belə qalmışdır, qəbri üzərindəki başdaşında ərəb əlifbası ilə onu tanıdan yazı da bunu bir daha təsdiqləyir (Bismillahir-rəhmanir-rəhim. Məhəmməd Əsəd Bəy. Təvəffa vələd minəlomr 36 sənəə. Rəhmətullah rəhmətun vasiətun). Bundan altda isə latın hərfləri ilə: Muhammed Essad-Bey (1905-1942) yazılmışdır. Yaşadığı 169 nömrəli evin ön divarına vurulmuş lövhədə italyanca yazılıb: Əsəd Bəy, yaxud Qurban Səid. Azərbaycan yazıçısı. Doğulub - Bakı - 1905. Vəfat edib - Positano - 1942.
T.Reiss kitabını bu sözlərlə başlayır: "Vyanada soyuq bir noyabr səhəri dar bir küçə ilə Qurban Səid (Kurban Said) sirrini mənə çözəcəyini vəd etmiş şəxslə görüşməyə gedirdim. "Overlook Pressin" prezidenti, Qurban Səidin "Əli və Nino" əsərini nəşr etmək istəyən Peter Mayer də mənimlə idi. "Əli və Nino" 1937-ci ildə Almaniyada nəşr edilmişdi. 70 dilə tərcümə edilib yayılsa da, müəllifin kimliyi sualı öz həllini tapmamışdır. Amma hər kəsin qəbul etdiyi bu idi ki, Qurban Səid böyük ehtimalla Qafqazın neft şəhəri Bakıdan gəlmiş bir şəxsin ədəbi təxəllüsü idi. Fotolarında şərqli geyimində təsvir olunan bu şəxs ya bir milli yazar, ya da bir neft milyonçusunun hər şeyə maraqlı oğlu idi?!".
T.Reiss yazır ki, onların görüşdüyü şəxsin adı Heinz Barazon idi. O, Qurban Səidin vəkili və müəlliflik haqqının təmsilçisi idi. Barazon onları yaxında yaşayan Leela adlı yaşlı bir qadının yanına götürür. Barazon deyir ki, "Əli və Nino" əsərini baroness Elfrid Ehrenfels von Bodmershof yazıb, o, Lilanın atası Baron Omar-Rolf von Ehrenfelsin ikinci arvadı idi, 1980-ci ilin əvvəllərində ərinin tərk etdiyi bu qadın öləndə əsərlərinin nəşri hüququ Lilaya keçmişdi. H.Barazonun əlindəki 1935-1939-cu illərin alman sənədlərindən belə görünürdü. T.Reissə görə, bunun həqiqət olduğuna inanmamışdı. Əslində, baroness Ehrenfels sadəcə naşirdir.
T.Reys yazır ki, Qurban Səidin kimliyi ilə 1998-ci ildə Bakıya - bu neft şəhəri ilə əlaqədar yazmaq üçün gedəndə maraqlanıb və yola düşməzdən əvvəl bir iranlı dostu məsləhət görüb ki, o, Qurban Səidin "Əli və Nino" romanını oxusun, çünki bu hər hansı turist üçün bələdçi kitabından daha faydalı ola bilərmiş. Müəllif səfərini ətraflı təsvir edərək Bakını Azərbaycanın paytaxtı olaraq Avropanın şərq qurtaracağında müasir Qərb üslublu binaları, bulvarı olan, min illərdir müxtəlif mədəniyyətlərin çuğlaşdığı "küləklər şəhəri" adlandırır. Bakının, Azərbaycanın tarixinə dair məlumatlar verən T.Reiss Makedoniyalı İsgəndərdən üzü bəri, rus işğalı, əsrin əvvəllərində neft sənayesi, milli burjuaziyanın nümayəndələri, müxtəlif neft baronları barədə məlumatlar verir, 1942-ci ilin sentyabrında Hitlerin Bakı planlarından, Rusiyanın qələbəsini yanacaqla təmin edən bu şəhərin Sibirdə neft qaynaqlarının üzə çıxarılmasında əhəmiyyətli rolundan danışır.
T.Reiss onu Azərbaycanda müşayiət edən interpol zabiti Fuad Axundovu (Bakı şəhərinin tanınmış tədqiqatçısı, Harvard Universitetinin məzunu - E.M.), onun verdiyi tarixi məlumatları yüksək dəyərləndirir. Milli Ədəbiyyat Muzeyində olduğunu, rəhbərliklə görüşüb Qurban Səid haqqında danışıqlarını yada salır, Azərbaycanda Qurban Səidin kimliyi ilə əlaqədar fərqli baxışlara diqqət çəkir. Qeyd edir ki, Bakıda "Hyatt Regency" mehmanxanasının kiçik hədiyyə köşkündə "Blood and Oil in the Orient" ("Şərqdə qan və neft") əsəri diqqətimi çəkdi. Essad-Bey (Lev Naussimbaum) kitabın müəllifi olaraq göstərilmişdi və yazılmışdı: "Əli və Nino" əsərinin müəllifindən. Sual yarandı: "Bəs, Qurban Səid necə oldu?". Daha sonra yazır: "Bəzi Azərbaycan tədqiqatçılarının fikrincə, Əsəd bəy iudaizmi qəbul etmiş və Lev Naussimbaum adını götürmüşdür. Onun fikrincə, kimsə 1920-ci illərdə yəhudi dinini qəbul edib Almaniyaya getməzdi. Nə üçün Əsəd bəy adını "Lev Naussimbaum", sonra da Qurban Səidə dəyişməliydi?
T.Reiss Bakıda Teymur bəy Aşurbəyovun malikanəsinin yanından keçərkən Fuad Axundovun tövsiyəsi ilə bu ailənin həyatda olan qızları - Sara və Məryəmlə görüşdüyünü yazır: "Məryəmin 92, Saranın 94 yaşı vardı. Məryəm geoloq, Sara isə Azərbaycanın tanınmış orta əsr tarixçisi idi (Sara Aşurbəyli)... Mənimlə həm almanca, həm də fransızca söhbət edən bacılar Avropa mədəniyyətinə malik ziyalı idilər. Sara 1913-cü ildə Almaniyanın Baden-Baden şəhərindəki fotoşəkillərini göstərdi. Burada Yeni il şənliyində çəkilmiş bir qrup fotoşəklin üzərində dayanıb, o zamanın Bakı neft baronlarının övladlarının bir çoxunun yer aldığı bu fotodakı üçüncü sırada, ortada oturmuş kiçik oğlanın Liova Naussimbaum olduğunu söylədi. Bacısı əlavə etdi ki, bu yəhudi uşağı bizdən iki yaş kiçik idi. Bunun rus tələffüzü ilə Lev Naussimbaum olduğunu dəqiqləşdirmək üçün sual verdim. Təsdiqləyib onun atasının Bakının zəngin neft sahibkarlarından olduğunu, anasını görmədiklərini, qohumunun onu böyütdüyünü, ağıllı və mədəni davranışlı uşaq olduğunu qeyd edib, almanca sərbəst danışdığını vurğuladılar. Onun dayəsi alman xanım idi.
T.Reissin fikrincə, bolşeviklər Bakını alandan sonra Lev atası ilə İran və Türküstan vasitəsilə Avropaya gəlmişdi. Hələ 18 yaşı tamam olmamış, 1923-cü ildə son günlərini yaşayan Osmanlı imperatorluğunun Berlindəki səfirliyində İslamı qəbul etmişdi. Birinci Dünya müharibəsindən sonra Almaniyadakı, Avstriyadakı yəhudilər alman cəmiyyətinə assimilyasiya olunmağa məcbur olurdular. Lev isə Əsəd bəy olaraq öz uzun şərqli geyimi və turbanı (çalma) ilə Berlin və Vyananın kafelərində özünü çox rahat hiss edirdi. O, hələ otuz yaşına çatmamış dünyada çox oxunan 16 kitabın müəllifi idi.
T.Reissin M.Əsəd bəyin Avropa həyatından yazarkən, həm kommunist, həm də faşist təzyiqlərindən qurtarıb sağ qalmaq və məşhur olmağın asan olmadığını, "Levin bir anda yəhudi, ya alman, ya şərqli" kimi özünü göstərə bildiyini yazır. Berlində yaşayanda Əsəd bəyin çevrəsi geniş idi. Pasternak, Nabokov da bu çevrəyə daxil idi. Trotski də sürgündən (Meksika) onunla maraqlanırdı, oğluna 1931-ci ildə yazdığı məktubda soruşurdu ki, Əsəd bəy kimdir? Ümumiyyətlə, T.Reiss Əsəd bəyə Avropada "Veymarın media ulduzu", "peşəkar orientalist", "Mussoliniyə rəğbəti" olan, "bir müsəlman şahzadəsi" kimi baxdıqlarını yazsa da, halbuki onun "bir yəhudi şəqrşünası" olması qənaətinə gəlir. T.Reiss öz qəhrəmanını həmişə Lev olaraq qeyd edir, halbuki hər kəs, həm Avropada, həm də dünyada onu əsərlərinin üzərindəki adla - Məhəmməd Əsəd bəy, ya da Əsəd bəy olaraq tanıyırdı.
T.Reissin əsərindən aydın olur ki, o, İtaliyada, Pozitanoda Əsəd bəyin qəbrinə baş çəkmiş, Vyanada - onun sonuncu redaktoru və naşiri olan xanım Therese Kirsehner ilə görüşmüşdür. Xanım Kirsehner yəhudi şərikləri gedəndən sonra nəşriyyatın tam sahibi olmuşdur. Ər familiyası Mögle olan 96 yaşlı bu xanımla görüşən T.Reiss yaşından çox gənc görünən bu xanımın yazarlarıının çoxunun yəhudi olduğunu və Anşlüs zamanı onların Avstriyanı bir həftə içində tərk etdiklərini yazır. T.Reiss yazır ki, yeməkdən sonra küçəni aşağı enərək frau Möglenin evinə getdik. Bu vaxt frau Mögle məndən soruşdu ki, Qurban Səidin "Eşqdən anlamayan adam" romanını oxumusanmı? Bu əsərin adını eşitmədiyimi deyəndə, o biri otağa keçib iplə sıx bağlanmış altı qeyd dəftərini gətirib qarşıma qoydu. İpləri açaraq dedi ki, 50 ildən çoxdur bunları özündə saxlayır. Dəftərin birincisinin ilk səhifəsində yazılmışdı: "Kurban Said", aşağıda əsərin almanca adı "Der Man der nicht von der Libe verstan" yazılmışdı.
Bu əsərin birinci cümləsi belə başlayırdı: "Ağrı həyatdan güclüdür, ölümdən, məhəbbətdən, sədaqətdən, vəzifədən də". Bir az aşağıda mürəkkəblə, narın xətlə yazılmışdı: "Bu kitab bir bədii ədəbiyyat kimi yazılmayıb. Mən ölümlə üz-üzə olan həyatıma keçmişə yönəlik, keçmişləri də əhatə edən bir nəzər salmaq istədim....". Frau Mögle deyib ki, o, Positanoya - Əsəd bəyin yanına gedəndə Əsəd bəy son yazıları olan bu dəftərləri ona verib nəşr etməsini xahiş edib. Amma xanım Mögle bunu etməyib, bununla əlaqədar T.Reissə deyib: "Mən bunları oxuya bilmədim, onun ağrılarını duymaq çox ağır idi, ona görə heç nə etmədim, saxladım. Əgər istəyirsiniz oxuyasınız, götürə bilərsiniz". T.Reiss yazır ki, otağıma gələn kimi dəftərləri açdım. Narın mavi mürəkkəblə yazılmış inanılmaz bir hekayət.
T.Reissin təqdim etdiyimiz əsərinə qayıdaq. "Şərqli" əsəri 26 səhifədə giriş, 341 səhifəlik əsas mətn, qalanları isə ədəbiyyat, şərhlər və qeydlər, indekslər, müəlliflə müsahibə, Lev Naussimbaumun (Məhəmməd əsəd bəyin) əsərlərinin biblioqrafiyasından olmaqla, cəmi 447 səhifədir. Tədqiqatçı M.Əsəd bəyin həyatından yazarkən, əsasən, yazıçının özü haqqında yazdığı məlum fikirlərə əsaslanır. Uşaqlığından bəhs edərkən burada da sözü yenə onun yəhudi olmasına gətirir və yəhudilərin İranda və Azərbaycanda yerləşməsi tarixindən söz açır. Azərbaycan yəhudilərinin "Xəzər tayfalarından" törədiyini irəli sürənləri qəbul etmir. Lakin Xəzərlərin türk-hun qanlı olduğunu, VI-VIII əsrlərdə qüdrətli xaqanlıq qurduqlarını, VIII əsrin ortalarına yaxın yəhudi dinini qəbul etdiklərini yazır. Eyni zamanda, Xəzər xaqanlığının tolerant olduğunu, xristianların, müsəlmanların və bütpərəst slavyanların gediş-gəlişinə, yaşamına mane olmadığını göstərir.
T.Reiss Birinci Dünya müharibəsi hadisələrinə tarixi ekskursiyalarında da çox vaxt yanlış və nöqsanlı nəticələrə gəlir. Saxta erməni əsərlərinin təsiri altında tarixi həqiqətləri tamamilə tərsinə çevirərək yazır ki, Lev Bakıya dönəndə "erməni əhalisi kütləvi qırğınla kəsilib-tökülmüşdü", şəhər 10 minlik türk ordusunun və yüzlərlə prussiyalının (?) əlində idi, ...oktyabrda onlar Azərbaycanı tərk etdilər. Halbuki T.Reiss Məhəmməd Əsəd bəyin "Şərqdə qan və neft" əsərini diqqətlə oxumuş olsaydı, görərdi ki, əsərin 75-ci səhifəsində o yazır: "...martın üç qanlı günündə küçə döyüşlərində Azərbaycanın taleyi həll olundu və Bakının meydanlarına, damlarına və küçələrinə 30 min cəsəd sərildi. Andronik və Styopa Lalay həmin günlər qəddarlıq mücəssəməsinə çevrilmişdilər". Əsərin tam səkkiz səhifəsində ermənilərin Bakıda törətdikləri qırğın, onların zalımlığı və qaniçənliyi təsvir olunur, azərbaycanlıların ağlagəlməz təhqir və işgəncələrə məruz qaldıqlarından bəhs edilir (Məhəmməd Əsəd Bəy. Şərqdə neft və qan. Tarixi-publisistik roman. Alman dilindən tərcümə edən Çərkəz Qurbanlı. Bakı, Kitab Klubu MMC, 2015, s.75, 80-87).
Tədqiqatçı Osmanlı tarixindən, türk-alman ittifaqından, Gənc Türklərdən, panturanizmdən, 1915-ci il "erməni qırğınından", Rusiya-Osmanlı münasibətindən uzun-uzadı bəhs edir, Atatürkün fəaliyyətlərindən söz açır, minlərlə rus qaçqınının İstanbula sığınması və s. məsələləri şərh edir. M.Əsəd bəyin 1932-ci ildə Berlində nəşr etdirdiyi "White Russia: Men Without a Houmland" ("Bəyaz Rusiya - vətənsiz insanlar") kitabından gen-bol istifadə edir.
T.Reiss qeyd edir ki, bir neçə gün İstanbul həyatından sonra Lev atası ilə İtaliyaya yola düşür. O zamanın rus mühacirləri "Konstantinopoldan" yalnız müvəqqəti keçid məntəqəsi kimi istifadə edirdilər. İtaliyaya səfər zamanı Lev qərara alır ki, Osmanlı kimliyini qəbul etsin. O, monarxist idi. Osmanlının çoxəsrlik tarixinə yaxından bələd idi. Üç günlük səfərdən sonra Adriatikin cənub limanı Brindisiyə çıxırlar. Lev müşahidə edir ki, İtaliyada kommunistlər fəaldır və Romada daha çox təsirə sahibdirlər. Lev bunların "faşist" olduğunu bilmirdi, bu sözü də eşitməmişdi. Bilmirdi ki, 1919-cu ildə Mussolini başlatdığı yeni hərəkatı faşizm (fascizmo) adlandırmışdı.
T.Reiss Levin Avropaya gəlişindən sonra onun milli kimliyini önə çəkərək, 1922-ci ilin avqustunda Berlində - Türk səfirliyində adının ərəbcə tərcüməsi olan Əsəd bəy adı ilə İslam dinini qəbul etdiyini yazır. Onun fikrincə, yeni kimlik və dini mənsubluq da onun həyatını təmin edir, həm sağ qalmasını şərtləndirir, həm də uğurlarına yol açır. 1923-cü ildə Əsəd bəy artıq Berlində İslami cəmiyyətin və İslamiyə tələbə qrupunun təsisçilərindən biri kimi tanınmağa başlayır. Burada Əsəd bəyin tələbə mühiti türk, ərəb, əfqan, iranlı, hind və digər mühacirlərin həm dini, həm də milli-etnik hisslərinin qabarıq təzahür etdiyi mühit idi. T.Reissin fikrincə, kosmopolit Bakıdan fərqli olaraq, burada azərilərin milli şərəf hissi daha güclü idi.
İyirmi altı yaşında Əsəd bəy (Tom Reiss bundan sonra da onu "Lev" adlandırmaqda davam edir - E.M.) Məhəmməd peyğəmbərin və Stalinin bioqrafı kimi tanınırdı. Bu bioqrafik əsərlər o zaman dünyanın ən çox oxunan (bestseller-əla satılan) əsərlər sırasında idi. Bu kitablar müxtəlif dillərə tərcümə edilir, nəşr edilirdi. Almaniya o zaman kitab nəşrində dünyada ən irəlidə idi. Əsəd bəy də məhz alman yazıçısı olmaq istəyirdi. (1913-cü ildə Almaniyada 35 min kitab çap edilmişdi, 1926-30-cu illərdə Berlin Avropa kitab nəşrinin mərkəzi idi. "Dünya ədəbiyyatı" (Die Literarische Welt) jurnalı ABŞ-ın "The New York Review of Books"-a tay idi.
T.Reiss Əsəd bəyin alman və Qərb ədəbi-mədəni mühitindəki zəngin əlaqələrindən çoxlu təfərrüatlar gətirir. Onun "Ədəbiyyat dünyası"nda 144 məqaləsinin dərc olunduğunu yazır. Şərq və islam dünyası üzrə ekspertə çevrilən Əsəd bəy 1929-cu ildə ilk avtobioqrafik romanı - "Şərqdə qan və neft" ilə məşhurlaşır. Əsəd bəyin yaxın yazıçı və naşir dostlarından biri yazmışdı: "Biz Əsəd bəyə "Ədəbiyyat dünyası"ndan bələd idik. İndiyə kimi, əslində, biz onu tanımamışıq. Elə düşünürdük ki, onun adı sadəcə təxəllüsdür, amma macəralı bioqrafik əsəri oxuyandan sonra bildik ki, o, Asiyada, Azərbaycanın Bakı şəhərində doğulan bir müsəlman zadəganı və rus inqilabçı ziyalısının övladı olan bir şəxsdir.
T.Reiss yazır ki, bu illərdə Əsəd bəyin əleyhdarları, tənqidçiləri də çoxalmışdı, islamçı radikal yönlü mətbu orqanlarda, nəşrlərdə onun müsəlmanlığı seçmiş yəhudi kimliyi, Tiflis yəhudisi Abraham Naussimbaumun oğlu olması (Bakının tanınmış tartar (türk) neft maqnatının deyil) barədə məlumatlar vurğulanırdı. Hətta onun yəhudi iş meneceri, islamı qəbul etmiş Məhəmməd Hoffman da onu tənqid edirdi. Avropadakı müsəlman mühacirəti onun əsərlərində Şərqə, müsəlman əxlaqı və həyat tərzinə yaraşmayan cəhətlərə görə, xüsusən, Məhəmməd peyğəmbərin bioqrafiyasındakı xətalarına görə narazı idilər və bunu islama qarşı təxribat kimi qiymətləndirirdilər. İstanbullu azəri millətçi türkü olan Hilal Munşı (Munschi) alman və türk dillərində bir neçə pamfletlər yazaraq onu saxtakarlıqda ittiham edirdi. Məsələn, orta məktəbi bitirmədən Berlin universitetinə daxil olmasını, Əsəd bəy Noussenbaum adı ilə qeydiyyatını və s. Fikrimizcə, həqiqətən də, bir sıra tənqidçilər haqlı idilər, çünki Əsəd bəyin əsərlərində hərdən azərbaycanlılar və yəhudilərin adət-ənənələrindən bəhs edərkən həqiqətdənkənar nağılvari rəvayətlərə söykənməsi, islam dininin və onun peyğəmbərinin təqdimində bəzi yanlışlıqlara yol verməsi belə qənaətə gəlməyə əsas verir ki, o, bəzən Qərb auditoriyasını, sanki heyrətləndirmək, yaxud onların xoşuna gəlmək istəmişdir.
T.Reiss yazır ki, Almaniya polisi də, Almaniya Yazıçılar İttifaqı da, Millətlər Liqasının Qaçqınlar üzrə Ali Komissarlığının Almaniya nümayəndəliyi də Levi Əsəd bəy Naussimbaum kimi qəbul edirdilər. 1930-cu ilin martında Almaniyanın şərəfinə, onun müəyyən ölkələrlə münasibətlərinə zərər vuran bu əsərinə görə Lev Almaniya Xarici İşlər Nazirliyinə çağırılanda da adı rəsmi sənədlərdə "Cənab Əsəd - bəy Lev Naussimbaum" keçmişdi. Lakin o zaman Almaniyada hələ yəhudilərin təqibi başlamadığından bu əsərin çap edilməsinin qarşısı alınmadı, əksinə, bu olaylar bir növ kitabın satışı üçün yaxşı reklam rolu oynadı.
T.Reiss Levin yeniyetməlik illərində təsirləndiyi, bənzəmək istədiyi macar yəhudisi, Avropada tanınan məşhur şərqşünas Arminius Vamberinin (1832-1913) adını yəqin ki, təsadüfi çəkmir. Rəşid Əfəndi adı ilə əvvəlcə Osmanlı dövlətində, İstanbulda Sultan II Əbdülhəmidə xidmət edən Vamberi sonra Şərq ölkələrinə uzunmüddətli səyahətlər etmiş, bir sıra əsərlər yazmışdı. T.Reiss bir sıra nümunələr və paralellər apararaq adını, dinini dəyişib müsəlman kimliyi ilə məşhurlaşan şəxslərdən bəhs edir. Burada T.Reiss həmin illərdə Almaniyanın qarışıq və gərgin siyasi həyatını, Hitler və ətrafının hakimiyyət uğrunda siyasi mübarizəsini, faşizmin yaranması prosesini çox geniş təsvir edir, Əsəd bəyin 1932-ci ilin sonlarında Türkiyədə və Çexoslovakiyada mühazirələr oxuduğunu, Türkiyə mətbuatında türkcəni dərindən bilən alman yazıçısı kimi təqdim olunduğunu qeyd edir.
T.Reissə görə, 1930-cu illərin əvvəllərində Almaniyada hakimiyyətə gələn nasional-sosialistlər (nasistlər) ölkədə yəhudilərin təqibinə hələ başlamamışdılar. III Reyxin Xarici İşlər Nazirliyində Kurt Ziemke adlı məmur antisemitlərin şikayəti üzrə Əsəd bəyə dair dosye hazırlayır və Almaniyanın yeni Təbliğat naziri Dr.Göbbelsə çatdırır ki, onunla əlaqədar tədbir görülsün. Lakin Əsəd bəyin yəhudi olduğuna dair konkret sənədli sübutlar olmadığına görə onun Almaniya Yazıçılar İttifaqına üzvlüyünə və Reyx Ədəbiyyat Palatasına üzvlüyünə maneçilik törədilmədi, bu isə Almaniyada nəşr olunmaq üçün daha yüksək imkanlar demək idi.
T.Reiss yazır ki, Əsəd bəy 1935-1936-cı illərdə "Stalin" və "Əli və Nino" əsərlərini yazmışdır. Bu zaman artıq onun kitablarının nəşrinə Almaniyada qadağa qoyulmuşdu və o, ilk dəfə qərara aldı ki, "Əli və Nino"nu Qurban Səid təxəllüsü ilə nəşr etdirsin. O özünü hər mənada qurban hesab edirdi, özü də adi yox, şərəfli qurban. Görünür, buna görə ərəbcə həmin mənanı verən Qurban Səid adını seçmişdi. T.Reiss naşir baroness Elfridin vəkili Dr.Heinz Barazonla bunları dəqiqləşdirir. Məlum olur ki, baroness Elfrid Əsəd bəyin "Əli və Nino" əsərini 1937-ci ildə, "Qızıl Buynuzdan olan qız" (Das Madchen vom Goldenen Horn) romanını 1938-ci ildə Vyanada və Leypsiqdə nəşr etdirmişdir. Bu barədə Almaniyanın 1935-1939-cu illər "Deutscher Gesamtkatalog"da məlumat verilir. Kitabların nəşri ilə əlaqədar 20 aprel 1937-ci ildə nəşriyyatların baroness Elfrid Ehrenfelslə imzalanmış müqaviləsi də bunu təsdiqləyir.
T.Reiss Liladan (Leela) onun atası barədə soruşanda deyib ki, atası Baron Rolf Ömər adını götürüb, islamı qəbul edib və Əsəd bəylə dostluq edib. Lila deyib ki, yaxşı olar T.Reiss onun atasının ikinci arvadı Elfrid ilə Əsəd bəy haqqında danışsın. Xatırladır ki, bir vaxtlar xanım Elfrid Kurban Said kimi də tanınırmış. T. Reys yazır ki, o Qurban Səidin "Qızıl buynuzdan olan qız" əsərinin İsveç (Swiss) nəşrində baron Ömər Ehrenfelsin yazdığı qısa müqəddimədə bir cümləyə rast gəlir. Burada qeyd olunur ki, baron Ömər ilk dəfə gənc vaxtlarında Vyanada Afro-Asiya tələbələrinin "Orient-Bund" cəmiyyətində azərbaycanlı Qurban Səidlə tanış olub və dostlaşıb... 1954-cü ildə, uzun illər Hindistanda yaşadıqdan sonra ilk dəfə Avropaya dönən kimi İtaliyaya gedib, Positanoda dostunun məzarını ziyarət edib.
T.Reissə görə, Əsəd bəy 1938-ci ilin yazında, gestapo onunla maraqlananda İtaliyaya gəlib. O, italyan naşiri, "Fascit Grand Council" üzvü, məşhur ziyalı, Benito Mussolininin çevrəsində olan Covanni Gentile ilə hələ əvvəldən tanış idi, yazışırdı və Covanni 1937-ci ilin iyununda Əsəd bəyi Duçenin - Mussolininin qəbuluna aparacaqmış. Əsəd bəy Mussolininin də bioqrafı olmağı planlamışdı. 3 iyul 1938-ci il tarixində Mussolini onu qəbul edəcəkmiş. Bir gün qalmış Vyanadan, Trevers nəşriyyat evindən Əsəd bəyi tanıyan biri onun azəri əsilli bir müsəlman zadəganı deyil, yəhudi Abrahamın oğlu Lev Noussimbaum olduğunu, Əsəd bəy adı altında gizləndiyini yazır. Bənzər məlumatı Mussolini italyan polisindən də alır və bu görüş ləğv edilir.
T.Reiss yazır ki, ilk illərdə Mussolini rejimi anti-semit deyildi, o hətta Hitlerin rasizm siyasətini tənqid edirdi. Hətta İtaliyanın faşist partiyasında belə yəhudi generalları, professorları var idi. Bütün sahələrdə yəhudilərin çox geniş və fəal iştirakı mövcud idi. Buna görə də Hitler onu tənqid edir, İtaliya faşizmini-"Koşer faşizm" (yəni yəhudisayağı faşizm) adlandırırdı. Ancaq 1938-ci ilin yayından İtaliyada da antisemitizm başladı. Buna görə Əsəd bəy İtaliyaya viza almaqda çətinliklə üzləşmişdi və o, vaxtı ötmüş Amerikaya giriş vərəqi ilə bir gəmiyə bilet alıb İtaliyaya daxil olmuşdu. Salerno yaxınlığında sahil kəndi Positanoda yerləşmişdi. Əsəd bəy yazırmış ki, "gülməlidir ki, 20 kitabımın nəşr edildiyi ölkəyə daxil ola bilmirəm". Positanoda Əsəd bəyin xəstəliyi daha da güclənir, 1939-cu ildə o, Naplesdə qospitala yerləşdirilir, sol ayağının bir neçə barmağını kəsirlər və müalicə edirlər. İtalyan polisində onun haqqında məlumatlar olsa da, onu həbs etmirlər.
T.Reiss Positanonu geniş təsvir edir. Əsəd bəyin 1938-ci ilin aprel, ya mayında buraya gəldiyini yazır. 1940-cı ildə Əsəd bəy "Eşqdən heç nə anlamayan adam" (Der Mann, der Nichts von der Libe Verstand) xatirə-gündəlik romanı yazmağa başlayır. Bu əsəri onun keçmiş naşirlərindən frau Mögle yuxarıda qeyd edildiyi kimi, əlli ildən çox qoruyub saxlamışdır.
Əsəd bəy yetərincə qidalanmadığından, pul və dərman çatışmazlığından ömrünün son üç ilini əzab və ağrılarla keçirib. Hər kəs onu "Muslim" çağırırmış. 1942-ci ilin avqustunda Salerno yaxınlığındakı SS qərargahından Əsəd bəyi həbs etmək üçün gizli polislər gələndə o artıq dəfn edilmişdi. Qəbir daşında da başında çalması və ərəbcə kimliyi yazılmışdı, vəsiyyətinə görə, üzü Məkkəyə (qibləyə) dəfn edilmişdi. "Oriente Moderno" jurnalında Dr.Ahmed Giamil Vacca-Mazzara (Əlcəzairli) "Qafqazın Azərbaycan müsəlman yazıçısı Məhəmməd Əsəd Bəy" başlıqlı əhatəli başsağlığı yazmışdı. Yeri gəlmişkən, bu yazıda aydınca qeyd olunmuşdu: "Bu Əsəd bəy yəhudi deyildir" (That Essad Bey was not a Jew).
T.Reiss yazır ki, xanım Mögle ilə Vyanada görüşəndə Mögle deyib ki, Əsəd bəy Avstriyanı tərk edəndən sonra onun atası Abrahamla bir neçə dəfə görüşüb. Abraham Mögledən xahiş edib ki, o, Positanoya gedib Əsəd bəyə baş çəksin. Bir müddət sonra Abraham daha görünmür. Onun həbs olunub Polşanın Tredlinka düşərgəsində 1941-ci ildə öldürüldüyü bildirilir.
T.Reiss Nyu-Yorkda Antropoloji İnstitutda Əsəd bəyin milli kimliyi ilə bağlı qənaəti də bölüşür: "Leo Mohammed Essad Bey, son of İbrahim Arslan-Oglu, born in Baku on the 20 October 1905, religion Mohammedian" (Leo Məhəmməd Əsəd bəy, İbrahim Arslan oğlu 20 oktyabr 1905-ci ildə Bakıda doğulmuşdur, dini Məhəmmədi).
Ayrıca vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Azərbaycanın İtaliyadakı Səfirliyinin yaxından iştirakı ilə Məhəmməd Əsəd bəyin məzarı abadlaşdırılmış, yaşadığı ev muzeyə çevrilmiş, Positano şəhər meriyası ilə xoş münasibətlər qurulmuş, bu şəhər bizim Naftalan şəhəri ilə qardaşlaşmışdır. 2010-2015-cı illərdə ölkəmizi İtaliyada təmsil edən səfir Vaqif Sadıqovun cari ilin yayında Cenevrədə görüşümüzdə bildirdiyi kimi, bu tədbirlərdən sonra Məhəmməd Əsəd bəyə bir Azərbaycan yazarı kimi maraq daha da artmış və onun haqqında yenı əsərlər də yazılmışdır. İtaliyada tanınmış alim Romolo Ercolino "Əsəd bəy - Positanoda Azərbaycan yazıçısı" (Romolo Ercolino. Essad Bey - Scrittore azerbaigiano a Positano) əsəri də bu qəbildəndir.
Bununla T.Reissin "Şərqli" kitabının Qurban Səidin kimliyi ilə daha çox əlaqədar olan hissələrinin qısa icmalını yekunlaşdıraraq dəyərləndirmək üçün hörmətli oxucuların və tədqiqatçıların diqqətinə təqdim edirəm. Ancaq onu da deməyi lazım bilirəm ki, bu kitabın yazılmasından keçən vaxt ərzində Azərbaycanda (akademik İsa Həbibbəyli, prof. Bədirxan Əhmədli) və Almaniyada (Doç.Dr.Orxan Aras) Məhəmməd Əsəd bəyin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olması haqqında konseptual mövqelər ortaya qoyulmuşdur.
"Ədəbiyyat qəzeti"