04.11.2020, 09:49 - Baxış sayı: 717

"Azərbaycanla Pakistanı çox sıx tarixi tellər bağlayır" - Eynulla Mədətli ilə müsahibə


"Azərbaycanla Pakistanı çox sıx tarixi tellər bağlayır" - Eynulla Mədətli ilə müsahibəQarabağ münaqişəsi, Haqq Savaşımız Azərbaycana həm də dost-düşmənini tanımaq baxımından fürsət yaratmış oldu.
Bu xüsusda biz Türkiyəylə yanaşı, bir sıra ölkələrin də dostluq mövqeyini gördük, güclü dəstəyini hiss etdik. Onların sırasında dost və qardaş Pakistan dövləti önə çıxdı. Pakistan hər zaman öz dəstəyini dövlətimizə və xalqımıza fəal şəkildə göstərməkdədir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistan İslam Respublikasındakı keçmiş Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətli ilə məhz bu mövzuda söhbətləşdik.

Tanınmış alim və diplomat E.Mədətli Pakistan-Azərbaycan münasibətlərindən, bu münasibətlərin tarixi köklərindən ətraflı şəkildə söz açdı.



- Eynulla müəllim, konkret suallara keçməzdən öncə, Pakistanda illərlə yaşamış və çalışmış səfir və alim kimi, bu dost və qardaş ölkəyə marağınız, Azərbaycan-Pakistan münasibətlərinin yeni dövrü haqqında ümumi fikirlərinizi, təəssüratınızı bilmək istərdik.
- Şübhəsiz ki, Azərbaycana dost dövlətlər içərisində Türkiyədən sonra tam əminliklə qardaş deyə biləcəyimiz ikinci ölkə Pakistan İslam Respublikasıdır. Pakistanla tanışlığım, əlbəttə, Ulu Öndərimiz Heydər Əliyevin 2002-ci ildə məni həmin ölkəyə fövqəladə və səlahiyyətli səfir təyin etməsi ilə birbaşa başladı. Ancaq bundan əvvəl İranın Təbriz şəhərində Azərbaycanın təyin olunmuş ilk baş konsulu və Tehranda Azərbaycan səfirinin müşaviri olaraq çalışdığım zaman, yəni 1996-2001-ci illər arasında, şübhəsiz ki, region ölkəsi kimi Pakistanla da maraqlanırdım. O zaman Əfqanıstan hadisələrinin də gur vaxtı idi. Orda güclü siyasi proseslər gedirdi. Bu və ya digər dərəcədə həmin proseslər İran və Pakistanla əlaqəli idi. Ona görə də Pakistana məndə xüsusi maraq o illərdən yarandı. Daha güclü marağım isə başqa bir hadisəylə əlaqədardır. Belə ki, 2000-ci ilin iyununda Ümummilli Lider Heydər Əliyev İrana işgüzar səfər etmişdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) sammitində dövlətimizin başçısını müşayiət edirdik. Onda Pakistanın İrandakı səfiri məlumat verdi ki, Pakistan rəhbəri Pərviz Müşərrəf cənab Heydər Əliyevlə görüşmək istəyir. O zaman Pərviz Müşərrəfə hələ prezident demirdilər. Çünki o, ölkəsində çevriliş edib, prezidenti istefaya göndərib, baş naziri vəzifəsindən uzaqlaşdırıb, konstitusiyanın hökmünü dayandırıb, hakimiyyəti öz əlində birləşdirərək ölkədə icraedici hakimiyyətin başçısı olmuşdu. Amerika və Avropa ölkələri bu hadisələrə Pərviz Müşərrəfin hərbi qiyamı kimi baxırdılar. Əslində isə bu, hərbi qiyam deyildi, keçmiş hökumətin ciddi səhvləri nəticəsində yaranmış bir vəziyyət idi. Bu durumlara görə digər ölkə başçıları hələ Pərviz Müşərrəfi qəbul etmir, onunla əlaqə qurmaq istəmirdilər. Buna baxmayaraq, Heydər Əliyev həmin təklifi qəbul elədi və o görüş Tehranda baş tutdu. Bu, çox əhəmiyyətli bir görüş idi və mən deyərdim ki, 2000-ci ildən sonra Azərbaycan-Pakistan əlaqələrindəki həlledici rolu məhz o görüş oynadı.
Doğrudur, bu iki ölkə arasındakı münasibətlər daha əvvəldən başlamışdı, Ulu Öndərin dəvəti ilə Pakistan prezidenti Faruk Əhməd xan Leqari ölkəmizdə səfərdə olmuş, bir il sonra 1996-cı ilin aprelində Heydər Əliyev Pakistana rəsmi səfər etmiş, Prezidentlə, Baş nazir Benazir Bhutto ilə səmərəli görüşlər keçirmişdi. Lakin Pakistanda yeni siyasi şərait yaranmış, ordu hakimiyyətə əl qoymuşdu və siyasətdə prinsip və ardıcıllığın tərəfdarı olan Ulu Öndər ən doğru qərarı qəbul etdi və bunun gələcək qarşılıqlı münasibətlərdə əvəzsiz rolu oldu. Bu görüşdən bir müddət sonra, daha doğrusu 2002-ci ilin aprelində Azərbaycan və Pakistan Müdafiə nazirlikləri arasında müdafiə və hərbi sahədə əməkdaşlıq Protokolu imzalandı. Həmin ilin oktyabrında isə İstanbulda Ulu Öndərin indi artıq qanuni prezident seçilmiş Pərviz Müşərrəflə təkrar görüşü oldu. Cənab İlham Əliyev Prezident seçiləndən sonra həm eyni kursu ardıcıllıqla davam etdirdi, həm də daha irəliyə apardı. Bir sözlə, Azərbaycanla Pakistanı çox sıx tarixi tellər bağlayır. Pakistan bir çox cəhətdən bizim üçün olduqca önəmli ölkədir.
- Azərbaycan-Pakistan siyasi və mədəni əlaqələrinin tarixi kökləri haralara gedib çıxır?
- Müasir Pakistan bir dövlət kimi 1947-ci ildə Hindistan yarımadasında Britaniyanın burada müstəmləkəçilik siyasətinin başa çatması və bu bölgədə Hindistan və Pakistan adlanan iki dövlətin formalaşdırılması ilə yaradılıb. Britaniya hakimiyyəti dini mənsubiyyət əsasında Hind yarımadasındakı müsəlmanların üzun illər müstəqil dövlət qurmaq sahəsində mübarizəsini nəzərə almalı olmuşdu və beləliklə Pakistanın indiki coğrafiyasında əsasən müsəlmanların sakin olduğu yerləri əhatə edən bu dövlət qurulmuşdu. Bu zaman hindlilərin Pakistandan Hindistana, müsəlmanların da bir qisminin oradan Pakistana köçürülməsi prosesi baş vermiş, çoxlu faciələr də yaşanmışdı. Nəzərə alınmalıdır ki, indi də Pakistan və İndoneziyadan sonra müsəlmanların ən çox yaşadığı ölkə məhz Hindistandır. Ümumən, bu coğrafiyada yaşayan pəncablıların, sindlərin, belucların, kəşmirlilərin, puştuların, urdu dilində danışan türk-fars-ərəb mənşəli əhalinin - indiki adla desək,bütöv Pakistan xalqının bizimlə çox qədim tarixi əlaqələri olub. Məsələn, eradan əvvəl 1-ci əsrdən eramızın 3-cü əsri də daxil olmaqla Pakistan və bütün Türküstan, yəni biz və indiki Mərkəzi Asiyadakı türk cümhuriyyətlərinin yerləşdiyi ərazi Kuşan adlı vahid imperiyanın tərkibində idilər. 4-cü əsrdə indiki Pakistanın Pəncab və Sind əyalətlərində türklərin ulu babalarından sayılan hunlar, əsasən də ağ hunlar hakim idilər. 7-ci əsrin ortalarından sonra həm bizim coğrafiyada, həm də hind yarımadasında ərəblər islam dinini yaymağa başladılar. İslamın gəlişiylə bu ərazilərdə ortaq mədəniyyət yarandı. Bu da öz təsirini göstərdi.
Ərəb Xilafəti zəifləyəndən sonra ayrı-ayrı ərazilərdə yeni müstəqil dövlətlər yaranmağa başladı. Belə bir şəraitdə orta Asiyada Sultan Mahmud Qəznəvinin başçılığı ilə Qəznəvilər dövləti yarandı. Uzun illər Pakistan ərazisi bu türk dövlətinin tərkibində qalıb. Hətta Pakistanın ikinci böyük şəhəri, siyasi-mədəni mərkəzi Lahor təxminən 35 il ərzində həmin dövlətin paytaxtı olub. Beləliklə, türk elementi bu dövrdə daha da gücləndi. Sonrakı dövrlərdə, XIV əsrin sonlarında Əmir Teymurun yürüşləri də türk amilini diri saxladı. 1501-ci idə Şah İsmayılın başçılığı ilə Azərbaycan Səfəvilər dövləti yarandı. Çox keçmədən bu dövlət Azərbaycan hüdudlarını aşaraq böyük imperiyaya çevrildi. Belə bir zamanda Şərqdə Böyük Muğal İmperiyası yaranırdı. Buna Azərbaycan ədəbiyyatında Moğol da deyirlər. Bu dövləti quran Zahiruddin Babur da türk idi. Şah İsmayıl 1510-cu ildə özbək Şeybani xanla Mərv yaxınlığındakı döyüşdə əsir düşən Baburun bacısını böyük ehtiramla geri göndərir. Bu hadisədən sonra Baburla Şah İsmayılın dostluğu başladı. Bu dostluq daimi oldu. Babur 1525-ci ildə Dehliyə gedərək Böyük Muğal dövlətinin yaranmasını elan etdi. Səfəvilər dövlətiylə də həm diplomatik, həm də dostluq səviyyəsində sıx əlaqə qurdu. 1530-cu ildə Baburun ölümü ilə oğlu Humayun taxta çıxdı. 10 ildən sonra əfqanlar üsyan qaldırıb onu taxtdan saldılar. Humayun ailəsi və yaxın adamlarıyla birgə Təbrizə - Səfəvi sarayına pənah gətirdi. O zaman Şah İsmayılın oğlu Şah Təhmasib hakimiyyətdə idi. O, Humayunu çox böyük ehtiramla qarşıladı. 15 il Humayun burda qaldı və himayə olundu. 1555-ci ildə Şah Təhmasib azərbaycanlılardan ibarət 12 minlik qızılbaş ordusunu Budaq bəy Qacarın başçılığı ilə onun ixtiyarına verdi. Bununla Humayun Dehliyə hücum edib yenidən taxtına sahib oldu. Bir sözlə Pakistanın tarixi Muğal İmperiyasının tarixidir. Yəni, Azərbaycanın tarixi dövləti olan Səfəvilərin köməyi olmasaydı, Muğal İmperiyası bərpa edilməyəcək və yaşamayacaqdı. Hazırda Azərbaycanla Pakistanın dostluq və qardaşlıq əlaqələri həm etnik köklərdən və dini-mənəvi bağlılıqdan, həm də siyasi-hərbi yaxınlıqdan qaynaqlanır.
Humayun Təbrizdə olarkən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına o qədər vurulmuşdu ki, vətəninə qayıdandan sonra buradan yüzlərlə incəsənət adamını, memarını, xəttatını, miniatürçülərini ölkəsinə dəvət elədi, onlar indiki Pakistan və Hindistana mənsub olan böyük bir ərazidə çox mühüm işlər gördülər.
Yaxud islam mədəniyyəti baxımından bağlılığımıza nəzər yetirək. Məlumdur ki, İslam dini yayıldıqca onun müxtəlif təriqətləri yaranırdı. Azərbaycanda sufizm çox güclü idi. Şihabəddin Sühraverdinin təlimi və digər sufi ideyaları eynilə Hindistan yarımadasında da yayılırdı. Məsələn, sufiliyin məşhur simalarından olan olan Şəms Təbrizinin bir məqbərəsi Konyada-Mövlana Cəlaləddin Ruminin yanında, biri də Pakistanın Multan şəhərindədir. Mən Pakistanda işləyərkən, təbii ki, ölkəyə daha yaxından bələd olmaq üçün imkan qədər bütün bölgələrə səfər edirdim və Multan şəhərində də oldum. Çünki Multanla bizim ölkəni bağlayan başqa əlaqələr də vardı. Şəms Təbrizinin məqbərəsini ziyarət edəndə orda yüzdən çox dərviş gördüm. Hamısı Şəmsi ziyarətə gəlmişdilər. Bir çoxumuz dərvişləri folklordan, ədəbiyyatdan tanıyırıq. Amma onlar geyimləri, saçları, çiyinlərindəki heybələriylə tipik, real həyatdakı dərvişlər idilər. Onlar dizin-dizin Şəmsin məqbərəsinə yaxınlaşır, ətrafına dolanırdılar. Yəni, Şəmsin məqbərəsi Pakistanda sufi dərvişlərinin ibadət yeridir.
Eləcə də Azərbaycanın digər şairləri, filosofları, elm adamları Hind yarımadasında tanınırdı, sevilirdi. Əmir Xosrov Dəhləvi Nizami Gəncəvidən ruhlanaraq Xəmsə yaratmışdı. Məsələn, 17-ci əsrdə yaşamış Azərbaycan şairi, alimi Saib Təbrizi 1630-cu ildə Muğal İmperatoru Şah Cahanın sarayına dəvət olunmuşdu, şahın ailəsi, övladları tərəfindən çox tanınır, sevilirdi. Onun epik poemaları, qəsidələri, xüsusilə "Qəndəharnamə" əsəri geniş yayılmışdı.Yeri gəlmişkən, Şah Cahanın vaxtsız vəfat etmiş həyat yoldaşı Mümtaz xanımın xatirəsinə inşa etdirdiyi və dünyanın yeddi möcüzələrindən sayılan Tac Mahal məqbərəsinin də memarı türk İsa Əfəndi idi.Eləcə də şair və həkim Ruqnəddin Məsihi (Doktor Ruqna) Muğal İmperatorları Əkbər Şahın, ondan sonra Cahangir Şahın sarayında hökmdarın şəxsi həkimi idi.
- Eynulla müəllim, Azərbaycanla Pakistan arasında siyasi-mədəni əlaqələrlə yanaşı, tarixən bu iki xalqın ticari əlaqələri də olub, yəqin ki...
- Əlbəttə. Məsələn, 14-15-ci əsrlərdə o vaxtkı İpək yolu ilə hind tacirləri Multan şəhərindən gəlib Bakıda alış-veriş edir, burdan da keçib Avropaya gedirdilər. O qədər çox gəlirdilər ki, nəhayət, Bakı hakimi onlar üçün ayrıca karvansara tikdirdi. İndiki bizim İçərişəhərdəki Multan sarayı, yaxud Karvansaray 14-15-ci əsrlərin abidəsidir, Multan tacirləri, onların heyvanları üçün tikilmişdi. Bu cür əlaqələr o qədər sıx idi ki, xalqlararsı ticari-mədəni əlaqələr böyük bir coğrafiyanı əhatə edirdi, hətta bəlkə də, o zaman indi bizim "qloballaşma" adlandırdığımız proses indikindən də üstün idi.
Beləliklə, Pakistan xalqının formalaşmasında, etnik mənzərəsində, psixologiyasında kökü qədim keçmişlərə dayanan zəmin olmuşdur, burada türk mənsubiyyəti Xilafət zamanından, sonralar isə X-XII əsrlərdə Qəznəvilər, XIII-XIV əsrlərdə Dehli Sultanlığı, XVI-XVIII əsrlərdə Muğal imperatorluğu zamanlarında hər vaxt var olmuş və hüsn-rəğbət qazanmışdır. Şah Təhmasibin zamanında Humayunla birgə Hindistana gedən 12 min nəfər qızılbaş əsgərlərinin böyük qismi geri qayıtmadı, orda məskunlaşdılar. Bu gün Pakistanda minlərlə insanın soyadı "Qızılbaş", "Təbrizli", "Şirvanlı", "Şirvani", "Naxçıvani"dir. Kim hardan gedibsə, bu fakt indi soyadlarda yaşayır. Pakistanda on minlərlə insanın adında "Mirzə", "Xan", "Şah", "Bəyim" sözləri var. Onların hamısı ya türk, ya da türk-fars qarışıq Azərbaycan, İran əsillidirlər. Bu cür misalları çox uzatmaq olar. Bizimlə onlar arasında tarixən formalaşan etnik yaxınlıq var. Hansı etnik kimliyə malik olmasından asılı olmayaraq "Azərbaycan" sözü pakistanlılarda hüsn-rəğbət doğurur. Belə ki, ölkənin dövlət dili olan urducada "Bhay can" - "Qardaş can" anlamındadır və ölkəmizin adı "Azər qardaş can" mənasını ifadə edir.
- Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin vaxtilə Pakistanda yayılmış yoluxucu xəstəliyə görə onlara kömək əli uzatdığı barədə məlumatlar var...
- Mən də bu barədə oxumuşam. Bu o zaman üçün xarakterik idi. Müsəlman ölkələri, xüsusən, onun mütərəqqi insanları yalnız özlərini yox, bütün islam dünyasını düşünürdülər. Məsələn, Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının Hindistanda onlarla abunəçisi vardı, burada Britaniya müstəmləkəçiliyinə qarşı Hindistan xalqının (əlbəttə müsəlmanların və hindlilərin birlikdə - E.M.) mübarizəsinə, həmin bölgədə gedən proseslərə dair vaxtaşırı məlumatlar verirdi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatı İran, Hindistan, Əfqanıstan, ərəb ölkələrinin də problemlərini işıqlandırırdı.
O vaxt indi Pakistana aid olan ərazidə bir sıra yoluxucu xəstəliklər baş alıb gedirdi. Bu, faktdır ki, Hacı Zeynalabdin Tağıyev öz hesabına peyvənd üçün çox böyük vəsait xərcləyib.
- Bəs Pakistan dövləti yarandıqdan sonra əlaqələrimiz hansı səviyyədə olub?
- 1947-ci ildə Pakistan dövləti yaranandan az sonra bizim də daxil olduğumuz SSRİ ilə münasibətlər qurdu. Ancaq bu münasibətlər bir neçə obyektiv səbəbdən çox da inkişaf etmədi. SSRİ-nin sonlarına yaxın Pakistandakı sovet səfiri Əbdürrəhman Vəzirov idi. O da xaraktercə qeyri-milli, kosmopolit adam olduğundan, onun azərbaycanlı olmasını Pakistan ictimaiyyəti heç bilməyib də. Diplomatiyada tamamilə təsadüfi olan, milli düşüncədən məhrum belə birisi Azərbaycan haqqında hansısa fikir formalaşdıra bilməzdi.
SSRİ dağılandan sonra Azərbaycan 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini elan etdi. Bundan az sonra, yəni dekabrın 12-də Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Beləliklə, müstəqilliyimizi Türkiyədən sonra tanıyan ikinci ölkə oldu. Tezliklə diplomatik əlaqələr quruldu. 1993-cü ildə Pakistan Bakıda öz səfirliyini açdı. Azərbaycan səfirliyi isə dörd ildən sonra, 1997-ci ildə İslamabadda işə başladı və əlaqələrimiz sürətlə inkişaf etdi. Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, 1993-cü il aprelin 30-da BMT Təhlüksəzilik Şurasında qəbul edilmiş, erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 nömrəli qətnamə məhz Pakistanın Şuraya sədrliyi zamanı, Pakistan hökumətinin birbaşa təşəbbüsü və səyi ilə qəbul olunub. Bu, çox böyük bir addım idi. Pakistan bizə ilk böyük dəstəyini o zaman göstərmiş oldu. Münasibətlərin sonrakı inkişafında ulu öndər Heydər Əliyev çox mühüm rol oynadı. Belə ki, o, Pakistanın o vaxtkı prezidenti Əhməd Xan Leqarini Azərbaycana rəsmi səfərə dəvət elədi. Bu, çox maraqlı səfər olmuşdu. Ondan bir il sonra 1996-cı ilin aprelində Azərbaycan prezidenti Pakistana rəsmi səfər elədi. O zaman Prezident Heydər Əliyev Prezident Əhməd Xan Leqari və ölkənin Baş naziri Benəzir xanım Bhutto ilə çox mühüm görüşlər keçirtdi. Əməkdaşlığa dair çoxlu sənədlər imzalandı və bu cür güclü təməli qoyulmuş münasibətlər sonra da uğurla davam etdi.
Azərbaycan-Pakistan münasibətləri cənab Prezident İlham Əliyevin zamanında daha da yüksək səviyyə qazanıb. Qeyd edim ki, 2002-ci il aprelin 18-də ulu öndər Heydər Əliyev məni Pakistana səfir təyin edəndə o vaxtkı imkan və şəraitə görə səfirliyimiz şəhərin ucqar məhəlləsində, iki mərtəbəli yığcam binada yerləşdirdi. Bizim ilk işimiz səfirliyi şəhərin mərkəzinə köçürmək olmuşdu. İslamabadın mərkəzində bir sıra səfirliklərin və dövlət qurumlarının yerləşdiyi Atatürk Xiyabanında, çox uyğun bir binanı icarəyə götürdük və oraya köçdük. Xoş təsadüf idi ki, Pakistanın Bakıdakı səfirliyi də Atatürk prospektində yerləşirdi. 2005-ci ilin aprelində cənab Prezident İlham Əliyev Pakistana rəsmi səfər edən zaman səfirliyimizə də gəlmişdi.
Yeri gəlmişkən, deyim ki, müstəqillik illərində bizim Pakistanla sıx əlaqələrimizin qurulmasında qardaş Türkiyənin əhəmiyyətli rolu olub. 1956-cı ildə Türkiyə ilə Pakistan arasında bağlanmış dostluq və əməkdaşlıq müqaviləsi ilə uzun illər mövcud olan xalqlararası münasibətlər yeni müstəviyə qalxmışdı. Türkiyə ilə Pakistan arasında sıx əlaqələr ölkələrimiz arasında zamanla ortaq qardaşlığa çevrilmişdir.
2005-ci il oktyabrın 8-də Pakistanın şimalında dəhşətli zəlzələ oldu. Fəlakətdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan səfirliyinin təklifləri də nəzərə alınaraq, 20-si həkim olmaqla 40 nəfərlik xilasedici dəstəmiz xüsusi təyyarədə lazım olan bütün avadanlıqlarla birlikdə Pakistanda oldu və fəaliyyətə başladı. Azərbaycan Prezidentinin bununla bağlı digər mühüm tapşırığı isə zəlzələdən zərər çəkənlərin ilkin ehtiyaclarının ödənilməsi məqsədilə 1,5 milyon dollar vəsaitin dərhal müvafiq banka keçirilməsi barədə oldu və sonrakı illərdə də Pakistana müəyyən yardımlar davam etdirildi. Zəlzələ zonasında ilk məktəb də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilib istifadəyə verdi. Türkiyə dövləti daha çox vəsait ayırdı və məktəblər, xəstəxanalar tikdirdi. Amma ilk məktəbi bizim ölkə istifadəyə verdiyindən yardım edən ölkələr sırasında birinci yerdə Azərbaycan Respublikasının adını oxumaq çox xoş idi. Prezident İlham Əliyevin tapşırığı ilə 2007-2009-cu illərdə biz orda səfirlik kompleksi tikdirdik. Qeyd edim ki, Azərbaycanın dünyanın heç bir ölkəsində Pakistandakı kimi inzibati bina, iqamətgah, yaşayış binası və digər tikililərdən ibarət böyük səfirlik kompleksi yoxdur. Çünki cənab Prezident məsələni belə qoydu ki, bizim Pakistanla münasibətlərimiz və dostluğumuz əbədidir, buna görə də orada öz mülkiyyətimiz olan səfirliyimiz olmalıdır.
- İki dost ölkənin indiki münasibətləri haqda nə deyə bilərsiniz?
- Hazırda Pakistandakı səfirimiz təcrübəli diplomat Əli Əlizadədir. Eyni kurs davam edir, müvəffəqiyyətlə dövlətimizin siyasətini həyata keçirir. Bunun nəticəsidir ki, 27 sentyabrda Vətən müharibəmiz başlayanda bütün Pakistan xalqı siyasi-partiya mənsubiyyətindən asılı olmayaraq, bizə dəstək nümayiş etdirdi. Dövlət səviyyəsində bütün dövlət qurumları bizim yanımızda olduğunu nümayiş etdirdi. Pakistan Müdafiə Nazirliyi öz binasından Azərbaycanın böyük bayrağını asdı. Xatırladım ki, bundan əvvəl Pakistan Senatı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi Xocalı soyqırımını rəsmən tanımışdı. Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistan dövləti Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb və indi də belə əlaqələr yoxdur.
Müstəqillik illərində Pakistanda Azərbaycan xalqına qarşı hüsn-rəğbət daha çox artdı. İş elə gətirib ki, Pakistanda ötən illərdə prezidentlər, baş nazirlər bir-birinin tam əksi olublar və bir-birinə qarşı kəskin ziddiyyətlər şəraitində hakimiyyətə gəliblər, hakimiyyətdən gediblər. Amma onların hamısı Azərbaycanı dəstəkləyib və eyni dostluq və həmrəylik nümayiş etdiriblər. Bu münasibət qırılmaz bağ kimi bu gün də davam edir. Təsadüfi deyil ki, Pakistanın Baş Naziri hörmətli İmran Xan bu ilin oktyabrında Müstəqillik günümüzlə əlaqədar ünvanladığı təbrikində bildirmişdi: "Müstəqillik günüylə əlaqədar olaraq qardaş Azərbaycan xalqını və dövlətini təbrik edirəm. Torpaqlarını işğaldan azad etmək üçün şücaətlə vuruşan Azərbaycan Silahlı Qüvvələrini salamlayıram. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycana BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə dəstəyimizi bundan sonra da davam etdirəcəyik".
Bütün bunlar hamısı həm tarixdir, həm də bu günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyevin Pakistanla apardığı dostluq və əməkdaşlıq siyasəti bu gün özünün dəyərli bəhrələrini verir.
Bir maraqlı məqamı da qeyd edim ki, "Azərbaycan" sözü pakistanlılarda çox böyük hüsn-rəğbət doğurur, belə ki, ölkənin dövlət dili olan urducada "Bhay can" qardaşcan anlamındadır və ölkəmizin adı "Azər qardaş can" mənasını ifadə edir.

Şahanə MÜŞFİQ
"525-ci qəzet"